Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əsli;
“İmtahana buraxılış vərəqəsi".
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 9 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 538, BB qrupu üzrə 1674 olmaqla, ümumilikdə 2212 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 193 nəzarətçi müəllim, 20 buraxılış rejimi əməkdaşı ayrılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin