
Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə can sağlığı versin!
Qısa arayış:
Qasımov Orxan Rizvan oğlu 21 yanvar 1996-cı ildə Bakıda doğulub. Əslən Füzulinin Qacar kəndindəndir. 2013-cü ildə 296 №li məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənayə universitetinin Qaz-neft-mədən fakültəsinin Neft-qaz mühəndisliyi ixtisasına qəbul olur. 2017-ci ildə təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanır. 2018-ci ildə tərxis olunur. 2020-ci ildə Vətən müharibəsinə qatılıb və 27 sentyabrda Füzulinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Şəhadətindən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Döyüşdə fərqlənməyə görə", “Vətən uğrunda”, "Cəsur döyüşçü", “Xocavəndin azad olunmasına görə” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Orxan Qaımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Gülsarə ana, Orxanın xarakteri və uşaqlıq illəri haqqında bizə bir qədər danışardınız...
-Orxan çox mərhəmətli, xeyirxah, valideyn sözünə baxan, istiqanlı bir övlad idi. Təkcə mənim deyil, hətta qonşularımızın da hər zaman köməyinə çatardı. Elm və təhsil yolunda böyük həvəslə çalışır, bütün fənlər arasında isə ən çox riyaziyyatı sevirdi və bu fənni mükəmməl bilirdi. Bir sözlə, Orxan zəhmətkeş, əzmkar və məqsədyönlü bir uşaq idi. Uşaqlıqdan riyaziyyata olan sonsuz sevgisi ona müxtəlif olimpiadalarda yüksək nəticələr qazanmağa imkan yaratmışdı. Hələ məktəb illərindən bütün müəllimləri ondan razılıq edər, mən isə onun haqqında yalnız xoş və qürurverici sözlər eşidərdim. Orxan ibtidai sinifdə oxuyarkən müəllimi onu hər gün özü aparıb-gətirirdi. Düşünürəm ki, məhz ibtidai sinif müəlliminin onun qəlbində yaratdığı riyaziyyat sevgisi sonrakı uğurlarının təməlini qoydu. Müəllimi dörd il ərzində ona böyük qayğı göstərdi, Orxan da müəlliminə sonsuz sevgi və hörmət bəsləyirdi.
Orxan dostcanlı və sədaqətli idi…
Dostlarına çox dəyər verərdi. Hətta dostu üçün canını belə əsirgəməyəcək qədər sədaqətli bir insan idi. Bəzən elə olurdu ki, Orxan qəfil harasa gedirdi. Evə qayıdanda soruşurdum: “Bala, harada idin?” O isə təbəssümlə cavab verirdi: “Qonşuluqdakı filankəs xalaya nəsə almağa getmişdim”. Onun bu xeyirxahlığı və köməksevərliyi hər zaman məni qürurlandırırdı. Biz əslən Füzuli rayonunun Qacar kəndindənik. O illərdə yataqxanada yaşayırdıq. Heç vaxt yadımdan çıxmır... Bir gün Orxan məndən velosiped istədi. Yataqxanada yaşadığımız üçün onu saxlamağa yerimiz yox idi. Ürəyim çox istəyirdi ki, ona velosiped alım, amma buna imkanımız çatmadı. Hələ də Orxanın o günkü göz yaşları gözümün önündən getmir. Biz düşünürdük ki, bir otağın içində velosipedi harada saxlayaq? Buna görə də bəzən ona pul verirdim ki, gedib velosiped sürsün, bəlkə bir az ürəyi ovunar. Sonralar isə bura köçəndən sonra Orxan artıq böyümüşdü və velosipedə olan marağı əvvəlki kimi qalmamışdı.
Orxanın riyaziyyat fənninə olan sevgisi ona hansı uğurlu nəticə qazandırıb?
-Orxan uşaq vaxtından çox ağıllı, bilikli və çox zəkalı idi. Ali məktəbə qəbul imtahanında riyaziyyat fənnindən 25 sualdan 24-nü düzgün cavablandırmışdı. Riyaziyyatı o qədər mükəmməl bilirdi ki, hətta yuxulu vəziyyətdə belə ona riyaziyyatdan sual verilsəydi, cavabı dərhal deyərdi. Bir dəfə yuxusunda görmüşdü ki, qəbul imtahanında 531 bal toplayıb. Səhər yuxusunu mənə danışanda gülümsəyərək dedim: "Ay bala, sən 400 balı keç, mən şükür edərəm". Amma inanın ki, qəbul imtahanında yuxusunda gördüyü kimi düz 531 bal topladı. Universitet illəri də Orxan üçün zəhmət, əziyyət və uğurlarla dolu keçdi. O vaxtlar şəhərə gedib-gəlmək indiki kimi rahat deyildi. Çətinliklər çox idi. Amma Orxan heç vaxt bu çətinliklərdən gileylənməz, hər əziyyətə səbir və qətiyyətlə sinə gərərdi. Orxanın təhsildən başqa idmana da böyük marağı vardı. Həyətimizdə idman üçün bəzi ləvazimatlar var idi və o, onlarla məşq etməyi çox sevirdi. İdman onun üçün sadəcə hobbi deyildi, həyat tərzinə çevrilmişdi. Hətta həyətdə öz əlləri ilə turnik düzəltmişdi və boş vaxtlarını orada məşq etməklə keçirərdi.
Ana-bala kimi sizinlə hər şeyi bölüşürdümü?
-Orxan hər şeyi danışmağı sevən oğul deyildi. Daxilində yaşayan hissləri daha çox özü ilə bölüşərdi. Çox nadir hallarda dostlarına nəsə danışardı. Hərbi xidmət illərində də bizi heç vaxt narahat etmədi, heç bir çətinliyini hiss etdirmədi. Vətəninə sonsuz bağlı idi. Elə bil hər an döyüşə gedəcəkmiş kimi yaşayırdı. Onun düşüncəsində hər zaman Vətən dayanırdı.
Müharibəyə gedəcəyi günü necə xatırlayırsınız?
-Axşam işdən sonra zəng gəldi. Mən də Orxana dedim ki, onu çağırırlar. Heç vaxt ağlıma gəlməzdi ki, bu xəbəri oğluma mən deyəcəyəm. Səhər açıldı və sanki adi bir gün idi. Heç nə olmamış kimi onu yola saldıq. Hətta Orxanın evdən çıxıb getdiyi anların videosu da var. İnanın, gedəndə heç birimiz qəlbimizə pis fikir gətirmirdik. Sanki gedəcək və yenə geri qayıdacaqdı. Əslində isə hara getdiyini, hansı təhlükənin içinə addımladığını yaxşı anlayırdıq. Amma insanın ürəyində həmişə bir ümid olur... Orxan Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə iştirak etdi. Elə həmin torpaqlarda da ən uca zirvəyə – şəhidlik məqamına yüksəldi. Cəmi bir həftə döyüşsə də, böyük şücaət göstərdi. Bu gün də Orxanın mərdliyindən, cəsarətindən və qəhrəmanlığından böyük qürurla danışırlar.
Analar övladlarının çətin anlarını həmişə hiss edirlər. Siz də nələrsə hiss etmişdinizmi?
-Orxan gedəndən sonra yuxularım tamam dəyişmişdi. Gecələr eyni yuxuları təkrar-təkrar görürdüm. Xüsusilə bir yuxu vardı ki, onu heç cür unuda bilmirdim. Sanki ürəyimdə izah edə bilmədiyim bir hiss vardı. Elə bil hər an nəsə baş verəcəkdi. Ürəyim daim səksəkə içində yaşayırdı. Amma Orxanın şəhidlik xəbərini eşidəndə yenə də inanmadım. Ana qəlbi buna necə inansın? Bilirəm ki, bu, bütün şəhid analarının yaşadığı, sözlə ifadə olunması mümkün olmayan ağır bir hissdir. Bir dəfə dostunun universitetdə kəsri qalmışdı. Orxan qazandığı pulun bir hissəsini yığaraq həmin dostunun kəsrini ödəmək qərarına gəlmişdi. Mənə də dedi ki: "Ana, bu pulu məhz onun üçün yığıram ki, gedib kəsrini ödəsin". Orxan şəhid olandan sonra həmin dostu universiteti bitirib diplomunu aldı və gəlib bizi ziyarət etdi. Gözləri dolaraq dedi: "Gülsarə xala, kaş Orxan mənim diplom aldığımı görəydi..." O qədər yardımsevər, dostcanlı, mərhəmətli idi ki, ehtiyacı olan heç kəsi geri çevirməzdi. Kömək etmək onun xarakterinin ayrılmaz bir hissəsi idi.
Hansı arzuları vardı?
-Orxanın o qədər arzuları var idi ki... Bir gün sevincək evə gəlib dedi: "Ana, özümə 5 sot torpaq almışam. Amma mənə bir az kömək edin". Sonra gülümsəyərək dedi: "Hələlik torpaq almışam, qalanını sonra baxarıq". Onun ən böyük arzularından biri də Türkiyədə ikinci ali təhsil almaq idi. O vaxt biz buna razı olmadıq. İndi isə hər dəfə bunu xatırlayanda ürəyimdən yalnız bir cümlə keçir: Kaş icazə verəydik... Kaş Orxan Türkiyədə oxumaq arzusunu da həyata keçirə biləydi...
Orxanın atası ilə münasibəti haqqında bir qədər danışardız…
-Orxanın atası Birinci Qarabağ müharibəsi qazisi idi. Orxan atası ilə həyatının bir çox məqamlarını bölüşər, ona müxtəlif suallar verərdi. Xüsusilə Birinci Qarabağ müharibəsi ilə maraqlanar, o dövrdə döyüşlərin necə keçdiyini, hansı çətinliklərin yaşandığını soruşardı. Atası da hər zaman onun suallarını səbirlə cavablandırardı. Atası deyirdi: “İndi ölkəmiz güclüdür, qüdrətlidir. Amma o vaxtlar silah tapmaq belə çox çətin idi. Buna baxmayaraq, oğullarımız böyük mərdlik və cəsarətlə Vətən uğrunda döyüşürdülər”. Üç övladımın hamısı mehriban, qayğıkeş və zəhmətkeş idi. Orxan isə xüsusilə əziyyət çəkməkdən çəkinməzdi. İki yerdə işləyirdi – həm özəl müəssisədə, həm də marketdə. Öz zəhməti ilə dolanır, heç vaxt bizdən nəsə istəmirdi. Orxanın uşaqlara sevgisi sonsuz idi. Onlarla vaxt keçirməyi çox sevirdi. Bir gün telefonla danışarkən mənə dedi: “Ana, bax gör oğlun nə böyük adam olacaq”. O sözlər bu gün də qulağımdan getmir. Amma döyüşə getməsinə təxminən bir ay qalmış Orxanın əhvalında dəyişiklik hiss edirdim. Həmişəki gülərüz, şən Orxan deyildi. Sanki ürəyinə nəyinsə olacağı dammışdı. Çünki o, hər hissini dilə gətirən insan deyildi. Dərdini də, narahatlığını da içinə atar, heç kimlə bölüşməzdi.
Orxan haqqında yadınızda qalan başqa hansı xatirələr var?
-Orxan ağlı, savadı və yüksək tərbiyəsi ilə hər kəsdən seçilən bir oğlan idi. Mən hər zaman valideyn iclaslarına başıuca gedirdim. Çünki bütün müəllimləri onun haqqında yalnız gözəl sözlər deyirdilər. Üç övladımın hər biri mənə yalnız qürur yaşadıb. Bir ana üçün bundan böyük xoşbəxtlik yoxdur. Həyatın acısı çox olsa da, Orxan yaşadığı ömür boyu mənə yalnız fəxr və qürur hissi yaşatdı.
Hazırda Orxanın adını daşıyan küçə varmı?
-Bəli. Hazırda yaşadığımız ərazidə yerləşən küçələrdən biri Orxanın adını daşıyır. Onun qəhrəmanlığı, Vətənə olan sonsuz sevgisi sözlə ifadə olunacaq qədər deyil. Mənim ən böyük arzum Orxanın əziz xatirəsini daim yaşatmaqdır.
Gülsarə ana, Orxan heç yuxularınıza gəlirmi?
-Son vaxtlar Orxanı yuxularımda görmürəm. Amma şəhid olduğu ilk vaxtlarda tez-tez yuxuma gəlirdi. Elə bil ən ağır günlərimdə yanımda olurdu. Özümü halsız, zəif və çıxılmaz hiss etdiyim anlarda onu yuxuda görürdüm. Qucaqlayır, bağrıma basır, öpürdüm. Hətta yuxudan oyandıqdan sonra uzun müddət onun ətri, qoxusu sanki üzərimdən çəkilmirdi. Bir dəfə yuxumda yanıma gəlib dedi: “Ana, mən çimmişəm. Kondisioneri söndür”. Sonra sakitcə başını dizlərimin üstünə qoydu. Üzündə elə bir nur vardı ki, sanki bütün qaranlığı işığa qərq edirdi. O anı heç vaxt unuda bilmirəm.
Müəllif qeydi:
Bu müsahibənin hər sətrində bir ömrün izi, bir ailənin həsrəti, bir Vətən oğlunun müqəddəs xatirəsi yaşayır. Şəhidlərimiz canları bahasına xalqımıza Zəfər, sabahımıza isə ümid bəxş etdilər. Onlar qaranlığımızı işığa çevirdilər, bizə başıuca yaşamağın qürurunu miras qoydular. Bu müqəddəs xatirələri yaşatmaq hər birimizin mənəvi borcudur. İnanırıq ki, qəhrəman şəhidlərimizin adı və əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, gələcək nəsilərə Vətən sevgisinin ən uca nümunəsi kimi ötürüləcək.
Fəridə Ağazadə
Jurnalist









Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








