Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin! Qısa arayış: Əli Ələkbərov 12 oktyabr 1985-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. Sonra Xırdalan şəhərinə köçmüş və orada yaşamışdır. Bakı şəhər 157 nömrəli tam orta məktəbdə orta təhsilini, Azərbaycan Dövlət İqtisad Universitetində isə ali təhsilini almışdır. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Əli Ələkbərov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Suqovuşanın və Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Ələkbərov 17 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Bir ay sonra tapılan nəşi üzərində uzun müddət DNT analizi aparıldığından 21 noyabr 2020-ci ildə təhvil verilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Ələkbərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Ələkbərov ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Ələkbərov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Əli Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Rəna ana, Əli uşaqlıqda necə övlad olub? Onun haqqında bir ana olaraq danışmağınızı istərdim. — Əli mənim ilk övladım olub. 1985-ci il oktyabrın 12-də dünyaya gəlib. Biz əslən Tovuz rayonundanıq. Bilirsiniz ki, Tovuz düşmənlə sərhəd bölgəsidir. Həmin illərdə düşmən hər zaman oranı atəşə tutardı. Biz hər yay tətilində rayona gedərdik. Elə günlər olurdu ki, ermənilər tez-tez atəş açırdılar. Biz də məcbur olub gizlənirdik.Əli bütün bunları uşaqlıqdan görürdü. Gözünün qarşısında baş verənlər onun yaddaşında dərin iz buraxırdı. O, elə uşaqlıqdan düşməndən qisas almaq hissi ilə böyüyürdü. Hər zaman deyirdi ki, “Mən ermənilərdən öz qisasımızı alacağam”. Uşaqlığından Vətənpərvər idi, düşmənə nifrətlə böyümüşdü. Onun ürəyində Vətən sevgisi çox erkən yaşlardan kök salmışdı. 1992-ci ildə birinci sinfə getdi. 2003-cü ildə Binəqədi rayonundakı 157 saylı məktəbi bitirdi. Elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinə daxil oldu. 2007-ci ildə universiteti bitirdi və həqiqi hərbi xidmətə getdi. 2013-cü ildə ailə qurdu. Bir oğlu, bir qızı dünyaya gəldi. Oğlunun adı Əkbər, qızının adı isə Nazlıdır. Əli həm yaxşı övlad, həm də ailəsinə, övladlarına bağlı ata idi. Amma Vətən sevgisi bütün bunlardan daha böyük idi. Sanki onun qəlbində uşaqlıqdan bir hiss vardı: “Günün birində Vətən üçün lazım olsam, mən də orada olacağam”. Rəna ana, Əli sizinlə arzularını, dərdlərini bölüşürdümü? Ana-oğul münasibətiniz necə idi? — Mən ailəmizin tək övladı olduğum üçün Əli mənə həmişə “bacı” deyirdi. Yəni deyirdi ki, “Mən sənin həm dostunam, həm oğlunam, həm də sirdaşınam”. Biz uzun müddət Binəqədidə yaşamışıq. Orada Əlini tanıyan hər kəs bu gün də onun haqqında böyük hörmət və sevgiylə danışır. Hamı onun yardımsevərliyindən, mərhəmətli ürəyindən, gözəl xarakterindən ürək dolusu danışır. Əli bacardı, bacarmadı, fərqi yox idi, hər kəsin köməyinə qaçardı. Kimin bir problemi olardısa, çalışardı yanında olsun. O, insanlara kömək etməkdən zövq alırdı. Heç vaxt “mənim işim deyil” deməzdi. Əlindən gələn nə vardısa edərdi. Məktəbdə də belə idi. Hər zaman əhval-ruhiyyəsi yüksək, şirindil, mehriban övlad olub. Sözün həqiqi mənasında ünsiyyətcil, istiqanlı, insanlarla tez dil tapan bir oğul idi. Sinif yoldaşları, iş yoldaşları arasında, el-obada böyük hörmət qazanmışdı. Siz təsəvvür edin, biz 2018-ci ildə Xırdalana köçdük. Əli cəmi iki il burada yaşadı. Cəmi iki il... Amma bu iki ildə elə böyük hörmət qazanmışdı ki, hamı onun haqqında ən yüksək səviyyədə danışırdı. Şəhid nəşi gələndə həyətimiz insanla dolmuşdu. İynə atsan yerə düşməzdi. Həmin insanlar Əlinin hörmətinə gəlmişdilər. O gün burada sanki insan seli vardı. Hər kəs ağlayırdı, hər kəs Əlidən danışırdı. Bəziləri onunla uşaqlıqdan, bəziləri qonşuluqdan, bəziləri işdən tanış idi. Amma hamısının Əli haqqında söylədiyi bir söz vardı: “Çox yaxşı, çox mərd, cəsur, qorxmaz insan idi”. Əli doğrudan da çox mehriban, istiqanlı bir oğul idi. Onun yoxluğu ilə həyatımızdan bir insan yox, sanki bir istilik, bir səs, bir nəfəs əskildi. Rəna ana, Əlinin hansı xüsusiyyəti sizin üçün xüsusilə unudulmazdır? — Əlinin heç bir anı yadımdan çıxmır. Ana üçün övladının hansısa bir xatirəsini seçmək mümkün deyil. Onun hər sözü, hər hərəkəti, gülüşü, baxışı mənim üçün əzizdir. Qardaşı ilə bəzən nərd oynayırdılar. Qardaşı onu udanda çox hirslənirdi. Həmişə mənə deyirdi: “Ana, bu qaqaşa de, udmasın da...” (gülür) Heç vaxt uduzmağı sevməzdi və qəbul etməzdi. Həmişə deyirdi ki, “Düşmən kimidir ki? Biz qalib gələcəyik. Biz qisasımızı ermənilərdən alacağıq”. Onun bu sözləri indi mənim qulaqlarımda səslənir. Əli həmişə qələbə hissi ilə yaşayırdı. Düşməndən qisas almaq, Vətənin torpaqlarının azad olunmasını görmək onun böyük arzularından idi. O zaman bu sözləri deyəndə mən bir ana kimi düşünürdüm ki, uşaq vaxtından belə danışır, Vətən sevgisi güclüdür. Amma indi geriyə baxanda anlayıram ki, onun ürəyində illər öncədən başqa bir yol yazılıbmış. Bəlkə də Allah onun ürəyinə şəhidlik sevgisini uşaqlıqdan qoymuşdu. Rəna ana, Əlinin döyüşə getdiyi günü necə xatırlayırsınız? — Əli özü könüllü yazılıbmış. Bundan bizim xəbərimiz yox idi. Oktyabrın 5-də səhər saatlarında bizim binadan Əligilin qaldığı binaya baxırdım. Birdən gördüm ki, Əli səhər-səhər çörək aldı, qaça-qaça evə verdi və çıxdı. Dərhal Əliyə zəng etdim: Oğlum, hardasan?”Dedi: “Ana, tələsirəm. Yatıb qalmışam. İşə gedirəm”. Mən də inandım. Öz-özümə düşündüm ki, yəqin doğrudan da yatıb qalıb, ona görə qaça-qaça işə gedir. Sən demə, taksi çağırıb, tez maşına əyləşib və birbaşa çağırış yerinə gedibmiş. O gün elə bir yağış yağırdı ki... Sanki göylər də döyüşə gedən oğullara ağlayırdı. İndi o günü xatırlayanda düşünürəm ki, bəlkə də Allah mənə həmin an Əlini sonuncu dəfə görməyi nəsib etmişdi. Amma mən bunun son görüş olduğunu bilmirdim. Bir ana üçün ən ağır olan da budur. Övladını yola salırsan, amma bilmirsən ki, onu sonuncu dəfə görürsən. Mən onun “işə gedirəm” sözünə inanmışdım. Sən demə, o, Vətənin çağırışına gedirmiş... Döyüşə getməzdən əvvəl Əlinin şəhidliklə bağlı hər hansı fikirləri, sözləri olurdu? — Həyətimizdə ehsan verilən zaman Əli də aşağıda kömək edirmiş. Həmin vaxt orada olan bir din xadiminə yaxınlaşıb Kərbəla şəhidlərinin şəhid olmasından danışmasını istəyib. Bir gün həmin din xadimi olan qonşumuz bizi Əlinin məzarı başında görərək dedi: “Xala, Əli sanki özünü şəhidliyə hazırlayırdı”. Sonradan onun danışdıqlarını eşidəndə mən də çox düşündüm. Aşura günü Əli evdən bir çox şeylər götürərək ehsan üçün gətirib. Eyni zamanda həyətdəki oturacaqlarda həmin qonşudan yalnız Kərbəla şəhidlərindən danışmasını istəyib. Hətta deyib ki, İmam Əlidən, İmam Hüseyndən və şəhidliyin məqamından danış. İndi bunları eşidəndə ürəyim parçalanır. Çünki Əli sanki öz yolunu hiss edirmiş. Bəlkə də şəhidliyə gedən yolunu ürəyində çoxdan seçmişdi. Bəlkə də bizi hazırlamaq istəyirmiş, amma biz anlamamışıq. Hətta Əlinin adını yuxuda anama söyləmişdilər. Biz də onun adını Əli qoymuşduq. Əli doğrudan da adına layiq oğlan idi. İndi düşünürəm ki, “Əli” adı onun taleyinə də yazılmışdı. O, həyatını yaşadı, ailə qurdu, övlad sahibi oldu, insanlara yaxşılıq etdi, Vətənini sevdi və sonda öz canını Vətən yolunda fəda etdi. Mənim üçün Əli yalnız mənim oğlum deyil. O, həm də Vətən üçün canından keçən bir şəhid, övladları üçün əbədi qəhrəman, bizim üçün isə heç vaxt unudulmayacaq bir addır. Ana ürəyi övladının yoxluğuna heç vaxt alışmır. Zaman keçir, illər keçir, amma ana üçün övladının qapıdan içəri girəcəyi ümidi heç vaxt tam bitmir. Mən də hər dəfə Əlidən danışanda onu yenidən yaşadıram. Onun səsini, gülüşünü, mənə “ana” deyə müraciət etməsini xatırlayıram. Əli getdi... Amma onun adı, xatirəsi, Vətən sevgisi və şəhidliyi bizimlə qaldı. Rəna ana, Əlinin hansı arzuları vardı? Sizinlə bölüşürdümü? -Arzuları çox idi. Çünki övladları hələ balaca idi və onlarla bağlı çox böyük arzular qururdu. Oğlu 6 yaşında idi. Deyirdi ki, oğluma kiçik bir sünnət toyu etmək istəyirəm. Əlinin çox gözəl əl qabiliyyəti vardı. Nə edirdisə, daim ürəklə, həvəslə, sevgi ilə edirdi. Qohum-qonşuya qarşı həmişə fədakarcasına davranır, əlindən gələn köməyi əsirgəmirdi. Heç kim ona ağız açıb kömək istəyəndə, həmin insanı naümid qaytarmırdı. Onun ürəyində insanlara qarşı böyük bir mərhəmət və yardım etmək istəyi vardı. Rəna ana, Əlinin sevdiyi yeməklər hansılar idi? -Ən çox kababımızı, yarpaq dolmasını çox sevərdi. Bir dəfə bacısının evində Əli yarpaq dolmasını elə həvəslə, elə sevgi ilə yedi ki... Ondan sonra qızım Əli şəhid olandan bircə dənə də yarpaq dolması yeməyib. Əli Azərbaycanın milli yeməklərini – dolmanı, aşını, kababını çox sevərdi. Ümumiyyətlə, rəngarəngliyi xoşlayardı. Həyatı çox sevirdi. İçində çox böyük bir həyat eşqi vardı. Hər şeydən zövq almağı, həyatı gözəllikləri ilə yaşamağı bacarırdı. Rəna ana, Əlinin Vətənə olan sonsuz sevgisinin kökü haradan gəlirdi? -Əlinin atası Ələkbər Ələkbərov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. 1992-ci ildə Xocalı faciəsi zamanı Əli hələ 6 yaşında idi. Həmin vaxt yoldaşım Qarabağa müharibəyə getdi. Hətta yoldaşımın ailəsi də ona deyirdi ki, üç uşağını qoyub hara gedirsən? İnanın ki, el yığıldı, amma Əlinin atasını müharibəyə getməkdən saxlaya bilmədi. Birinci Qarabağ müharibəsində Füzuli istiqamətində döyüşüb və orada mühasirəyə düşüb. Eyni zamanda, orada zədə də almışdı. Elə həmin yaraların, o illərin ağrısının da təsiri oldu. Yoldaşım 57 yaşında dünyasını dəyişdi. Əli də atası kimi cəsur, qorxmaz idi. Çox vaxt atasına Birinci Qarabağ müharibəsi ilə bağlı suallar verirdi. Atasının yaşadıqlarını dinləyir, müharibə haqqında danışdıqlarını diqqətlə öyrənirdi. Eyni zamanda, biz Tovuzdan idik. Orada düşmənin güllələrinin səsini, izlərini görürdü. Bütün bunlar onun içində bir qisas hissi yaradırdı. Ata-bala evdə həmişə “Yastığınız Vətən daşı, yorğanınız qar olsun” şeirini deyirdilər. Əli gözümün qarşısında əsl Vətənpərvər kimi böyüyürdü. O zaman bunları hiss edirdim. Amma Əlini mən şəhid olandan sonra bir daha kəşf etdim. Sən demə, onun ürəyində inanılmaz dərəcədə böyük bir Vətən sevgisi, Vətən eşqi yaşayırmış. Bir gün onun döyüş yoldaşlarından biri gəldi. Başını dizimin üstünə qoyaraq elə hönkürtü ilə ağladı ki... Həmin vaxt ondan soruşdum: “Bəs Əlini niyə gətirməmisən?” O gün həmin döyüş yoldaşı Əlinin qəbrini qucaqladı və o qədər ağladı ki... Baxanda insanın ürəyi parçalanırdı. Çünki Əli onlar üçün sadəcə bir döyüş yoldaşı deyildi. O, onların komandiri, dayağı, çətin anda önündə gedən insan idi. Əli manqa komandiri olub. Hətta oradakı döyüş yoldaşları ona deyiblər ki, “Sənin evdə körpələrin var, sən irəli gəlmə”. Amma Əli deyib ki, “Bölüyüm hardadırsa, mən də oradayam”. O, özü də boy-buxunlu, hündür bir oğlan idi. Həmişə öndə olardı. Döyüş zamanı da özünü geri çəkmədi. Vətən qarşısında borcunu yerinə yetirmək üçün son nəfəsinə qədər döyüşdü. Əli minamyot qəlpəsinə tuş gəldi... Bir ana üçün oğlunun ölümünü sözlə ifadə etmək çox çətindir. Amma mən Əlinin həyatına baxanda görürəm ki, o, uşaqlıqdan necə böyümüşdüsə, elə də yaşadı: atasından Vətən sevgisini aldı, onu öz ürəyində böyütdü və ən ağır anda həmin sevgini öz canından üstün tutdu. Əli mənim gözümün qarşısında Vətənpərvər kimi böyüdü, amma şəhid olduqdan sonra onun içindəki Vətən sevgisinin nə qədər böyük olduğunu daha dərindən anladım. Mən oğlumu şəhid olandan sonra bir daha tanıdım... Rəna ana, hər zaman analar övladlarının başına gələcək çətinlikləri, onların yaşadığı ağrıları sanki əvvəlcədən hiss edirlər. Bəs Əli şəhid olmazdan öncə sizin də belə bir hissiniz vardımı? Sizi inandırım ki, heç vaxt ürəyimə şəhidliklə bağlı belə fikirlər gətirmirdim. Heç ağlımın ucundan belə keçməzdi ki, Əliyə nəsə olar. Çünki atası da Birinci Qarabağ müharibəsindən salamat qayıtmışdı. Bəlkə də mən müharibənin dəhşətlərini tam dərk etmirdim. Əli şəhid olanda uzun müddət neytralda qalıb. Amma mən yuxuda görmüşdüm ki, yoldaşım geyinib harasa gedir. Mən də onun arxasınca getmək istəyirəm, amma məni itələyib deyir ki, “Sən gəlmə, Əli gəlsin”. Həmin yuxunu o zaman tam anlamadım. Amma yenə də ürəyimə, ağlıma gətirmədim ki, Əliyə nəsə olar. Ana ürəyi övladına heç vaxt pis bir şey yaraşdırmır. Mən də Əlinin sağ-salamat geri qayıdacağına inanırdım. Əli bir ata kimi necə ailə başçısı idi? Əli övladlarına həddindən artıq bağlı idi. Onlar onun üçün həyatının ən böyük mənası idi. Sentyabrın 15-də oğlunu ilk dəfə məktəbə özü apardı. Həmin vaxt oğlunun 6, qızının isə 4 yaşı vardı. Övladları da öz atalarının adına layiq böyüyürlər. Uşaqları Türkiyədə riyaziyyat fənni üzrə keçirilən olimpiadada birincilik qazanaraq qızıl medala layiq görülüblər. Qızı isə riyaziyyat fənni üzrə olimpiadada dünya üçüncüsü olub. Çox savadlı övladlardır. Atalarını ən yüksək səviyyədə yaşadırlar. Mənim üçün ən böyük təsəlli də budur ki, Əli bu dünyadan getsə də, onun adı, onun arzuları, onun sevgisi övladlarında yaşayır. Rəna ana, Əli sizə çox bağlı olub. Sizinlə döyüş ərəfəsində nələri bölüşürdü? Əli döyüşdə olanda, demək olar ki, vaxt tapan kimi hər gün mənə zəng edirdi. Sanki mən o müharibəni tam dərk etmirdim. Elə bilirdim ki, işə gedib və mən onunla adi qaydada hal-əhval edirəm. Əli zəng edəndə hamını soruşurdu. Sanki hər kəsin halını soruşmağı özünə borc bilirdi. Heç kimi unutmurdu. Sanki oktyabrın 15-də hamı ilə vidalaşırdı. O gün geriyə baxanda mənə elə gəlir ki, Əli sanki son dəfə hər kəsin səsini eşitmək, hər kəsin halını bilmək istəyirmiş. Əli döyüşün ən qızğın yerlərindən biri olan Suqovuşanda şəhidlik zirvəsinə ucalıb. Əli oktyabrın 17-də şəhid olub. Noyabrın 21-də isə bizə onun nəşini təhvil veriblər. O günə qədər keçən hər an mənim üçün çox ağır idi. Bir ana üçün övladından xəbər gözləmək, onun harada olduğunu bilməmək, səsini eşitməyə həsrət qalmaq çox çətindir. Əlinin səsini indi də eşitmək istəyirəm. Hər dəfə telefonuma zəng gələndə bir anlıq elə bilirəm ki, bəlkə Əlidir... Rəna ana qeyd edib ki, Əli şəhid olduqdan sonra ona ürəyinin dərinliyindən qopan şeirlər yazmağa başlayıb: -Əslində, yoldaşım dünyasını dəyişəndən sonra ona həsr etdiyim, “Mənim həyat hekayəm” adlandırdığım şeirlərim də var. İndi isə Əli şəhid olandan sonra qəlbimdən gələnləri şeirlərlə ifadə edirəm. Bioloq olsam da, ədəbiyyata marağım həmişə çox olub. Əlidən sonra isə qəlbimi yalnız yazmaqla, zərrə də olsa, yüngülləşdirirəm. Sanki yazdıqca onunla danışıram, içimdə qalan sözləri ona çatdırıram. Sinəni düşmənə sən sipər etdin Vətən sevdalısı qəhrəman oğlum Uşaq çağlarından həmişə belə idin Səmimi idin, dürüst idin, yardımsevərdin Mayası xeyirxah yoğrulan oğlum Səni xatirələrdə anmaq bilsəydin necə çətindir ana üçün Ömrümün sonuna qədər qovrulacam həsrətinlə 2-ci şeir Dinləyin səsimi eşidin dostlar Əli adlı hekayədən danışım Yağışlı, çiskinli bir payız günü Dünyaya göz açan bir körpədən danışım. Gəlişi ilə həyatımı bəzəyən, analıq hissini mənə yaşadan Əli adlı bir ümiddən danışım. Danışığı şirin, gülüşü şirin, Dəniz tək çağlayan, kükrəyən, daşan Əli adlı bir ümmandan danışım. Məğrurdu baxışı, şuxdu yerişi Təmizdi davranışı, safdı niyyəti Əli adlı bir dastandan danışım Artıq olmasa da həyatda ruhu dolaşır azad torpaqda Yaşar ürəklərdə bir şəhid kimi Əli adlı bir igiddən danışım. Bəzən Əlinin hansısa anı, hansısa hərəkəti yadıma düşür. Gecənin yarısı da olsa, gündüz də olsa, mən mütləq durub yazıram. Mənə elə gəlir ki, Əlini şeirlərlə ifadə etdikcə bir az da olsa təsəlli tapıram. Onunla bağlı xatirələrimi sözə çevirmək mənim üçün həm ağrıdır, həm də bir təsəllidir. Çünki hər yazdığım misrada sanki Əli yenidən yanımda olur. Mənim atam da şair ruhlu insan olub. Çox savadlı idi. Bəlkə də bu duyğu mənə ondan keçib. Ürəyim dolduqca mən də yazıram. İçimdə sözə çevrilmək istəyən nə varsa, onu kağıza köçürürəm. 3-cü şeir Heç zaman solmayan xəzan çiçəyim, səndən nigaranam görüm necəsən O vaxtlar evimin isti nəfəsi, indi şaxta boran görüm necəsən Darıxıb gəlmişəm ziyarətinə Ürəyim dözməyir bu həsrətinə Soyuq daşdan baxan mərmər şəklinə mənim balam görüm necəsən Şəhidimizin bacısı Ruhiyyə xanım Ələkbərova qardaşı haqqında danışır: Ruhiyyə xanım, Əli sizin xatirənizdə necə yaşayır? Çox gözəl, mərhəmətli, imanlı, güclü-qüvvətli bir qardaş olub. Hər zaman arxamda böyük bir dayağım olduğunu mənə hiss etdirirdi. Mən axşamlar oxumuşam. O, bir il məni aparıb və evə gətirib. Əsla “yoruldum” kəlməsini deməzdi. Arzularını, xatirələrini, fikirlərini həmişə mənimlə bölüşərdi. Hətta həll edə bilmədiyim problemləri belə ona deyirdim, dərhal həll edirdi. Çox zaman hər şeyimi Əli ilə bölüşərdim. Övladları üçün də hər şeyin ən yaxşısı olmasını istəyirdi və bunun üçün əlindən gələni əsirgəmirdi. Onların gələcəyi ilə bağlı çoxlu arzuları vardı. Övladlarının xoşbəxtliyi üçün hər şey etməyə hazır idi. Hazırda Xırdalanda yaşadığı ərazidə olan küçə Əlinin adını daşıyır. Orada Əlinin adına bulaq da var. Mən özüm də müəlliməm və hər zaman sinifdə də Əli kimi qəhrəman oğullarımız haqqında danışıram. Düzdür, mənim üçün qardaşımdan danışmaq nə qədər çətin olsa da, bilirəm ki, qardaşım ən ali zirvəyə ucalıb. Onunla fəxr edirəm. Mənim üçün Əli yalnız qardaşım deyil, həm də həyatım boyu arxamda hiss etdiyim böyük bir dayaq olub. Ruhiyyə xanım, Əli ilə bağlı ən son hansı xatirə heç ağlınızdan çıxmır? Ən son anagilə gəlmişdim. Oradan çıxıb bizi yola salanda “bacı” deyib boynuma sarılmasını hələ də hiss edirəm. Bu, elə bir hissdir ki, onu sözlə ifadə etmək mümkün deyil. O, mənim üçün qardaş, dost, arxa, dayaq olan bir insan idi. İndi həmin anı xatırlayanda sanki onun qucaqlamasını, səsini yenidən hiss edirəm. Bu xatirə heç vaxt yaddaşımdan silinməyəcək. Rəna ana, Əli ilə bağlı unudulmaz xatirənizdən bir qədər danışardınız... Ümumiyyətlə, Əli mənə çox bağlı idi. O qədər şirin gülürdü ki, ətrafdakılar heyranlıqla baxırdı. Kimsə deyəndə ki, “Əli kiməsə bənzəyir”, deyirəm: “Yox, o heç kimə bənzəmir”. Sanki Əlini heç kimə bənzətmək istəmirəm. Mənim üçün o, özünəməxsus idi. Gülüşü də, baxışı da, danışığı da yalnız Əliyə məxsus idi. Ana üçün övladının hər xüsusiyyəti əziz olur. Mən də Əlinin hər halını, hər davranışını yaddaşıma həkk etmişəm. Şəhid olandan sonra yuxularınıza heç gəlibmi? Əlini Allah mənə əmanət vermişdi və əmanətini geri aldı. İndi hamı Əlini yuxularında tez-tez görür. Lakin mən görmürəm. Hətta tez-tez ziyarətinə gedirəm. Məzarının başında Əli ilə dərdləşirəm. Düşünürəm ki, o mənim yuxuma gəlmir ki, anam narahat olar. Əli körpəlikdən heç bir narahatlıq verməyib. Bəlkə də indi də məni narahat etmək istəmir. Mən bunu belə düşünürəm. Mən onun məzarının başına gedəndə sanki qarşımdadır. Onunla danışır, dərdləşirəm. Ana ürəyi üçün övladını itirmək elə bir ağrıdır ki, onu sözlə ifadə etmək çox çətindir. Amma mən özümü onun əmanətini qoruyan ana kimi hiss edirəm. Əli artıq torpağın altında deyil, mənim üçün hər yerdədir — xatirələrimdə, yazdığım şeirlərdə, övladlarının baxışlarında, insanların onu sevərək xatırlamasında və ən əsası, ürəyində yaşayır.
Fəridə Ağazadə
Jurnalist








Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








