
Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə can sağlığı versin!
Qısa arayış:
Xudiyev Samir Səməd oğlu 18 iyul 2003-cü ildə Bakı şəhərində anadan olub. 2009 -cu ildə E.Məhərrəmov adına 137 saylı orta məktəbin 1-ci sinfinə daxil olub, 2020-ci ildə isə həmin məktəbi bitirib. O, 2021-ci ilin iyulun 28-də həqiqi hərbi xidmətə yola düşüb. Hərbidə olduğu müddətdə fərqlənən və seçilən əsgərlərdən olub. Samir Laçın rayonun 157 saylı hərbi hissəsində əsgər Artileriya kəşfiyyatçısı olub. 2021 ci ilin noyabrın 13-dən 20-nə kimi Laçında Qaragöl ətrafında döyüşdə iştirak edib. Döyüşdə olduğu müddətdə minamiyot atəşi altında olarkən 2 nəfər XTQ zabiti (Xüsusi Təyinatlı Qüvvələri) xilas edib və səngərə girərək ermənilərlə əlbəyaxa döyüşərək düşmənləri tərki-silah edib. Samir istedadlı və bacarıqlı əsgərlərdən biri kimi hərbi xidmətdə olduğu müddətdə bir neçə kəşfiyyat əməliyyatlarında iştirak edib, verilən tapşırıqları dəqiq və nizamlı şəkildə yerinə yetirib. O, həmçinin “Ən yaxşı Minaatan Heyəti “yarışında iştirak edərək, 160 nəfərin içərisində 1-ci yerə layiq görülüb. Qarabağ üzrə Quru Qoşunlar Komandanı General -Mayor Münasib Babayev onu təltif edib. Eyni zamanda Samirin alnından öpərək ona pul və 5 günlük məzuniyyət hədiyyə verib. Respublika Quru qoşunlar Komandanı General-leytenant Ənvər Əfəndiyev Samiri şəxsən özü tanıyıb. Bir əsgəri bir neçə generalın tanıması böyük bir xoşbəxtlikdir. Hərbidə Samirin ləqəbi “Sarı” deyə səslənirilib. Samir 2 avqustda döyüş kəşfiyyatında olub və tapşırığı yerinə yetirib. 4 avqust axşam 22:30-dan döyüş əməliyyatına çıxıb. Lakin 5 avqust 2022-ci ildə saat 10:30-da Laçın rayonun Sarıbaba yüksəkliyində (2558 m) düşmən postunu almağa çalışarkən Şəhidlik zirvəsinə ucalıb. Xudiyev Samir Səməd oğlu ölümündən sonra "3-cü dərəcəli Vətənə xidmətə görə orden", "Vətən uğrunda" medalı ilə təltif olunub.
Şəhid Komando Samir Xudiyev 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olub. O, hərbi xidmətə başladığı ilk aylardan Qaragöl döyüşlərində iştirak edib, daha sonra Xüsusi Təyinatlı Dağ Komandosu kimi ən çətin tapşırıqlarda yer alıb. Atası, anası və bacısı Samirin uşaqlığından son danışığına qədər xatirələrini bizimlə bölüşüblər.
Samirin uşaqlığı necə keçib?
-Xudiyev Səməd (Atası) Samir 18 iyul 2003-cü ildə Bakı şəhərində anadan olub. Biz əslən Füzuli rayonundanıq, müharibə səbəbindən məcburi köçkün həyatı yaşamışıq. Mən 1998-ci ildə ailə qurmuşam. Üç övladımız var – böyük oğlum Rəsul, Samir və kiçik qızım Günay. Samir ailəmizdə tamam başqa xarakterli uşaq idi. Mən həmişə ona deyirdim ki, "məndən sonra bu evin böyüyü sənsən. Çünki məsuliyyət hissi çox güclü idi.
-Xanım Xudiyeva (Anası) Çox sakit, tərbiyəli uşaq idi. Məktəbdən heç vaxt onunla bağlı şikayət eşitməmişəm. Əksinə, müəllimləri həmişə tərifləyirdilər. Uşaqlar dalaşanda onları barışdıran Samir olurdu. Böyüyün-kiçiyin yerini bilirdi. Yaşlı insanların əlində ağır yük görəndə aparıb evlərinə qədər çatdırardı. Heç vaxt cavab qaytarmayıb. Hirslənəndə sakitcə otağına keçər, mən sakitləşəndən sonra gələrdi. Çox mehriban və qayğıkeş övlad idi.
Məktəb illərində hansı xüsusiyyətləri ilə seçilirdi?
-Atası: 2010-cu ildə Sabunçu rayonunun Savxoz Ramanı qəsəbəsində yerləşən 137 saylı Elşən Məhərrəmov adına məktəbdə təhsil almağa başladı. 2020-ci ildə orta məktəbi bitirdi. Oxumağı sevirdi. Pandemiya dövründə ali məktəbə qəbul imtahanında fizika fənnindən geri qaldığı üçün universitetə qəbul ola bilmədi. Amma hərbi hissədə komandirləri deyirdi ki, "Samir oxuyan uşaqlardan da savadlıdır". Riyazi hesablamaları və koordinatların müəyyən edilməsini çox dəqiq bacarırdı. Kitab oxumağı xüsusi sevirdi. Ən çox tarix kitablarına maraq göstərirdi. Hərbi hissədə də bizdən kitab göndərməyimizi istəyirdi. Deyirdi ki, insan ömrü boyu öyrənməlidir.
İdmana marağı necə yaranmışdı?
-Atası: Uşaqlıqdan idmanla məşğul olurdu. Üzgüçülüyə gedirdi, sonra kikboksinqə başladı. Boyu 1 metr 82 santimetr idi. Çox cəld idi. Hərdən zarafatla deyirdim ki, sənin cəldliyin məni də keçib. Turnikdə elə hərəkətlər edirdi ki, baxanlar heyran qalırdı. Mən özüm də vaxtilə xüsusi təyinatlı olmuşam. Ona həmişə deyirdim ki, hər nə öyrənirsənsə, ilk növbədə özünü qorumaq üçün öyrən.
Hərbi xidmətə nə vaxt yollandı?
Atası: 2021-ci ilin iyulunda hərbi xidmətə çağırıldı. Maraqlıdır ki, ad günündən cəmi bir neçə gün sonra əsgərliyə yola düşdü. Əvvəl Prişibdə xidmət etdi, sonra Qusara göndərildi. Daha sonra Laçında yerləşən hərbi hissədə xidmətini davam etdirdi. Cəmi dörd aylıq əsgər olmasına baxmayaraq Qaragöl döyüşlərində iştirak etdi. Orada böyük şücaət göstərmişdi. Döyüşdən sonra mənə zəng edib dedi: "Ata, oğlunla fəxr elə. Döyüşdə fərqlənmişəm”.
Qaragöl döyüşlərində hansı şücaəti göstərmişdi?
Atası: Orada iki xüsusi təyinatlı zabiti güclü minaatan atəşi altında döyüş meydanından çıxarmışdı. Mən uzun müddət gözlədim ki, o zabitlərdən biri gəlib desin: "Sənin oğlun məni xilas edib". Amma qismət olmadı. Səhər saat yeddidən axşam yeddiyə qədər dayanmadan minaatan atəşi altında döyüşmüşdülər. Samir həmin döyüşdən alnıaçıq çıxdı və komandirlərinin etimadını qazandı.
Daha sonra Komando hazırlığına necə seçildi?
Atası: Qaragöldən sonra seçimlər oldu və Samir Xüsusi Təyinatlı Dağ Komandosuna qəbul edildi. Laçının N saylı hərbi hissədə ağır hazırlıqlar keçdi. Dağ komandosu olmaq hər adamın işi deyil. Dağ şəraitində döyüşmək üçün xüsusi fiziki hazırlıq, dözüm və peşəkarlıq lazımdır. Mən sonradan onun xidmət etdiyi yüksəkliklərə gedəndə bunu öz gözlərimlə gördüm. O vaxt başa düşdüm ki, dağ komandoları ordunun ayaqları, ağciyərləri və dayaq sütunudur. Ən çətin yüksəkliklərə məhz onlar qalxır, ən ağır tapşırıqları onlar yerinə yetirirlər. Samir də həmin hazırlıqlardan uğurla keçərək kəşfiyyat-həmlə qrupunda xidmət etməyə başladı.
Samirin hərbi xidməti dövründə fərqləndiyi məqamlar hansılar idi?
-Atası: Samir xidmət etdiyi müddətdə dəfələrlə döyüş tapşırıqlarında iştirak edib. Xüsusi Təyinatlı Komandonun kəşfiyyat-həmlə qrupunda xidmət edirdi. Minaatandan hədəfləri yüksək dəqiqliklə vurduğuna görə 162 nəfərlik heyətin içindən seçilərək 5 günlük məzuniyyət və pul mükafatı ilə təltif olunmuşdu. Bu mükafatı ona Quru Qoşunlarının komandanlığı təqdim etmişdi. Məzuniyyətini isə ad gününə saxlamaq istəyirdi. Deyirdi: "Ata, həmin beş günü ad günümdə istifadə edəcəyəm". Amma sərhəddə vəziyyət gərginləşdi və məzuniyyətə gəlmək qismət olmadı.
Sonuncu dəfə nə vaxt danışmışdınız?
-Atası: Sentyabrın 4-də danışdıq. Həmişə olduğu kimi, açıq danışmırdıq. Hərbi sirr olduğuna görə öz aramızda parollarımız vardı. Mən hava haqqında soruşurdum, əslində isə vəziyyəti öyrənirdim. O da cavab verirdi ki, "quş ovuna gedirik". Mən bilirdim ki, bu söz kəşfiyyat tapşırığı deməkdir. Səsində qəribə bir arxayınlıq vardı. Heç vaxt bizi narahat etmək istəmirdi.
Xanım ana, sizinlə son söhbəti necə yadınızda qalıb?
Anası: Həmişə ona deyirdim ki, özünü qoru. O isə hər dəfə eyni cavabı verirdi: "Ana, mən getməsəm, o getməsə, bəs sizi kim qoruyacaq?" Mən də əsəbiləşib dedim: "Bizi qorumaq sənə qalıb?" Gülümsəyərək dedi: "Ana, sən məni başa düşmürsən…” Sonra əlavə etdi: "Günayı oxudarsınız. Bacımı mütləq oxudun". O vaxt bilmirdim ki, bu, mənim oğlumdan eşitdiyim son sözlər olacaq.
Samirin bacısı ilə münasibəti necə idi?
Anası: Günayı çox istəyirdi. Hətta qızımız dünyaya gələndə demişdi: "Qoy bacım olsun. Hamının bacısı var, mənim də olsun. Onu mən böyüdəcəyəm." Əsgərliyə gedənə qədər bacısına özü baxırdı. Məktəbə aparır, gətirir, onunla şəkil çəkir, rəsm çəkirdi. Həmişə tapşırırdı ki, bacıya diqqət edin. Son sözü də elə bu oldu: "Bacımı oxudun..."
Günay qardaşını necə xatırlayır?
Günay (bacısı): Mənə həmişə çox yaxşı davranırdı. Zarafatlaşırdıq, bəzən dalaşırdıq, amma sonra özü gəlib məni qucaqlayırdı. Mənə demişdi ki: "Yaxşı oxu. Universitetə qəbul ol". İndi də həmin arzunu həyata keçirmək istəyirəm. Rəsm çəkməyi sevirdik. Mənim rəssamlığa marağımı da o həmişə dəstəkləyirdi. Bəzən elə hiss edirəm ki, yanımdadır. Bir dəfə sanki gəlib məni qucaqladı. Yuxuda yox, sanki həqiqətən hiss etdim. Başqa bir dəfə yuxuma gəldi. Muzeyə baxdı, sonra üzümə gülümsəyib dedi: "Çox gözəl alınıb".
Şəhid olacağı ilə bağlı hansısa hissləriniz olmuşdu?
Anası: Bəli... Bunu izah etmək çox çətindir. Şəhid olmamışdan əvvəl dəfələrlə gözümün qarşısına bayrağa bükülmüş tabut gəlirdi. Yuxu deyildi. Günün günorta çağı iş görərkən belə bunu görürdüm. Amma dilimə gətirə bilmirdim. Elə bil Allah məni ağır xəbərə hazırlayırdı. Şəhid olduqdan sonra isə bir dəfə hiss etdim ki, gəlib məni qucaqladı. Onun ətrini hiss etdim. O hissi heç vaxt unuda bilmərəm.
Samirin dostları ilə bağlı sizi təsirləndirən nədir?
Atası: Dörd ilə yaxındır ki, dostları bizi tək qoymur. Ad günlərində, bayramlarda, Novruzda, 8 Martda mütləq gəlirlər. Bir dəfə həyat yoldaşımın adgünü idi. Biz özümüz tort almışdıq. Birdən gördük uşaqlar da tortla gəliblər. Dedilər: "Samir göndərib bizi". Onlar tələbə idilər, imkanları da çox deyildi. Amma Samirin ailəsini heç vaxt unutmadılar. Samir özü də dostlarına çox bağlı idi. Kasıb bir dostu üçün məndən xahiş etmişdi ki, onu yanımda işə götürüm. Sonradan həmin oğlan təhsilini davam etdirdi, magistratura oxudu. Hər dəfə onu görəndə Samirin mərhəməti yadıma düşür.
Samir ailədə necə övlad idi?
Atası: Üç övladım var. Hamısını eyni dərəcədə sevirəm. Amma etiraf edim ki, Samir ailəmizin dayağı idi. Evə gələndə üçü də qaçıb məni qarşılayardı. Qapını açar, boynuma sarılardılar. Mənim var-dövlətim övladlarım idi. Samir heç vaxt üzümə ağ olmayıb. Nə desəm, dinləyərdi. Səhv edəndə başını aşağı salardı, haqlı olanda isə gözümün içinə baxardı. Qısa ömür yaşadı, amma kişi kimi yaşadı. Elə insanlar var yüz il yaşayırlar, heç iz qoymurlar. Elə insanlar da var ki, 19-20 ildə bir tarix yazırlar. Mənim oğlum da həmin oğullardan biri oldu. Dövlət tərəfindən "Zəfər" ordeni ilə təltif edildi, adına küçə verildi. Bu gün mən təkcə Samirin yox, bütün şəhidlərin atası olduğumu hiss edirəm. Onların hər biri mənim övladımdır. Bizim borcumuz onları unutdurmamaq, gələcək nəsillərə tanıtmaqdır.
Qısa yekun...
-Samir Xudiyev cəmi 20 il ömür yaşadı. Ancaq bu ömür illərlə ölçüləcək qədər mənalı, şərəfli və örnək bir həyat yolu oldu. Məcburi köçkün ailəsində böyüyən, uşaqlıqdan Vətən sevgisi ilə tərbiyə olunan Samir məktəbdə tərbiyəsi, insanlara münasibəti, idmanda qazandığı iradəsi və hərbi xidmətdə göstərdiyi peşəkarlığı ilə seçildi. Qaragöl döyüşlərindən başlayaraq Xüsusi Təyinatlı Dağ Komandosu kimi xidmət edən Samir ən çətin tapşırıqlarda iştirak etdi. Döyüş yoldaşlarının həyatını xilas etdi, komandirlərinin etimadını qazandı və son nəfəsinə qədər hərbi andına sadiq qaldı. Onun son sözləri isə ailəsinin yaddaşında əbədi həkk olundu: "Ana, mən getməsəm, o getməsə, bəs sizi kim qoruyacaq?.. Bacımı oxudun..." Bu gün Samirin ata ocağında onun xatirəsinə yaradılmış guşə təkcə ailənin deyil, məktəblilərin, gənclərin və onu tanıyan hər kəsin ziyarət etdiyi bir məkana çevrilib. Divarlardakı şəkillər, medallar, şəxsi əşyaları və döyüş yolunu əks etdirən xatirələr bir ömrün necə şərəflə yaşandığını səssiz şəkildə danışır.
Şəhidimizin atası Səməd müəllim söhbətin sonunda bir cümlə ilə həm oğlunu, həm də bütün şəhidlərimizi xarakterizə etdi:
"Onlar az yaşadılar, amma kişi kimi yaşadılar. Elə insanlar var yüz il yaşayır, heç bir iz qoymur. Elələri də var ki, iyirmi ilə bir tarix yazır. Samir də həmin oğullardan biri idi."
Şəhidmizin anası Xanım ana isə oğlunun yoxluğuna alışmağın mümkün olmadığını deyir. Onun sözlərinə görə, zaman keçsə də, övlad həsrəti dəyişmir:
"Hər gün elə bilirəm qapı açılacaq, Samir içəri girəcək. Ana üçün övlad heç vaxt unudulmur. Amma təsəllimiz odur ki, o, Vətən uğrunda şəhid oldu."
Bacısı Günay isə bu gün də qardaşına verdiyi sözü tutmağa çalışır. Samirin son arzusu onun təhsil alması idi:
Günay deyir ki, universitetə qəbul olmaq və gələcəkdə uğurlu dizayner kimi yetişmək qardaşına ən böyük hədiyyəsi olacaq. Samirin həyat hekayəsi təkcə bir şəhid ailəsinin ağrısı deyil. Bu, Vətən uğrunda canından keçən Azərbaycan əsgərinin, ailə sevgisinin, dostluğun, mərhəmətin və fədakarlığın hekayəsidir. Belə oğulların adı yalnız məzar daşlarında deyil, onları tanıyan insanların qəlbində, gələcək nəsillərin yaddaşında və Azərbaycanın qəhrəmanlıq salnaməsində əbədi yaşayacaq.
Fəridə Ağazadə
Jurnalist












Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








