
Qısa arayış:
Elcan Məmmədov 1989-cu il avqustun 9-da Tərtər şəhərində Zöhrab və Sahilə Məmmədovların ailəsində anadan olub. 1996-2007-ci illərdə Sabunçu rayonunda N. Rzayev adına 169 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2010-cu illərdə isə Azərbaycan Texniki Universitetində "Maşınqayırma" üzrə ali təhsil alıb. Gülnarə Məmmədov ilə ailəli idi. Ayan adında bir qızı və Ramal adında bir oğlu yadigar qalıb.
Elcan Məmmədov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra o, 2018-ci ildə Silahlı Qüvvələrin TTM-də üçaylıq təlimlərdə olub və "leytenant" hərbi rütbəsi alıb. 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2020-ci ildən isə Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Elcan Məmmədov 2020-ci ilin 12-15 iyulunda Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində baş verən Tovuz döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun leytenantı olan Elcan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elcan Məmmədov sentyabrın 27-də Talış döyüşləri zamanı şəhid olub. Ramana qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Məmmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elcan Məmmədov ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Sahilə ana, Elcan necə bir oğul idi? Sizin xatirinizdə necə qalıb?
Elcan elə bir övlad idi ki, onun haqqında nə qədər danışsam da, yenə də az danışmış olaram. O, hər zaman insanların köməyinə qaçan, mərhəmətli, qayğıkeş və xeyirxah bir insan idi. Elə bilirəm ki, Allah onu ən uca zirvə olan şəhidlik məqamına ona görə qovuşdurdu ki, adı və xatirəsi insanların qəlbində əbədi yaşasın. Elcan 1989-cu ildə ailəmizə göz açdı. Ailəmizin ilk övladı idi. Uşaqlıqdan çox ağıllı, dərrakəli, tərbiyəli və sakit xasiyyətli olub. Ata-anasına qarşı son dərəcə hörmətcil idi. Heç vaxt sözümüzdən çıxmaz, hər davranışında böyüklərə ehtiram göstərərdi. Oturuşu, duruşu, danışığı ilə hər kəsə nümunə olan bir oğul idi. 169 nömrəli tam orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Azərbaycan Texniki Universitetinə qəbul olundu. Təhsilini başa vurandan sonra, cəmi 21 yaşında ailə qurdu. Bəlkə də kənardan baxanlar üçün bu yaş evlənmək baxımından erkən görünə bilərdi. Amma Elcan həmin yaşda belə ailə məsuliyyətini çiyinlərinə götürməyi bacaran, ailəsinə sahib çıxan bir insan idi.
Bir gün mənə dedi: "Ana, mən hərbi sahədə xidmət etmək istəyirəm". Açığını desəm, nə mən, nə də atası bu qərara ürəkdən razı deyildik. İstəyirdik ki, başqa peşə seçsin. Hətta ən böyük arzumuz onu polis formasında görmək idi. Amma Elcan qərarını artıq vermişdi. Böyük qətiyyətlə bu yolu seçdiyini dedi və fikrindən dönmədi. Üç aylıq kursu uğurla başa vurduqdan sonra leytenant rütbəsi aldı. Elcan elə bir insan idi ki, ürəyindəki arzularını, planlarını çox vaxt heç kimlə bölüşməzdi. Duyğularını öz daxilində yaşayardı. Mən bu gün də əminliklə deyə bilərəm ki, biz nə qədər etiraz etsəydik də, o yenə də hərbçi olacaqdı. Çünki bu, onun uşaqlıqdan arzuladığı yol idi. Həmin günlərdən biri heç vaxt yadımdan çıxmır. Hərbi formasını geyinib otaqdan çıxdı və məni yanına çağırdı. Gülümsəyərək dedi: "Ana, bilirəm, sənin ən böyük arzun məni polis formasında görmək idi. Amma mən bu yolu seçdiyim üçün qürur duyuram. İstədim məni bu geyimdə görəsən". Sonra əlavə etdi: "Mən polis ola bilmədim. Amma oğlum böyüyəndə inşallah polis olacaq". O an hiss etdim ki, Elcan seçdiyi yolu bütün qəlbi ilə sevirdi. Bu peşə onun üçün sadəcə xidmət yeri deyildi. Bu, Vətən qarşısında müqəddəs bir borc idi. Bu gün geriyə baxanda anlayıram ki, Elcanın hər addımı, hər sözü sanki onu taleyində yazılmış müqəddəs zirvəyə — şəhidlik məqamına aparırmış. Biz isə bunu o zaman hiss edə bilməmişdik.
Sahilə ana, Elcanın müharibədən əvvəlki son günləri necə keçdi? O günlərdən yadınızda qalan nələr var?
2020-ci il sentyabrın 25-də Elcan evə gəldi. İki gün bizimlə qaldı. O vaxt niyə gəldiyini bizə demədi. Sadəcə dedi ki, "Sizi görməyə gəlmişəm. Mənə üç günlük məzuniyyət veriblər". Sonralar Elcanın bacımuşaqlarına dediklərini eşitdim. Onlara tapşırıbmış ki, "27-si müharibə başlayacaq, amma anam bunu bilməsin. Mən ona görə gəldim ki, sizinlə də görüşüm" Deməli, o, hara getdiyini bilirmiş... Biz isə heç nədən xəbərsiz idik. Evdən çıxarkən bir anlıq bizə baxdı və dedi: Əvvəllər qardaşımın olmasını istəmirdim. Amma indi istəyərdim ki, bir qardaşım olaydı..."O zaman bu sözlərin mənasını başa düşməmişdik. Sonralar düşündüm ki, Elcan ürəyində hiss edirmiş müharibəyə gedir. Bilirmiş ki, bu yolun dönüşü də olmaya bilər. Ona görə də o sözləri demişdi.
Sahilə ana, Elcan şəhidlik haqqında sizinlə heç danışırdımı?
-Bəli... İndi geriyə baxanda elə bilirəm ki, bəzi sözləri ilə bizi bu ağır günə hazırlayırmış. Hərbi kursu bitirib məzuniyyətə gələndə atası onun şəklini böyüdüb çərçivəyə saldırmışdı. Elcan şəkli görəndə gülümsədi və dedi: "Ana, bu şəkli kim böyütdürüb? Elə bil şəhid şəklidir..." O zaman bu sözün üzərində dayanmadıq. Kim bilərdi ki, illər sonra həmin şəkil doğrudan da şəhid şəkli olacaq... Sentyabrın 27-si səhər ona səsli mesaj göndərdim. Dedim: "Ana qurban, səni narahat etmək istəmirik. Vaxtın olanda bircə səs at, bilək ki, yaxşısan". Çox keçmədi, mənə cavab verdi: "Baş üstə, ana. Hər dəqiqə sənə səs atacağam". Bu gün də həmin səs telefonumdadır. Silməyə ürəyim gəlmir. O, ana ilə oğul arasında son danışığımız idi. Həmin gün günorta saat üç radələrində qəfil ürəyim çox sıxıldı. Elcanın atası evdə deyildi. Ona zəng edib dedim: "Haradasansa, tez gəl evə..." Nə evdə özümə yer tapa bilirdim, nə də çöldə. Ürəyim əsirdi, qəlbim titrəyirdi. Elə bil divarlar üstümə gəlirdi. Müharibə başlamışdı. Amma mən bu sözü heç dilimə də gətirmək istəmirdim. Çünki oğlum cəbhədə idi. Özümü inandırırdım ki, hər şey yaxşı olacaq. Sentyabrın 26-da artıq xidmət yerinə çatmışdı. Bizə deyirdi: "Mən dövlətin əsgəriyəm. Nə vaxt Vətən məni çağırsa, hazır olmalıyam". Elcanın müharibəyə getmək həvəsini sözlə ifadə etmək mümkün deyil. Elə sevinclə yola düşürdü ki, sanki toy məclisinə gedirdi. Tələsirdi ki, bir an əvvəl döyüş yoldaşlarının yanında olsun. Həmin gün atasını gözləyirdi ki, gəlsin, onunla sağollaşıb yola düşsün.
Naftalanda həyat yoldaşı və övladları ilə də görüşdü. Evdən çıxarkən yoldaşına yalnız bir cümlə deyib: "Hər şey bitdi..." İndi o sözləri xatırlayanda insanın ürəyi parçalanır. Sanki Elcan artıq taleyini hiss etmişdi. Mən bəzən telefonumun statusunda onunla olan şəkillərimizi paylaşırdım. Hər dəfə zəng edib deyirdi: "Ana, nə gözəl şəkil seçmisən". Sonra da həmişə əlavə edirdi: "Qoy işləyim, səni heç vaxt yaşlanmağa qoymayacağam. Sənin üçün hər şey edəcəyəm". Uşaqlıqdan bir arzum vardı. Deyirdim, kaş Elcan böyüsün, mən də onun qoluna girib gəzim. Universitetə qəbul olunandan bir gün sonra birlikdə evə qayıdırdıq. Birdən qolunu mənə uzadıb dedi: "Ana, gəl qoluma gir". Sonra gülümsəyərək əlavə etdi: "Yadındadır, deyirdin ki, oğlum böyüsün, qoluna girib gəzəcəyəm? Bax, arzunu həyata keçirirəm". Doğrusu, həmin arzumu artıq unutmuşdum. Amma Elcan unutmamışdı. O, hisslərini çox vaxt dilə gətirməzdi. Daxilində yaşayardı. Amma valideynlərinə hörmətini bir an belə əsirgəməzdi. Biz onu cəmi 21 yaşında evləndirdik. Artıq onun sirdaşı həyat yoldaşı idi. Daxilində saxladığı duyğularını, arzularını daha çox onunla bölüşürdü. Bununla belə, həyatının ən vacib qərarlarında yenə də gəlib bizim məsləhətimizi alardı. Elcan bizim üçün təkcə övlad deyildi. O, ailəmizin dayağı, qüruru və ürəyi idi.
Sahilə ana, Elcanla bağlı heç vaxt unutmadığınız bir xatirəniz varmı?
Elcan uşaqlıqda bir az gec dil açmışdı, yeriməyə də yaşıdlarından gec başlamışdı. Bir ana üçün övladının ilk dəfə "ana" deməsini gözləmək necə böyük həsrətdirsə, mən də o həsrəti yaşamışam. Hətta iki yaş yarımına qədər elə düşünürdük ki, bəlkə də Elcan yeriməyəcək. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Bakıxanov qəsəbəsində yaşayırdıq. Qəsəbənin hündür yerində olduğumuz üçün şəhər sanki ovuc içi kimi görünürdü. Hər tərəfdə qorxu, həyəcan hökm sürürdü. İnsanlar baş verənlərdən təşviş içində idi. Həmin gün diz çöküb əllərimi Allaha açdım və ürəkdən dua etdim: "Allahım, təki Elcan mənə bir dəfə "ana" desin. Ondan sonra bizə nə olur-olsun..." Bir neçə gün sonra həyətdə paltar sərirdim. Birdən gördüm ki, Elcan üç addım atdı, mənə baxıb "ana" dedi və oturdu. Həyatımda o gündən daha xoşbəxt olduğum ikinci bir gün xatırlamıram. İllər keçdi. Məktəbdə müəllimləri mənə deyirdilər: "Biz Elcanı heç vaxt hirslənən görmədik. Həmişə üzündə təbəssüm olurdu". Doğrudan da, onun qəlbi çox saf idi. Bəzən özüm də ona deyirdim: "Elcan, bala, sənin ürəyin o qədər təmizdir ki, sən heç kimə qarşı kin saxlaya bilmirsən".
Sahilə ana, Elcanın ən sevdiyi yemək hansı idi?
Ən çox sevdiyi yemək xəngəl idi. Şirniyyatlardan isə paxlavanı çox sevirdi. Sentyabrın 26-sı səhər tezdən onun üçün böyük bir qab xəngəl bişirdim. Mənə baxıb gülümsədi: "Ana, bu qədər yeməyi necə yeyəcəyəm?" Dedim: "Nə qədər yeyə bilirsən ye, qalanını axşam yeyərsən". Amma bilmirdim ki, o axşam artıq olmayacaq... Xəngəli yeyəndən sonra günorta saat üç-dörd radələrində evdən çıxdı və cəbhəyə yollandı. Bu, onun evimizdə yediyi son yemək oldu.
Yuxularınıza gəlirmi?
Əvvəllər Elcanı tez-tez yuxuda görürdüm. Son vaxtlar isə daha az görürəm. Bir dəfə yuxuda gördüm ki, onun xidmət etdiyi hərbi hissənin qarşısındayam. Elcan hərbi geyimdə dayanıb kiməsə məruzə verirdi. Sonra gəlib yanımda oturdu. Dedim: "Ana qurban, mən gedim. Birdən səni danlayarlar". Gülümsəyərək cavab verdi: "Ana, narahat olma. Burada məni heç kim danlamır. Günüm çox xoş keçir". Bir az söhbət etdik. Sonra gördüm ki, gözləri doldu. Dedim: "Axı deyirdin ki, günün xoş keçir. Bəs niyə ağlayırsan?" Mənə elə bir cavab verdi ki, o sözlər bu gün də qulağımdan getmir. Dedi: "Ana, mən ağlamıram. Sən ağlayanda mən də ağlayıram..." Başqa bir yuxumda isə gəlib boynumu qucaqladı. Dedi: "Ana, bax gör mən haradayam". Gördüm ki, gözəl bir məkandadır. Bir qədər aralıda isə şəhid generalımız Polad Həşimov oturub. Elcan dedi: "Bax ana, Polad Həşimov da yanımızdadır". Polad Həşimov onun komandirlərindən biri olmuşdu. General şəhid olanda Elcan çox ağır sarsıntı keçirmişdi. Deyirdi: "Polad Həşimovsuz çox çətindir. O, həm gözəl komandir, həm də çox böyük insan idi". Elcan sentyabrın 26-da cəbhəyə yola düşərkən hərbi geyimdə çəkilmiş şəklini sosial şəbəkədə paylaşmışdı. Şəklin altında belə yazmışdı: "Əzizlərim, mən gedirəm. Əgər qayıtmasam, məni bağışlayın..." Bu sözləri oxuyan kimi dərhal ona zəng etdim. Dedim: "Ana qurban, niyə belə sözlər yazmısan?" Gülərək cavab verdi: "Ana, bağışla. Səni fikirləşmədim". O zaman bunun sadəcə bir paylaşım olduğunu düşündüm. İndi isə hər dəfə həmin sözləri oxuyanda anlayıram ki, Elcan sanki qəlbində hiss etdiklərini yazıbmış. Onun dostları isə Elcan haqqında çox gözəl bir söz deyirlər. Deyirlər ki, biz Elcanın adını "Sülh göyərçini" qoymuşduq. Çünki dostlar arasında kiçik bir inciklik, küskünlük yaranan kimi Elcan hamını bir araya gətirər, elə gözəl söhbət edərdi ki, heç kim küsülü qala bilməzdi. Elcan uşaqlıqdan nümunəvi övlad, ailə qurduqdan sonra nümunəvi həyat yoldaşı, övlad sahibi olduqdan sonra isə nümunəvi ata idi. O, harada olurdusa, ətrafına sevgi, mərhəmət və sülh aparırdı. Elə buna görə də bu gün onu tanıyan hər kəs Elcan Məmmədovu xoş xatirələrlə, sonsuz ehtiram və sevgi ilə yad edir.
Zöhrab ata, Elcan sizin üçün necə bir övlad idi?
Mən Birinci Qarabağ müharibəsi veteranıyam. 1992-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Daha sonra Tərtər rayonunun Talış kəndi istiqamətində Ağdərə əməliyyatlarında döyüşmüşəm. O illərin çətinliklərini yaşamış, müharibənin nə demək olduğunu öz gözlərimlə görmüşəm. Elcan mənim üçün təkcə oğul deyildi. O, həm də ən yaxın dostum idi. Tez-tez Birinci Qarabağ müharibəsi haqqında məndən soruşardı. Döyüşlər necə keçib, hansı çətinliklərlə üzləşmişik, o dövrün şəraiti necə olub – bunların hamısını maraqla dinləyərdi.Mən də ona danışardım ki, bizim dövrümüz indiki kimi deyildi. Nə kifayət qədər silahımız vardı, nə də bugünkü imkanlarımız. Amma Vətən sevgisi bizi ayaqda saxlayırdı. Sentyabrın 26-da onu maşınla Lökbatana qədər apardım. Oradan sonra dedi: "Ata, sən qayıt. Mən taksi ilə gedəcəyəm". Evdən Lökbatana qədər yol boyu da mənə yalnız müharibədən sual verdi. Sonra böyük inamla dedi: "Ata, bu dəfə torpaqlarımızı mütləq azad edəcəyik. Ordumuz çox güclüdür. Dövlətimiz hər cür şərait yaradıb. Əmin ol ki, biz qələbə qazanacağıq". Mən artıq bilirdim ki, sentyabrın 27-də müharibə başlayacaq. Amma Elcan mənə and içdirdi ki, onunla birlikdə getməyim. Mənə yalnız bir vəsiyyəti oldu: "Ata, uşaqlarımı Naftalandan Bakıya gətirin". Müharibə başlayan gün həyat yoldaşına yazmışdı: "Oğluma deyərsiniz ki, atası ilə fəxr etsin". Bu sözlər Elcanın Vətən sevgisinin, ata məsuliyyətinin və böyük ürəyinin ən gözəl ifadəsi idi. Ata-bala ilə bağlı heç vaxt unutmadığınız bir xatirə varmı? Çox xatirələrimiz var. Elcan həmişə deyirdi: "Ata, siz mənim üçün çox zəhmət çəkmisiniz. İndi mən işləyəcəyəm, siz isə rahat yaşayacaqsınız". Onun çox arzuları vardı. Həmişə bizim daha rahat yaşamağımızı düşünürdü. Biz onun tərbiyəsi, davranışı, böyüklərə hörməti və insanlığı ilə fəxr edirdik.Küçədə kiminsə əlində ağır yük görəndə dərhal yaxınlaşıb kömək edərdi. Heç vaxt heç kəsi köməksiz qoymazdı. Əliaçıq, ürəyiaçıq, mərhəmətli bir insan idi. Kiminsə nəyəsə ehtiyacı olduğunu hiss edən kimi imkan daxilində yardım etməyə çalışardı. Elcanın ən gözəl xüsusiyyətlərindən biri də insanlara diqqət göstərməsi idi. Elə buna görə də onu tanıyan hər kəs sevirdi. Sentyabrın 26-da, cəbhəyə yola düşməzdən əvvəl küçədə rastlaşdığı hər kəslə ayrı-ayrılıqda görüşüb. Uşaqları qucaqlayıb öpüb, böyüklərlə halallaşıb.İndi geriyə baxanda anlayırıq ki, sanki hər kəslə vidalaşırmış...
Sahilə ana danışır:
Elcanın dostları deyirlər ki, biz onun adını "Sülh göyərçini" qoymuşduq. Dostlar arasında kiçik bir inciklik yarananda Elcan hamını bir araya gətirər, elə gözəl söhbət edərdi ki, hamı barışardı. O, uşaqlığından nümunəvi övlad idi. Sonra nümunəvi həyat yoldaşı, qayğıkeş ata oldu. Həyatının hər mərhələsində insanlara sevgi və hörmət bəxş etdi. Zöhrab ata danışır: Atası olsam da, çətinliyə düşəndə ilk ağlıma gələn adam Elcan olurdu. Birinci Qarabağ müharibəsindən sonra məndə ürək problemi yaranmışdı. Özümü pis hiss edən kimi ona zəng edirdim. Bir zəngim bəs edirdi. Harada olurdusa, hər şeyi buraxıb yanıma gəlirdi. O gələndə elə bil yenidən canlanırdım. Bir ata üçün övladını itirməkdən ağır dərd yoxdur. Amma bütün ağrılarımla yanaşı, bir həqiqətlə də qürur duyuram. Oğlum 30 ildən sonra torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhidlik zirvəsinə ucaldı. Elcan Məmmədov Sabunçu rayonunun ilk şəhidi oldu. Şəhid xəbəri gələndə son ana qədər inanmaq istəmirdim. Düşünürdüm ki, bəlkə yanlış xəbərdir. Bəlkə bir ümid var... Hətta həyat yoldaşıma da həqiqəti deyə bilmədim. Dedim: "Elcan ağır yaralanıb. Qanaxması var."
Sahilə ana danışır:
Mənə yaralı olduğunu deyəndə belə ağlamadım.Öz-özümə deyirdim ki, birdən ağlasam, Allahın xoşuna gəlməz. Özümü inandırırdım ki, oğlum sağdır.Amma evə çatanda artıq Elcanın şəhid olduğunu öyrəndim. O gündən bəri bir sual məni heç vaxt tərk etmir. Hərdən fikirləşirəm... "Görəsən, Elcan son nəfəsində nə deyib?" Bu sualın cavabını heç vaxt bilməyəcəyəm. Döyüş yoldaşları danışırdılar ki, ilk döyüşdə ayağından qəlpə yarası almışdı. Əsgərlər ona: "Komandir, siz yaralısınız, geri qayıdın" deyəndə Elcan qətiyyətlə cavab verib: "Biz geri çəkilsək, irəli kim gedəcək?" Yaralı olmasına baxmayaraq mövqeyini tərk etməyib, əsgərlərini qorumağa davam edib. Bir müddət sonra isə düşmənin snayper gülləsinə tuş gələrək şəhid oldu. Bu, onun Vətənə verdiyi son xidmət, son qəhrəmanlıq olub.
Elcan Məmmədovun xatirəsinin yaşadılması üçün hansı işlər görülüb?
Bu gün yaşadığımız küçə onun adını daşıyır – Elcan Məmmədov küçəsi. Evin yaxınlığında onun xatirəsinə bulaq inşa etdirmişik. Hər gün insanlar oradan su içir, ruhuna dualar oxuyurlar. Övladları da atalarının qəhrəmanlığı ilə böyük fəxr hissi keçirirlər. Elcan oğlunun gələcəkdə polis olmasını arzulayırdı. Balaca oğlu tez-tez bizdən soruşur: "Polislər də şəhid ola bilirlər?" Sonra əlavə edir: "Şəhid olmaq üçün nə etmək lazımdır?" Atasına olan həsrəti isə hər sözündən hiss olunur. Bir dəfə mənə dedi: "Nənə, kaş atam qapıdan içəri girəydi. Mən qaçıb əlindəki çantasını alardım, sonra boynuna sarılardım". İki ilə yaxın bir arzusu vardı: "Mən nə etsəm, məni atamın yanında dəfn edərlər?" Bu sözləri eşitmək çox ağır idi. Çünki onun balaca qəlbində yalnız bir həsrət yaşayırdı – atasına qovuşmaq. Elcan Məmmədov bu gün fiziki olaraq aramızda olmasa da, adı, qəhrəmanlığı, insanlığı və valideynlərinin qəlbində qoyduğu silinməz izlə daim yaşayacaq. Belə oğullar millətin qüruru, Vətənin əbədi qəhrəmanlarıdır. Onların xatirəsi isə zaman keçdikcə daha da ucalır, xalqın yaddaşında əbədi yaşayır.
Fəridə Ağazadə
Jurnalist













Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








