
İntiqam İsmayılov 24 dekabr 1996-cı ildə Yevlax rayonunun Xanabad kəndində anadan olmuşdur. Yevlax rayon Xanabad kənd tam orta məktəbində təhsil almışdır. Boks ilə məşğul olur və boks üzrə müxtəlif səviyyəli yarışlarda iştirak edirdi.
İntiqam İsmayılov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra eyni hərbi birləşmələrin sıralarında müddətdən artıq hərbi xidmət qulluqçusu kimi xidmətini davam etdirirdi.
Azərbaycan Ordusunun əsgəri olan İntiqam İsmayılov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İntiqam İsmayılov 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu Yevlax rayonunun Xanabad kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam İsmayılov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam İsmayılov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İntiqam İsmayılov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
-İstərdik, İntiqamla bağlı xatirələrinizi bizimlə bölüşəsiniz. İntiqam necə övlad idi?












-İstərdik, İntiqamla bağlı xatirələrinizi bizimlə bölüşəsiniz. İntiqam necə övlad idi?
Şəhidin atası- Kasıb balası necə olar? İki oğlum da uşaqlıqdan elə mənə də, anasına da dəstək ola- ola böyüdülər. Heç özüm də bilmədim necə və nə vaxt boya- başa çatdılar. Onlar 90- cı illərin uşaqları idi. Çox çətin şəraitdə böyütdük onları. Sonra iki oğlum müxtəlif vaxtlarda əsgər getdikləri üçün iki qardaş demək olar üç il bir –birini görmədi. Hərbi xidmətini başa vurub gəldi. İdmançıydı. Mingəçevirdə iki il yarım idi ki, boksla məşğul olurdu. Sonra gözlənilmədən Gəncəyə getdi və Ağstafa kəşfiyyatına könüllü olaraq yazıldı. Ona deyirdim qardaşın kimi sənətlə məşğul ol, o isə deyirdi mən ya idmançı olmalıyam, ya hərbiçi. Çox keçmədi ki, sənədlərini toplayıb müddətdən artıq xidmət edən hərbiçi kimi xidmətə başladı.
-İntiqamın hansı xüsusiyyəti sizin yadınızdan çıxmır?
Şəhidin anası- O məzuniyyətə gələndə, mən ona deyirdim paltarlarını gətir yuyum, amma o mənə qıymırdı. Bir dəfə ayaqqabısını sildim. Üstümə elə hirsləndi ki... O bizim arxa- dayağımız idi. Bizə elə ürək –dirək verirdi ki. Deyirdi qardaşıma nişan eləyin hər şeyi özüm həll edəcəm. Şəhidin atası- Elə o cür də elədi. Bütün qazancını evə göndəriridi.
-İntiqam öz arzularını sizinlə bölüşürdümü?
Şəhidin atası- Yox, o bizimlə heç nə bölüşmürdü. Amma axırıncı dəfə gələndə qardaşını nişanlamaq istəyirdik. 2020- ci ilin may ayı idi. Bir gün gördüm stolun üstünə kifayət qədər çox pul qoyub. Dedim, qaqam bu nə puludu? Dedi qardaşımın nişanını edərsiz. Nişanın bütün xərclərini, əziyyətini çəkdi. Mayın 31 – hərbi hissəyə geri qayıtdı. Hər həftə bizə zəng edirdi. Bir müddət sonra müharibənin başlanması xəbəri yayıldı. Amma o hər dəfə bizimlə danışanda elə danışırdı ki, elə bil heç bir çətinliyi yoxdu, hər şey yaxşıdı. Gizlədirdi bizdən. Amma biz gecə Mingəçevir Su Anbarının bəndinə çıxanda atışmaların səsini aydın eşidə bilirdik. Vəziyyətinin gərginliyini oktyabrda başa düşmüşdük.
Şəhidin anası- Murov alınandan sonra evə zəng vurmuşdu. Səsi çox narahat gəlirdi, batmışdı. Soruşdum ki, nə olub? Dedi ana, narahat olma soyuqlamışam. Sonradan döyüş yoldaşları mənə dedi ki, sən demə, İntiqam bir neçə gün öncə Murov uğrunda gedən döyüşdəymiş və əsgər yoldaşlarını təhlükələrlə bağlı xəbərdar etmək üçün o qədər qışqırıbmış ki, səsi batıbmış.
Şəhidin atası- Cavanların ən çox sevdiyi bir maşın var -014. Onun da arzusu idi ki, həmin avtomobili alım ona. Mən də gedib aldım. Elə sevinirdi ki...
Şəhidin anası- Danışıb- gülən idi. Sevgisini gizlətməzdi. Alınan gün həmin maşına minib siqnal verə- verə evə gəldi. Dedi ana, şirinlik ver. Mən də cavab verdim ki, atan verib də şirinliyi, maşın alıb sənə. Dedi yox, sən gətir. Mən də cəmi bir manat pul verdim. O şəhid olandan sonra həmin bir manatın maşından asıldığını gördük. Mən indi başa düşürəm ki, o mənim əlimin bərəkətini istəyirmiş.
Şəhidin atası- Bu gün bir az təsəlli tapıram ki, heç olmasa o arzusunu yerinə yetirə bilmişəm.
Mən axrıncı dəfə onunla söhbət edəndə dedim ki, ehtiyatlı davran, özünü qoru. Mənə zarafatla cavab verdi ki, güllədən qaçan oğlan olmasam da, mənə güllə dəyən deyil. Həqiqətən də, qırx üç gündə ona güllə dəymədi. Noyabrın 9- u öyrəndik ki, ayın 8- i saat 11- 12 arası şəhid olub...
Fəridə Ağazadə
Jurnalist












Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








