
Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə can sağlığı versin!
Qısa arayış:
Əkbərov Şahid Natiq oğlu 22 oktyabr 1996-cı ildə Kürdəmir rayonun Məhərrəmli kəndində anadan olub. Kürdəmir rayonu Ərəbqubalı kənd tam orta məktəbində orta təhsil alıb. Orta təhsilini bitirdikdən sonra, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra bir müddət mülki işlərdə çalışıb, daha sonra yenidən orduya qayıdaraq Azərbaycan Silahlı Qüvvələrində MAHHXHQ kimi xidmətini davam etdirib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əkbərov Şahid Natiq oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı rayonun Dəhrəz kəndində şəhid olub. Kürdəmir rayonunun Məhərrəmli kənd qəbristanlığında dəfn edilib.
Bu gün addımlarım məni Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan Şəhid Şahid Əkbərovun ailəsini ziyarət etməyə aparır. Düzünü desəm, bu yola sadəcə bir ziyarət kimi çıxmıram. İçimdə qəribə duyğular var-sözlə ifadə etmək çətin olan bir ağırlıq, bir qürur və eyni zamanda bir nisgil... Bir tərəfdən böyük qürur hiss edirəm, digər tərəfdən isə qəlbimdə ağır bir kövrəklik var. Çünki şəhid olmaq Vətən üçün ən uca zirvədirsə, bir ananın, bir qardaşın, bir ailənin həsrəti də ən ağır yükdür. Qəhrəman şəhid qardaşlarımız Vətənin ən çətin günlərində böyük şücaət və igidlik nümayiş etdirərək adlarını qızıl hərflərlə yazıblar. Bu gün bu müqəddəs evdə bir ad yaşayır-Vətən üçün canını fəda edən o qəhrəmanın adı Şahid Əkbərovdur...Həmin ailənin qarşısında baş əyərək bir daha anlayıram ki, bizim rahat nəfəs almağımız üçün bir ürək dayanıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, ruhları şad olsun.
Şəhidimizin anası Aybəniz xanım: “Mənim Şahidim həyatı, təbiəti, yaşıllığı, gülləri çox sevirdi...”
-Şahid uşaqlıqdan mehriban, qayğıkeş və zəhmətkeş idi. Təbiəti, yaşıllığı, ağacları, gülləri çox sevirdi. Bir çiçəyi qoparmağa belə qıymırdı.O zamanlar bilmirdim ki, ürəyi bu qədər yumuşaq olan oğlum bir gün Vətən üçün canını verəcək qədər böyük ürəyə sahib olar.Yadımdadır, balaca vaxtı boynuma sarılardı. “Ana, mən səni çox istəyirəm” deyərdi. Mən də onu bağrıma basıb öpərdim. O günlərin nə qədər qiymətli olduğunu indi daha çox anlayıram. İndi də gözümün önündə o balaca Şahid dayanır-gülən gözləri, saf baxışları, uşaqlıq gülüşü...Mənim üçün o heç vaxt böyümədi.
Bəzən qapının səsinə diksinirəm. Elə bilirəm Şahid gələcək, “Ana, mən gəldim” deyəcək. Sonra anlayıram ki, şəhid analarının gözləməsi heç vaxt bitmir...Hər dəfə yaşıllıqda olan güllərə baxanda düşünürəm ki, oğlumun sevdiyi dünya hələ yaşayır. Bəlkə də Allah onu ən çox sevdiyi yerə apardı-çiçəklərin ətrinə, ağacların nəfəsinə, torpağın qoxusuna...Çünki Şahidimin ruhu da təbiət qədər saf və gözəl idi. Güllərə baxanda üzündə yaranan təbəssüm indi də gözümün önündən getmir.
Şahidim uşaqlıqdan qorxmaz idi. Həmişə haqqın yanında dayanardı. Onda elə bir ürək vardı ki, başqasının dərdinə öz dərdi kimi yanardı. Mən bir ana kimi hiss edirdim ki, mənim oğlumun qəlbi başqadır. Sonra oğlum böyüdü Vətənə dayaq olan bir igidə çevrildi. Şahid qəhrəmanlığı təkcə döyüş meydanında göstərmədi, o qəhrəmanlığı ürəyində daşıyırdı. O hərbi geyimi geyinəndə gözlərində başqa bir işıq görürdüm. Deyirdi ki, “Ana, Vətən əmanətdir”. Mən o zaman ana kimi sadəcə onun sözlərini eşidirdim, amma indi anlayıram ki, oğlum ürəyində şəhidlik yolunu çoxdan seçibmiş. O Vətən torpağını qorumaq üçün ən uca zirvəyə yüksəldi. Çünki qəhrəman olmaq yalnız silah tutmaq deyil, Vətəni öz canından üstün tutmaqdır. Mənim oğlum da bunu etdi. Başımı hər zaman dik tuturam. Çünki bilirəm ki, mənim Şahidim öz adı kimi şəhidlik zirvəsinə ucaldı və o, artıq təkcə mənim yox, bütün xalqın oğludur.
Şəhidimizin qardaşı İlkin Əkbərov: “Şahid mənim üçün təkcə qardaş deyildi, həm də ən yaxın dostum, sirdaşım idi”
-Uşaqlıqdan bir yerdə böyümüş, birlikdə sevinib, birlikdə çətinlikləri aşmışıq. O, həmişə mərd, vətənini sevən, ailəsinə bağlı insan idi. Hər zaman ətrafındakı insanların qayğısına qalır, köməyini heç vaxt əsirgəmirdi. Bu gün onun yoxluğu bizim üçün çox ağırdır. Elə gün olmur ki, onu xatırlamayaq, onunla bağlı xatirələr göz önünə gəlməsin. Bir qardaş kimi onu itirmək çox çətindir, amma eyni zamanda qardaşımla böyük qürur duyuram. Çünki o, Vətən uğrunda canını fəda etdi və ən uca zirvəyə yüksəldi.
Bəzən elə bilirəm ki, qapı açılacaq və yenə əvvəlki kimi qardaşım evə daxil olub gülümsəyəcək. Sonra anlayıram ki, artıq onun sesi xatirələrimizdə yaşayır. İnsan qardaşımı itirəndə təkcə bir doğmasını yox, uşaqlığını, xatirələrini və həyatının bir parçasını da itirir. Onunla yarımçıq qalan söhbətlərimiz, həyata keçməyən arzularımız indi qəlbimdə ağır yük kimi yaşayır. Mən qardaşımı torpağa deyil, Vətənə əmanət etmişəm. Bu ağır dərddir amma eyni zamanda Vətən üçün hər birimizin canı fədadır deyirəm. Hər dəfə şəhid qardaşının adı çəkiləndə başımı dik tuturam, çünki bilirəm ki, qardaşım canını bu torpağın gələcəyi üçün fəda edib. Qardaşım artıq aramızda olmasa da, onun adı, izi və xatirəsi ömrümüz boyu yaşayacaq.
Şəhid Şahid Əkbərovun qardaşının həyat yoldaşı Fəridə Əkbərova onun haqqında dərin duyğularla danışaraq qeyd edir ki, Şahid təkcə ailənin övladı deyil, hər kəsin dayağı və güvən yeri olub. O bildirir ki, bir il yarım ərzində Şahid onun üçün sadəcə qaynı deyil, əsl böyük qardaş olub:
-Şahid mənə hər zaman böyük qardaş qayğısı göstərib. Hər addımında diqqətini, hörmətini, böyük qardaş qayğısını hiss etdirirdi. O qədər saf və gözəl qəlbli insan idi ki, ailədə hər kəsin üzündə təbəssüm yaratmağı bacarırdı. Hətta 8 Mart Beynəlxalq Qadınlar Günündə belə evdəki xanımları sevindirməyi heç vaxt unutmazdı. Kiçik görünən bu diqqət əslində onun nə qədər dəyər verən və düşüncəli insan olduğunu göstərirdi.Şahid qardaşım sakit təbiətli, mülayim xarakterli və hər kəsə sevgiylə yanaşan bir insan olub. O, heç kimin qəlbini qırmağı sevməz, hər zaman mehribanlığı və təvazökarlığı ilə seçilərdi. Onun yoxluğu ailədə böyük bir boşluq yaratsa da, xatirələri, qəhrəmanlığı, şücaəti hər zaman ürəklərdə yaşayacaq. Şəhidlər ölmür, onlar Vətənin yaddaşında ailələrinin qəlbində və xalqın dualarında əbədi yaşayırlar.
Fəridə Ağazadə
Jurnalist







Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








