
Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Fizuli Əliyev 27 yanvar 1985-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Orta təhsilini səkkizinci sinfə qədər alan Fizuli sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. Ali hərbi təhsilini bitirdikdən sonra leytenant rütbəsi ilə hərbi fəaliyyətinə başlayıb. Uzun müddət Murov dağında xidmət edib. "N" saylı hərbi hissənin "Həmlə" Taborunun Qərargah Rəisi olaraq xidmətini davam etdirib.
Azərbaycan Ordusunun kapitanı olan Füzuli Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Füzuli Əliyev 8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən kapitan Füzuli Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fizuli Əliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fizuli Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Vətən uğrunda canından keçən şəhidlərimizin həyatını, arzularını və qəhrəmanlıq yolunu yaşatmaq hər birimizin mənəvi borcudur. Onların həyat hekayələri yalnız döyüş meydanındakı igidliklərdən deyil, həm də ailələrinin yaşadığı sevinc, həsrət və nisgildən ibarətdir. Şəhid analarının dilindən eşidilən hər bir xatirə, əslində, bir ömrün, bir ailənin və bütöv bir Vətən sevgisinin hekayəsidir. Bu dəfə şəhid polkovnik-leytenant Füzuli Əliyevin anası Fərasət xanımla söhbətləşdik. Fərasət ananın dilindən süzülən sözlərdə oğlunun uşaqlıq xatirələri, Vətənə bağlılığı, hərbçi kimi keçdiyi şərəfli yol və heç vaxt bitməyən ana həsrəti yaşanır.
“Füzuli çox böyük ürəyə sahib idi”
-Füzuli uşaqlıqdan Vətənə böyük məhəbbətlə böyüyüb. Mərhəmətli, qayğıkeş, zəhmətkeş və ailəsinə bağlı bir oğul olub. Yaşadığımız ərazidə bütün qonşular onun qeyri-adi uşaq olduğunu deyirdilər. Hətta bir dəfə dedilər ki, Füzuli çox böyük ürəyə sahibdir. O, lap körpəlikdən hər kəsin qayğısına qalırdı. Zəhmətdən heç vaxt qaçmır, əksinə, iş görməkdən zövq alırdı. Bizim ana-bala münasibətimiz çox dərin bağlarla möhkəmlənmişdi. Müəllimləri də Füzuli haqqında həmişə yüksək fikirlər söyləyirdilər. Orta təhsilini səkkizinci sinfə qədər aldıqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil oldu. 2003–2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirdi. Ali hərbi təhsilini başa vurduqdan sonra leytenant rütbəsi ilə hərbi xidmətə başladı. Uzun müddət Murovdağda xidmət etdi.
Fərasət ana, Füzuli sizinlə arzularını, gələcəklə bağlı planlarını bölüşürdümü?
-Həmişə deyirdi ki, həyatda hər bir uğuru özüm əldə edəcəyəm. Dəfələrlə bizim təkidimizə baxmayaraq, hərbi peşəni seçdi. Onun ailə qurmasını çox istəyirdik. Ancaq Füzuli öz yolunu seçmişdi və bu yoldan dönmək fikrində deyildi. Bir dəfə mənimlə söhbətində dedi: “Ana, mən toyumu Bakıda etməyəcəyəm. Təngəaltı kəndində edəcəyəm. Uşaqlara deyəcəyəm ki, maşınla yox, avtobusla gəlsinlər. Hamımız birlikdə yaxşı vaxt keçirək”. Oğlumun belə arzuları vardı. Təəssüf ki, o arzuların bir çoxu yarımçıq qaldı... Füzuli sonuncu dəfə sentyabrın 21-də evə gəlmişdi. Həmin vaxt atası xəstə yatırdı. Gəldi, məni də, atasını da həkimə apardı. Sonra evə qayıtdıq. Bir müddət evdən çıxmadı. Soruşdum: Oğlum, nə vaxt gedəcəksən? Dedi: “Ana, mənə zəng gələndə gedəcəyəm”. Çünki o, hər dəfə xidmətə gedəndə onun üçün hazırlıq görürdüm. Müxtəlif yeməklər bişirir, şirniyyatlar hazırlayırdım. Sentyabrın 26-da otaqdan çıxanda gördüm ki, Füzuli hazırlaşır. Soruşdum: Oğlum, hara gedirsən? Dedi: “Ana, mənə zəng gəlib, getməliyəm”. Bu dəfə hər şey o qədər qəfil oldu ki, ona əvvəlki kimi hazırlıq görə bilmədim. Evdə olan bəkməz, bal və digər ərzaqlardan bir qədər götürüb yola saldım. O gedəndən sonra fürsət tapdıqca bizimlə telefonla danışırdı. Həmişə soruşurdum: Füzuli, haradasan? Heç vaxt olduğu yeri demirdi. Sadəcə hər şeyin yaxşı olduğunu söyləyirdi. Bizə zəng edəndə deyirdi: “Ana, özünüzdən muğayat olun”. Biz də cavab verirdik: Oğlum, biz evdəyik. Sən isə uzaqdasan. Bizdən nigaran qalma, əsas sən özünü qoru. O isə bircə bunu deyirdi: “Biz sizi qoruyuruq”. Bu sözləri indi də xatırlayıram. Həmin vaxt bilmirdim ki, oğlumun hər kəlməsinin arxasında necə böyük bir məsuliyyət, necə ağır bir missiya dayanır...
Füzulinin hansı xüsusiyyətləri sizin yaddaşınızdan heç vaxt silinmir?
-Füzuli bəzən evə çox gec saatlarda, hətta sübh namazı vaxtı gəlib çıxırdı. Mən də həmişə onu gözləyirdim. Qapını azca döyən kimi dərhal oyanıb qapıya tərəf qaçırdım. Bilirdim ki, Füzuli gəlib. İndi də gecələr liftin səsini eşidəndə elə bilirəm ki, Füzuli gəlir... Onun asta yerişi, sakit gülüşü, təmkinli davranışı heç vaxt yadımdan çıxmır. Qapının gözlüyündən baxanda gözlərini görən kimi bilirdim ki, oğlumdur. Həmişə mənə deyirdi: “Ana, sən niyə gecə saat beşdə də soruşmursan ki, kim gəlib?” Mən də cavab verirdim: Səndən başqa bu saatda qapını kim döyər ki? Qapını açan kimi boynuma sarılır, üzümdən öpürdü. Heç vaxt inanmazdım ki, belə bir gün gələcək. Füzuli 16 il Vətənə xidmət etmişdi. Mən elə bilirdim ki, ona heç nə olmaz. Düşünürdüm ki, o, bütün çətin vəziyyətlərdən çıxa bilər. Çünki xidmət etdiyi ərazilərin hər daşına, hər qayasına bələd idi. Ana üçün övladı həmişə güclüdür, yenilməzdir. Mənim üçün də Füzuli belə idi. Onun başına bir iş gələcəyini heç ağlıma gətirmirdim.
Analar övladlarının ağrısını, çətin anlarını çox vaxt ürəkləri ilə hiss edirlər. Füzulinin şəhid olacağı ilə bağlı hər hansı bir narahatlığınız, hissiniz olmuşdumu?
-Füzuli həmişə özünü elə aparırdı ki, sanki ona heç nə olmayacaq. Mən də 16 il hərbi xidmətdə olan oğluma güvənirdim. Düşünürdüm ki, Füzuliyə heç nə olmaz. Hətta onun nəşi 50 gün neytral ərazidə qaldı. O 50 gün ərzində belə, oğlumun şəhid olduğuna inanmadım. Amma məndən başqa hamı Füzulinin şəhid olduğunu bilirmiş... Ana ürəyi bunu qəbul etmək istəmir. İndi də gecə yarısı pilləkəndən səs gələndə, liftin qapısı açılanda elə bilirəm ki, Füzuli bu dəqiqə içəri girəcək. Bu, sözlə ifadə olunmayacaq qədər ağır hissdir. Övladını itirən ana üçün zaman keçir, amma həsrət keçmir... Füzuli mənə deyirdi: “Ana, 2023-cü ildə təqaüdə çıxacağam. Həmin vaxt həm sənin doğum gününü qeyd edərik, həm də evlənərəm”. O, gələcəklə bağlı planlar qururdu. Biz də inanırdıq ki, bütün arzuları gerçəkləşəcək. Oktyabrın 6-da mənə zəng etdi: “Ana, özünüzdən muğayat olun”. Səsindən hiss etdim ki, boğuq danışır. Soruşdum: Oğlum, səsin niyə tutulub? Dedi: “Bir az iş vaxtı qışqırmışam, ona görə səsim tutulub”. Nə qədər soruşsam da, harada olduğunu demədi. Qardaşı ilə danışanda isə ona belə deyib: “Sənə bir neçə söz demək istəyirəm”. Qardaşı cavab verib: “ Füzuli, gələndə özün deyərsən”. Amma o, qayıtmadı... Digər oğlum Səbuhi hər gün işdən gələndə gözlərinin içi qıpqırmızı olurdu. Soruşurdum: Səbuhi, sənə nə olub? Deyirdi: “Ana, çox yorğunam”. Sən demə, Səbuhi hər şeyi bilirmiş. Qardaşının dərdini çəkirmiş. Mən isə bir ana kimi həqiqəti qəbul etmək istəmirdim... Övladlarım həmişə sülh və əmin-amanlıq şəraitində böyüyüblər. Atalarına, analarına böyük hörmətlə yanaşıblar. Biz çox mehriban ailə olmuşuq. Füzulinin yoxluğu isə evimizdə heç vaxt dolmayacaq bir boşluq yaradıb.
Füzulinin hərbiyə olan böyük sevgisinin kökündə nə dayanırdı?
-1990-cı illərdə evimizin qarşısından tanklar keçirdi. 20 Yanvar faciəsindən sonra Füzuli ilə birlikdə şəhərə çıxmışdım. Yerdə gördüyü qərənfilləri toplayıb maşınların üstünə qoyurdu. Çox sual vermirdi. Amma hiss edirdim ki, balaca ürəyində baş verənlərə qarşı böyük bir narahatlıq, düşmənə qarşı qəzəb var. Füzulini tez-tez Şəhidlər xiyabanına aparırdım. Ona hər şeyi başa salırdım. Heç vaxt inanmazdım ki, o, dediklərimi bu qədər dərindən yaddaşına həkk edər. Düşünürəm ki, məhz həmin illərdən Füzulidə hərbi peşəyə böyük maraq yaranmışdı. O, hərbi geyimlərə xüsusi həvəs göstərirdi. Kiminsə üstündə hərbi forma görəndə həmin gün çox sevinirdi. Atası onun hərbi xidmətə getməsini istəməsə də, Füzuli qətiyyətlə öz seçimini etdi. Dedi ki, mən hərbçi olacağam. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxuyarkən hərbi formasını böyük sevgi ilə geyinirdi. Bu peşə onun üçün sadəcə bir iş deyildi. Hərb onun həyatının mənasına çevrilmişdi. Füzuli Birinci Qarabağ müharibəsindən, Azərbaycan əsgərinin döyüş yolundan və erməni əsirliyində yaşanan amansız işgəncələrdən bəhs edən “Fəryad” filminə dəfələrlə baxırdı. Hətta filmin kasetini alıb təkrar-təkrar izləyirdi. Mən Füzulini şəhid olduqdan sonra bir daha kəşf etdim. Onun valideynlərinə olan sevgisini, qohum-qonşuya hörmətini hər zaman görmüşdüm. Amma onun keçdiyi böyük qəhrəmanlıq yolunu, döyüş yoldaşları üçün necə bir insan olduğunu məhz şəhidliyindən sonra daha dərindən öyrəndim. Ana üçün övladının hər uğuru böyükdür. Amma Füzulinin Vətən yolunda göstərdiyi fədakarlıqlar onun həyatının nə qədər böyük məna daşıdığını mənə bir daha göstərdi.
Döyüş yoldaşları Füzuli haqqında sizinlə hansı xatirələrini bölüşüblər?
-Oğlumun döyüş yoldaşları ilə danışanda onun haqqında söylədikləri sözlər mənim üçün çox qiymətlidir. Onlar Füzulini təkcə bir döyüşçü kimi deyil, həm də mərd, cəsur, yoldaşlarına dayaq olan bir insan kimi xatırlayırlar. Deyirlər ki, Füzuli döyüş meydanında qorxmazlığı, əzmkarlığı və Vətənə olan sevgisi ilə seçilirdi. Hər bir döyüş yoldaşının dərdinə şərik olur, çətin anlarında onlara mənəvi dayaq göstərirdi. Füzuli Aprel döyüşlərində də iştirak etmişdi. Onun keçdiyi döyüş yolunu mən əsasən silahdaşlarından öyrənmişəm. Döyüş yoldaşlarının dilindən eşitdiyim xatirələr mənə göstərdi ki, Füzuli təkcə mənim oğlum olmayıb. O, həm də silahdaşlarının qardaşı, dostu və qəlblərində yaşayan bir qəhrəman olub. Əsgərləri deyirdilər ki, Füzuli onlar üçün həm də mənəvi ata idi. Bu sözlər bir ana üçün çox böyük qürurdur. Mən ana kimi oğlumla fəxr edirəm. Onun adı, xatirəsi və Vətənə xidmət yolu yaşadıqca, Füzuli də yaşayacaq. Bu gün Ağ Şəhərdə Füzulinin adına küçə verilib. Cəmşid Naxçıvanski adına hərbi liseydə onun adına ingilis dili otağı fəaliyyət göstərir. Yaşadığımız məhəllənin həyətində isə sakinlərin təşəbbüsü və dəstəyi ilə xatirə bulağı inşa olunub. Bunların hər biri Füzulinin adının yaşadılması baxımından bizim üçün çox qiymətlidir. Ən böyük arzum budur ki, onun adı gələcək nəsillərə örnək olsun.
Müəllif qeydi:
Bir ananın qəlbində yaşayan əbədi həsrət... Şəhid Füzuli Əliyevin əziz anası Fərasət ana ilə söhbətimizi başa vurub yola düşdüm. Ananın dilindən süzülən hər bir kəlmə, oğluna olan sonsuz həsrəti və qəlbində yaşatdığı qürur məni bir daha düşündürdü. Bəzən bir ananın söylədiyi sadə bir cümlə bütöv bir ömrün hekayəsinə çevrilir. Fərasət ananın “Gecələr liftin səsini eşidəndə elə bilirəm ki, Füzuli gəlib” sözləri isə ana həsrətinin nə qədər ağır və sonsuz olduğunu bir daha göstərdi. Şəhid analarının ürəyində elə bir dünya var ki, orada həm bitib-tükənməyən həsrət, həm də övladları ilə bağlı sonsuz qürur yaşayır. Onların gözlərində Vətən uğrunda canından keçən övladlarının əbədi izi, sözlərində isə şəhidlərimizin müqəddəs xatirəsi var. Fərasət anadan ayrılarkən bir daha anladım ki, şəhidlərimizin həyatını, arzularını, keçdiyi şərəfli yolu və müqəddəs xatirəsini yaşatmaq bizim ən ali mənəvi borclarımızdandır. Çünki şəhidlər yalnız tariximizin deyil, həm də gələcəyimizin işığıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Fəridə Ağazadə
Jurnalist






Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








