
“Gedirəm amma hiss edirəm ki, şəhid olacağam”- Şəhid İlqar Hümbətovun ailəsi ilə müsahibə
Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə can sağlığı versin!
Qısa arayış:
İlqar Hümbətov 1996-cı il iyunun 13-də Bakı şəhərində anadan olub. Bakı şəhərində yerləşən 116 nömrəli tam orta məktəbdə təhsil alıb. 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.
Azərbaycan Ordusunun əsgəri olan İlqar Hümbətov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak edib. O, Suqovuşanın azad edilməsi uğrunda gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Əsgər Hümbətov İlqar Vüqar oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı üzərinə düşən vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli 2349 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.
O, həmçinin Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2368 nömrəli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Bundan başqa, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə İlqar Hümbətov "Cəsur döyüşçü" medalı, eləcə də III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Bəzən bir ömür uzun illərlə deyil, yaşadığı mənalı anlarla ölçülür. Elə insanlar var ki, ömürləri qısa olsa da, adları Vətən tarixində əbədi yaşayır. Şəhid İlqar Hümbətov da həmin oğullardan biridir. Onun uşaqlığı, arzuları, zarafatları, ailəsinə bağlılığı, Vətən sevgisi və qəhrəmanlığı bu müsahibədə anasının və xalasının xatirələrində yenidən canlanır. O, iki bacının bir qardaşı idi...
İlqarı bizə necə tanıdardınız? Necə oğul idi?
-Dilarə Hümbətova (Anası): İlqar evimizin son beşiyi idi. İki bacının bir qardaşı... Evimizin sevinci, gülüşü, nəfəsi idi. Elə bir uşaq idi ki, evə girən kimi sanki bütün ev işıqlanardı. Üzündən təbəssüm əskik olmazdı. Hamını güldürərdi, hamının könlünü alardı. Zarafat etməyi çox sevirdi. Amma onun zarafatı heç vaxt kimisə incitməzdi. Kiminlə necə danışacağını bilən, ürəyi sevgi ilə döyünən bir övlad idi. Məktəbdə müəllimləri tez-tez deyirdilər ki, İlqar çox dəcəldir. Mən də gülümsəyirdim. Çünki bilirdim ki, onun dəcəlliyinin arxasında saf bir ürək dayanır. O qədər mehriban idi ki, müəllimləri də onu danlasalar belə, çox keçmədən yenə bağışlayırdılar. Sinif yoldaşları da onu çox sevirdi. İlqar uşaqlıqdan fərqli idi. Vətənə olan sevgisi yaşından böyük idi. Dövlət bayrağımızı, gerbimizi böyük ehtiramla sevirdi. Öz köynəklərinin üzərinə bayrağımızı həkk edərdi. O zaman bunu adi bir həvəs kimi qəbul edirdik. Sonralar anladıq ki, o sevgini ürəyinə yazıb böyüyürmüş.
“Uşaqlıqdan başlayan sonsuz Vətən sevgisi...”
Anası: Hələ balaca idi. Hərbi oyunları sevirdi. Qaçardı, idman edərdi, özünü həmişə güclü saxlamağa çalışardı. Bir gün dedim: Ay bala, bəsdir, yoruldun. Mənə baxıb elə bir söz dedi ki, bu gün də qulağımdan getmir: “Ana, mən məşq edirəm. Bir gün torpaqlarımız azad olunacaq. Mən də orada olacağam”. Onda düşündüm ki, uşaq arzularıdır. Hansı ana bilərdi ki, illər sonra həmin balası doğrudan da Vətən uğrunda döyüşəcək... Bayrağa sevgisi tamam başqa idi. Bayrağı görəndə gözləri işıldayardı. Harada bayraq vardısa, ilk o qaçıb götürərdi. Bayraq onun üçün sadəcə dövlət rəmzi deyildi. O bayraqda Vətəni görürdü, torpağı görürdü, şəhidlərimizi görürdü.
“Şəhidlik uca məqamdır, amma ana üçün çox ağırdır...”
Anası: Şəhidlik elə bir zirvədir ki, Allah hər bəndəsinə onu nəsib etmir. Mən bunun fərqindəyəm. Amma ana ürəyi var... Nə qədər qürur duysan da, balanın həsrəti heç vaxt bitmir. Bəzən gedib məzarı başında otururam. Onunla danışır, dərdləşirəm. Elə bilirəm yenə məni dinləyir. Bir dəfə küçədə gedirdim. Elə bil kimsə mənim çiynimə yüngülcə toxundu. Çevrilib baxdım, heç kim yox idi. O an ürəyimdən bir fikir keçdi: “İlqar idi...” Dayandım. Gözlərim doldu. Hiss etdim ki, balam yanımdadır. İnanıram ki, şəhidlər ölmür. Onlar analarının qəlbində, Vətənin səmasında yaşayırlar.
“Onun yoxluğu ilə yaşamağı öyrəndik...”
Anası: Atası onun adına kəndimizdə bulaq tikdirdi. Yaşadığı məhəllədə dostları da onun adına bulaq inşa etdilər. Uşaqlıq illərinin keçdiyi küçəyə İlqarın adı verildi. Hər dəfə o küçədən keçəndə ürəyim həm qürurla dolur, həm də sızlayır. Fikirləşirəm ki, oğlumun ayaq səsləri bu küçələrdən heç vaxt kəsilməyəcək. Çünki şəhidlər torpağın altında deyil... Onlar Vətənin hər daşında, hər küçəsində, hər dalğalanan bayrağında yaşayırlar.
"Vətənin səsini eşidən oğul..."
– İlqarın gələcəklə bağlı arzuları nələr idi?
Anası: Hər ana kimi mənim də arzum oğlumu evləndirmək idi. Sevdiyi qız da var idi. Elçi getməyi planlaşdırırdıq. O isə deyirdi: "Ana, qoy bir az işləyim, qazanc əldə edim. Sonra hər şey daha rahat olar". Ailəsinin yükünü çəkməyi sevirdi. Çox şeyi ürəyində saxlayardı. İstəklərini belə dilə gətirməzdi ki, birdən valideynlərim narahat olar. Bir müddət işləmək üçün Türkiyəyə getdi. Orada olduğu vaxt Green Card qazandığını öyrəndi. Mənə zəng edib dedi: "Ana, Green Card udmuşam. Səncə nə edim?" Dedim: "Qərar sənindir, bala. Hansı yolu düzgün hesab edirsənsə, onu seç". Bir qədər susdu. Sonra sakit səslə dedi: "Ana, artıq mən Türkiyədəyəm. Daha buna ehtiyac görmürəm". O zaman bilmirdim ki, onun ürəyi tamam başqa bir səmtə çəkilir...
"Ürəyi onu Vətənə çağırırdı..."
Anası: Nə qədər uzaqda olsa da, ürəyim rahat deyildi. Gecə-gündüz darıxırdım. Elə bil içimdə bir səs deyirdi ki, oğlunu geri çağır. Bir gün özüm zəng etdim. "İlqar, gəl Azərbaycana. Səni çox istəyirəm. Gəl evə qayıt". Heç tərəddüd etmədi. "Yaxşı, ana. Gələcəyəm". İndi dönüb baxanda anlayıram ki, bəlkə də Allah onu Vətənə çağırırmış. Çünki İlqar qayıdandan çox keçmədi ki, müharibə başladı.
"Məni də çağırsaydılar..."
Anası: Müharibənin ilk günlərindən rahatlığı yox idi. Televizora baxır, xəbərləri izləyir, hər şəhid xəbərini öz dərdi kimi yaşayırdı. Deyirdi: "Kaş məni də çağırsaydılar..." Generalımız Polad Həşimov şəhid olanda isə tamam dəyişdi. Evdə özünə yer tapa bilmirdi. Deyirdi: "Ana, Vətən oğullarını çağırır". Onun baxışlarında qəribə bir qətiyyət var idi. Elə bil illərlə gözlədiyi gün gəlib çatmışdı.
"Qolu yaralı olsa da, geri çəkilmədi..."
Gülbəniz xanım (Xalası): Hər kəs bunu bilmir. İlqar əsgərlik vaxtı qolundan yaralanmışdı. Həmin yaraya görə müharibəyə getməyə də bilərdi. Qanun buna icazə verirdi. Amma o, belə düşünmürdü. Deyirdi: "Mən necə evdə qala bilərəm? Mənim yaşıdlarım döyüşür". Heç bir bəhanə axtarmadı. Heç vaxt "yaram var", "gedə bilmərəm" demədi. Əksinə, könüllü şəkildə Vətənin səsinə cavab verdi. "O, Qarabağlı deyildi... Amma Qarabağ onun ürəyi idi".
Anası: Biz Qarabağdan deyildik. Amma İlqar üçün bunun fərqi yox idi. O deyirdi: "Vətən bölünmür. Qarabağ hamımızındır." Uşaqlıqdan Qarabağ haqqında oxuyardı. Tarix kitablarını vərəqləyər, videolara baxar, şəhidlər haqqında danışardı. Aprel döyüşləri zamanı da könüllü yazılmışdı. Mən ağlayırdım. O isə hirslənirdi. "Ana, niyə ağlayırsan? Onsuz da bir gün gedəcəyəm". Sonra evə qayıdıb məyus halda dedi: "Çağırmadılar..." Onun səsindəki kədəri heç vaxt unutmaram. Sanki ürəyi illər öncədən öz yolunu seçmişdi.
"Atasının ən böyük hədiyyəsi..."
Anası: Atası bir gün ona xəbər vermədən maşın aldı. İlqar işdən gələndə həyətdə maşını gördü. İnanmadı. Mənə baxıb soruşdu: "Ana... Ata doğrudan bunu mənə alıb?" Gözləri uşaq kimi parıldayırdı. Atası onun sevincini seyr edirdi. O maşını cəmi iki ay sürdü. Müharibəyə gedəndə də həmin maşınla rayona yollandı. Sonra atasına zəng edib dedi: "Ata, maşını apar. “Bardacokda” bir az pul qoymuşam, onu da götür". Heç kim bilmirdi ki, bu, oğulun atasına son əmanəti olacaq...
"Qəhrəman olmaq üçün doğulmuşdu..."
Xalası: İlqarın ürəyi həmişə başqaları üçün döyünüb. Kiçik əsgərləri öz qardaşı kimi qoruyub. Deyib: "Siz balacasınız, arxada qalın". Döyüşdən sonra tapdıqları bir neçə konfeti belə tək yeməyib. Beş-altı nəfərə bölərdi. "Sən də ye... sən də..." Onun xarakteri elə idi. Paylaşmağı, qorumağı sevirdi. Bəlkə də elə buna görə hamı onu bu qədər sevirdi.
Bir ananın heç unutmadığı vida”
-Bəzən insan ömrünün ən uzun anı cəmi bir neçə saniyə çəkir. Ana ilə oğulun son baxışı da elə həmin saniyələr idi. O baxışlarda deyilə bilməyən minlərlə söz, hiss olunan, amma ifadə olunmayan bir ayrılıq vardı...
İlqarın müharibəyə yola düşdüyü günü necə xatırlayırsınız?
Anası: O günü xatırlamaq mənim üçün çox ağırdır... Elə bilirəm, hər şey dünən olub. Sentyabrın 20-si idi. İlqar çağırış almışdı. Evdə tək idim. Atası növbədə, işdə idi. Həmin gecə atası qəribə bir yuxu görmüşdü. Deyirdi ki, yuxuda İlqarın hündür bir yerdən yıxıldığını görüb. Qorxu içində yuxudan ayılıb, gəlib oğlunu qucaqlayıb. İlqar təəccüblə soruşub: “Ata, nə olub?” Atası göz yaşlarını gizlədə-gizlədə deyib: “Heç nə... Səni yuxuda gördüm, qorxdum...” Sən demə, ata ürəyi ayrılığı əvvəlcədən hiss edirmiş... “Ana, narahat olma...” Səhər tezdən yola düşəcəkdi. Mən onun üçün sevdiyi kotleti bişirmişdim. Dedim: Ay bala, heç olmasa otur, bir tikə çörək ye. Tələsirdi. Elə bil harasa bayrama gedirdi. Üzündə qəribə bir sevinc vardı. Dedi: “Ana, vaxtım yoxdur”. Çörəyin arasına bir tikə kotlet qoyub ayaqüstə iki-üç dişlədi. Sonra gülümsəyərək dedi: “Ana, yedim... Narahat olma”. Bu, mənim ona hazırladığım son yemək oldu... “O baxış hələ də gözlərimin önündədir...” Mən onu qapıya qədər yola saldım. Qucaqladım. Başımdan öpdü. Maşına mindi. Maşın artıq hərəkət edirdi. Birdən sükanı buraxıb pəncərədən dönüb mənə baxdı... Mən ona baxırdım... O mənə baxırdı... Heç birimiz danışmırdıq. Sanki hər ikimiz nəsə demək istəyirdik. Amma sözlər boğazımızda düyünlənmişdi. Maşın yavaş-yavaş uzaqlaşırdı... Mən isə olduğum yerdə donub qalmışdım. O baxış... İllər keçsə də, hələ də gözlərimin önündən getmir. Kaş biləydim ki, bu, son baxışımızdır... Bəlkə onda onu bir az da bərk qucaqlayardım... Bəlkə heç buraxmazdım... “Son zarafatı da yarımçıq qaldı...” İlqar tez-tez zəng edirdi. Hər dəfə də gülə-gülə danışardı. Elə zarafat edərdi ki, mən də rahatlaşardım. Deyirdi: “Ana, mən arxa cəbhədəyəm. Narahat olma”. Mən də inanırdım... İnanmaq istəyirdim... Sonralar öyrəndik ki, o, müharibənin ilk günündən ön cəbhədə, ən ağır döyüşlərin içində olub. Ana ürəyini qorumaq üçün həqiqəti gizlədirmiş... “Son danışığımız tamam başqa idi...” Son zəngi isə tamam fərqli oldu. Səsində qəribə bir sakitlik vardı. Əvvəlki kimi zarafat etmədi. Məndən bacılarını soruşdu. “Ana, Sərfinaz necədir? Səfura necədir? Hamı yaxşıdır?” Təəccübləndim. Dedim: “Ay bala, sənə nə olub? İstəyirsən bacıların səninlə danışsın?” Bir anlıq susdu. Sonra sakitcə dedi: “Yox, ana... Vaxt yoxdur... Eləcə soruşdum”. Bu sözlər ürəyimə qəribə bir ağrı saldı. Sanki nəsə hiss etmişdi... Sonra telefonu atasına verdi. Atasına dedi: “Ata, biz döyüşə gedirik... Amma ana bilməsin.” Ana ürəyindən heç nə gizlənmir... Amma o gün mən də bilmədən özümü aldatdım...
“Ata, mən qayıtsam, qurban kəsərsən...”
-Ayın 11-də çox ağır döyüşdən çıxmışdı. Atasına zəng edib demişdi: “Ata, mən gələndə qurban kəsərsən. Möcüzədir ki, sağ qaldım”. Heç kim bilmirdi ki, o, ölümün gözünün içinə baxıb danışır. “O, özü yaralı idi... Amma əvvəl dostunu xilas edib...” Sonradan döyüş yoldaşları danışdılar... Dedilər ki, döyüşün ən qızğın vaxtında bir əsgər ağır yaralanmışdı. İlqar heç düşünmədən onu çiyninə alıb təhlükəsiz yerə çatdırmışdı. Öz canını yox... Əvvəl dostunun canını düşünmüşdü. Bax, İlqar belə oğul idi. “Şəhid olacağını sanki özü bilirdi...” Dostları sonradan bizə dedilər ki, İlqar yola düşəndə zarafatla yox, çox ciddi şəkildə demişdi: “Mən gedirəm... Amma hiss edirəm ki, şəhid olacağam”. Heç kim onun bu sözünə inanmayıb. Hamı bunu növbəti zarafatlarından biri sanıb. Amma bu dəfə İlqar zarafat etmirmiş... Sanki taleyini əvvəlcədən hiss edirmiş... “Ana ürəyi hər şeyi hiss edirmiş...” Ayın 13-dən sonra ürəyimə qəribə bir narahatlıq çökmüşdü. İşdə idim. Dərs keçə bilmirdim. Sanki nəfəsim çatmırdı. İcazə alıb məktəbdən çıxdım. Foyedə iki böyük Azərbaycan bayrağı asılmışdı. Nədənsə dayandım. Özüm də bilmədən həmin bayraqların yanında şəkil çəkdirdim. O an heç ağlıma da gəlməzdi ki... Elə həmin saatlarda mənim oğlum üçrəngli bayrağa bükülərək Vətənə qayıdırmış... İndi o şəkilə hər dəfə baxanda ürəyim parçalanır. Bəzən insanın ruhu, ürəyindən əvvəl həqiqəti hiss edir... Ana ürəyi isə bunu hamıdan əvvəl duyur. IV Hissə “Bayrağa Bükülən Ömür...” Bəzən bir xəbər bir ailənin ömrünü iki hissəyə bölür: o xəbərdən əvvəlki həyat və o xəbərdən sonrakı həyat... İlqarın ailəsi üçün də həyat həmin gündən əvvəl və sonra artıq eyni olmadı. “Ana ürəyi artıq hər şeyi hiss etmişdi...”
Şəhidlik xəbərini necə aldınız?
Anası: Ayın 13-dən sonra içimdə qəribə bir narahatlıq vardı. Heç cür özümə yer tapa bilmirdim. Hər telefon zəngində ürəyim əsirdi. Öz-özümə deyirdim ki, niyə bu qədər narahatam? Sonra günlər keçdi... Bizə heç nə demirdilər. Ümid edirdik. Bəlkə də özümüzü aldatmağa çalışırdıq. Nəhayət, oktyabrın 25-də qapımız döyüldü... O an elə bildim ki, dünya dayandı. Heç nə eşitmirdim. Sanki zaman donmuşdu. Dodaqları tərpənən insanlar vardı, amma səsləri qulağıma çatmırdı. Bir ananın eşitmək istəmədiyi o kəlmələri mən də eşitdim: “İlqar şəhid olub...” O andan sonra mən əvvəlki ana olmadım...
“Mən hələ də onun yolunu gözləyirəm…”
Anası: İçim qəbul etmirdi. Qapı açılan kimi elə bilirdim, indi İlqar içəri girəcək. Yenə gülümsəyəcək. Yenə deyəcək: “Ana, acmışam, nə bişirmisən?” Mən uzun müddət onun səsini evdə eşidirmiş kimi yaşayırdım. Otağına girəndə hər şey olduğu kimi qalırdı. Paltarı... Ətri... Əşyaları... Heç nəyə toxuna bilmirdim. Çünki elə bilirdim, indi qayıdacaq. Ana ürəyi bəzən həqiqəti qəbul etmək istəmir...
“Bayrağa sevgisi, bayrağa bükülən taleyi oldu...”
Xalası: İlqarın bayrağa sevgisini hamımız bilirdik. Ailə məclislərində də bayrağı həmişə o götürərdi. Əsgərliyə yola salınan qohumumuzun tədbirində hamı bayrağın altına sığınmışdı. İlqar isə bayrağı başının üzərində qaldırıb dayanmışdı. O vaxt şəkil çəkdirmişdik. İndi o şəklə baxanda adamın ürəyi titrəyir. Sən demə... Ömrü boyu sevdiyi o bayraq bir gün onun son yorğanı olacaqmış... “Son nəfəsinə qədər əsgər yoldaşlarını düşünüb...”
Anası: Sonradan döyüş yoldaşları gəlib danışdılar. Dedilər ki, İlqar döyüşdə özünü heç vaxt düşünmürdü. Bir əsgər yaralananda onu çiyninə götürüb təhlükəsiz yerə çıxarmışdı. Özü isə yenidən döyüşə qayıtmışdı. Deyirdilər ki, ən balaca əsgərləri belə qoruyurdu. “Siz arxada qalın,” – deyirdi. Ərazilər azad olunanda tapdıqları bir ovuc konfeti də cibinə yığarmış. Sonra çağırıb beş-altı əsgər arasında bölərmiş. Bir konfeti belə tək yeməzmiş. Bəlkə də insanın böyüklüyü elə belə məqamlarda görünür...
“Qəhrəmanlıq onun xarakteri idi...”
Xalası: İlqar rəhbərlik etməyi, yol göstərməyi sevirdi. Amma hökm etmək üçün yox... Qorumaq üçün... Məktəbdə də uşaqlar onu dinləyirdilər. Məsləhətlər verirdi. Hamının dərdinə şərik olurdu. Ona görə də müəllimləri deyirdilər: “İlqar sinfin ürəyidir”. Elə döyüşdə də dəyişməmişdi. Orada da hamının qayğıkeş İlqarı idi.
Anası: Oğlumu evləndirmək istəyirdim. Sevdiyi qız var idi. Artıq razılıq da alınmışdı. Deyirdi: “Ana, bir az da işləyim. Sonra toy edərik.” Mən də deyirdim: “Tələsmə, bala. Hər şeyin öz vaxtı var.” Amma Allahın yazdığı başqa imiş... Toy günü gözlədiyimiz evə bir gün şəhid tabutu gəldi... Ana üçün bundan ağır dərd yoxdur. Mən oğlumu itirdim. Amma bilirəm ki, Vətən bir qəhrəman qazandı. Bu fikir mənə təsəlli verir. Şəhidlik çox uca məqamdır. Hər dəfə bayrağa baxanda İlqar yadıma düşür. Çünki mənim oğlum bayrağı yalnız sevmədi... Onun uğrunda canını verdi. İndi mən onun yoxluğuna ağlasam da, adı çəkiləndə başımı dik tuturam. Çünki o, Vətən üçün yaşadı. Vətən üçün döyüşdü. Vətən üçün şəhid oldu.
“Adı ürəklərə yazıldı...”
Xalası: Bu gün İlqarın adı yaşadığı məhəllədə bir küçədə yaşayır. Dostları onun adına bulaq tikiblər. Atası kənddə onun adına başqa bir bulaq inşa etdirib. Məktəblərdə siniflərə onun adı verilib. Uşaqlar onun haqqında şeirlər deyir, tədbirlər keçirirlər. Biz anlayırıq ki, İlqar fiziki olaraq yanımızda deyil. Amma adı, xatirəsi yaşayır. Ən əsası isə, onun uğrunda can verdiyi üçrəngli bayrağımız dalğalandıqca İlqar da yaşayacaq.
Müəllif qeydi:
-Bu müsahibə təkcə bir şəhid ailəsinin xatirələri deyil, həm də Vətən sevgisinin, fədakarlığın və ana qəlbinin böyüklüyünün canlı salnaməsidir. İlqarın anası və xalası ilə söhbətlər zamanı hiss olunan qürur, nisgil və sonsuz sevgi bu sətirlərə köçürülməyə çalışılıb. Hər bir xatirə göstərir ki, şəhidlər yalnız döyüş meydanında qəhrəman olmurlar; onlar uşaqlıqdan formalaşan xarakterləri, insanlara sevgiləri və Vətənə bağlılıqları ilə əbədiyyət qazanırlar. İlqarın həyatı yarımçıq qalsa da, adı Azərbaycan xalqının yaddaşında, dalğalanan bayrağımızda və onu tanıyanların qəlbində əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim ehtiramla anılacaq.
Fəridə Ağazadə
Jurnalist








Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








