
Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə can sağlığı versin!
Qısa arayış:
Emil Rafiq oğlu Şamilov 1996-cı ilin 3 iyul tarixində Bakı şəhərində anadan olub. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu 170 saylı orta məktəbdə alıb, Bakı şəhəri, 296 saylı orta məktəbdə davam edib, oradan məzun olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci Neft Mühəndisliyi ixtisasına qəbul olub. Məktəb vaxtlarından idmanla məşğul olduğundan, növbəti illərdə də idman sahədində uğurlar qazanıb. Kolleci bitirdikdən sonra Naxçıvanda N saylı hərbi hissədə Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu (əsgəri) olub. Xidməti başa vurduqdan sonra yenidən idmana davam edib. Emil Şamilov 12 qat Azərbaycan, Zaqafqaziya və Avropa çempionudur.
2020-ci ilin sentyabr ayında könüllü olaraq hərbi komissarlığa müraciət edib və 16 oktyabrda hərbi hissəyə çağırılıb. Xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərlə davam edib və sonra döyüşə qatılıb. 2020-ci ilin 26 oktyabrda tarixində Şuşanın azad edilməsi əməliyyatı zamanı Xocavəndin Tuğ kəndində snayper atəşindən şəhid olub.
Ölümündən sonda “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə2, “Hərbi xidmətlərə görə", “Füzulinin azad olunmasına görə" medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. Emil Şamilov Bakı şəhərinin Sabunçu rayonu inzibati rayonu ərazisində yerləşən Ramana qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.
Validə xanım, Emil necə övlad idi? Uşaqlıq illərindən onda hansı fərqlilikləri hiss edirdiniz?
– Emil doğulduğu gündən çox fərqli uşaq idi. Ailədə iki qardaş, bir bacı idilər. Hələ kiçik yaşlarından davranışları, düşüncəsi və həyata baxışı yaşıdlarından seçilirdi. Onu ərəb təmayüllü bir bağçaya qoyduqdan sonra dinə və dini elmə böyük marağı yarandı. Həmin bağça Bakıxanov qəsəbəsində yerləşirdi və həftəlik fəaliyyət göstərirdi. O dövrlər maddi vəziyyətimiz ağır idi. Uşaqlarımıza istədiyimiz hər şeyi təmin edə bilmirdik. Buna görə də Emili həmin bağçaya qoymuşduq. Amma bilmirdik ki, bu seçim onun həyatında belə böyük iz qoyacaq.Bir gün evdə süfrə açmışdım. Yeməyə başlamaq istəyirdik ki, Emil bizə dedi: "Yeməyə başlamazdan əvvəl "Bismillah", yeməyi bitirdikdən sonra isə "Əlhəmdülillah" deyin." Həmin gün çox təsirləndim. Mən Fatihə surəsini ilk dəfə oğlum Emildən öyrəndim. Cəmi beş yaşı vardı, amma artıq Fatihə surəsini və süfrə duasını əzbər bilirdi. Evimizdə dini bilikləri bizə məhz Emil öyrədirdi. Yaşca hamımızdan kiçik olsa da, sanki böyüklər kimi bizə dini, duaları və surələri sevdirirdi. Uşaq olmasına baxmayaraq, evdə hər kəs ondan öyrənirdi. Bu gün geriyə baxanda düşünürəm ki, Emil Allaha çox yaxın bir bəndə imiş. Sanki Uca Allah onu əvvəldən öz hüzuruna layiq şəkildə yetişdirirmiş. Həmişə deyirəm ki, Allah Emili bu dünyada mənə sadəcə əmanət vermişdi. Mən o əmanəti 24 il qorudum. Sonra Allah buyurdu ki, artıq bəsdir, onu öz yanıma aparıram. Mən evimdə bir mələk böyütmüşəm, amma bunun fərqində olmamışam. Emil heç bir canlıya zərər verməyi bacarmırdı. Çox sakit, mərhəmətli və həlim xasiyyəti vardı. Nə mənim, nə də atasının xətrinə heç vaxt dəyməzdi. Ona nəsə desəydik, əsla cavab qaytarmazdı. Sadəcə başını aşağı salıb sakitcə uzaqlaşardı.
Uşaqlıqda ən çox nə ilə məşğul olmağı sevirdi?
– Uşaqlıqdan idmana böyük həvəsi vardı. Təxminən on yaşından onu idmana yönəltdim. Mən istəyirdim ki, gələcəkdə polis olsun. Amma Emil deyirdi ki, özünü yalnız idmanda görür. Diş texnikliyi və neft sahəsi üzrə operator ixtisaslarını da bitirmişdi, diplomları vardı. Buna baxmayaraq, bir gün bizə dedi: "Mən özümü idman sahəsində tapmaq istəyirəm." Bu arzusu uğrunda gecə-gündüz çalışdı. Min bir zəhmət və əziyyətlə öz şəxsi idman zalını yaratdı. Müəllimləri belə ona qibtə edirdilər. Deyirdilər ki, Emil gənc yaşında böyük əziyyət hesabına öz idman zalını qurub. Həmin zalın açılışı da çox möhtəşəm olmuşdu. Bu gün isə həmin məkan onun xatirəsinin yaşadıldığı müqəddəs bir yerə çevrilib.
Emil yaddaşınızda necə bir övlad kimi qalıb?
– Emil mənə çox bağlı idi. Ürəyində nə vardısa, ilk mənimlə bölüşərdi. Hansı çətinliyi, hansı sevinci yaşayırdısa, mütləq mənə danışardı. Ukraynada Avropa çempionu olanda mənə görüntülü zəng etdi. Həyəcan içində dedi: "Ana, bu hiss tamam başqadır... Axır ki, arzuma çatdım." O an onun sevincini sözlə ifadə etmək mümkün deyildi. Biz həmişə Emili yarışlara böyük qürur və təntənə ilə yola salardıq. Yarışdan qayıdanda isə hava limanına gedib eyni coşqu ilə qarşılayardıq. Sonralar Almaniyada keçiriləcək dünya çempionatına hazırlaşırdı. Təəssüf ki, taleyi ona həmin yarışa qatılmağı nəsib etmədi...
Validə xanım, Emilin şəxsi həyatı ilə bağlı arzuları nələr idi? Müharibədən əvvəl evlənməyi düşünürdümü?
– Bəli. Emilin təxminən beş ilə yaxın idi ki, sevdiyi bir qız var idi. Müharibədən əvvəl qızın ailəsi ilə tanış olmuşduq, el adəti ilə "hə"lərini də almışdıq. Mən ona deyirdim: "Anan qurban, qoy 25 yaşın tamam olsun, inşallah toyunu edərik". Həmin vaxt evimizi təmir etdirirdik. Maddi baxımdan toy etmək üçün münasib şəraitimiz yox idi. Emil də bunu çox yaxşı anlayırdı. Hətta evimizin damını öz əlləri ilə təmir edirdi. Damın işini başa çatdırandan sonra mənə dedi: "Ana, indi artıq rahat gedə bilərəm." O zaman bu sözlərin mənasını anlamamışdım... Sonralar bizə dedi ki, onu mütləq müharibəyə çağıracaqlar və xəbəri gözləyirdi. Sən demə, bizdən xəbərsiz artıq könüllü olaraq müharibəyə yazılıbmış. Bunu yalnız qardaşına demişdi. General Polad Həşimov şəhid olduqdan sonra hər iki qardaş qərara gəlib ki, könüllü şəkildə döyüşə yollansınlar. Ancaq Emil qardaşına deyib: "Sənin iki övladın var. Mən subayam, qoy mən gedim". Bu sözləri sonradan eşidəndə ürəyim parçalandı.
Onun cəbhəyə yola salındığı günü necə xatırlayırsınız?
– Oktyabrın 9-u gecə saat 11 radələrində bizə zəng gəldi. Dedilər ki, Emil səhər saat 07:30-da hərbi hissədə olmalıdır. Dərhal Emilə zəng etdim və dedim: "Gözün aydın, səni çağırıblar". Elə sevinc içində evə gəldi ki... Sanki illərlə gözlədiyi arzusu gerçəkləşmişdi. Dedi: "Ay şükür, nəhayət məni də çağırdılar". Mən isə təəccüblə dedim: "Ay bala, bu müharibədir. Buna necə sevinirsən?" İnanın, onun üzünə baxıb qalmışdım. Emilin atası da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Emil mənə baxıb elə bir cümlə dedi ki, ömrüm boyu yadımdan çıxmayacaq: "Ana, mən getməyim, o getməsin, bəs kim getsin?" Bu sözlərin qarşısında artıq deyəcək heç nəyim qalmamışdı. Oktyabrın 10-da onu Vətənə əmanət etdik. Hətta böyük oğlum da israr edirdi ki, o da döyüşə getsin. Mən isə göz yaşlarımı saxlaya bilməyib deyirdim: "Heç olmasa, biriniz gedin..." Orada olan polis əməkdaşı yaxınlaşıb dedi: "Ananızın halına baxın. Ağlamaqdan ürəyi dayanacaq. İkinizdən biri getsin." Emillə son görüşümüz də məhz həmin gün oldu. Sonradan döyüş yoldaşları danışırdılar ki, Emilin olduğu bölük üç gün mühasirədə qalıb.
Emili necə xatırlayırsınız? Onun insanlara münasibəti necə idi?
– Emil həmişə özündən yaşca böyük insanlarla söhbət etməyi sevərdi. Onları diqqətlə dinləyər, fikirlərindən nəticə çıxarardı. El arasında deyirlər ki, "Böyüklərlə oturan müdrik olar". Emil də həqiqətən belə idi. Böyüklərə sonsuz hörmət göstərər, balacalarla isə dost kimi davranardı. İdman zalında tələbələrinə yalnız müəllim kimi yox, ata qayğısı ilə yanaşardı. Onlara həmişə deyirdi: "İdmanda sizə müəlliməm. Amma məşq bitəndən sonra mən sizin dostunuz, qardaşınız və sirdaşınızam". Bu gün onun tələbələrinin hər biri eyni fikri deyir: "Emil müəllim kimi ikinci bir insan olmayıb". Ətrafında elə bir insan tapılmaz ki, "Emildən incimişəm" desin. Hər kəs ondan razılıqla danışır. Mən həmişə deyirəm ki, o, bu dünyaya doğrudan da mələk kimi gəlmişdi. Bir dəfə də olsun bizim qəlbimizi qırmadı. İnsan incitməyi, ürək sındırmağı heç vaxt bacarmazdı. Məktəbdə də nümunəvi davranışı ilə seçilirdi. Düzdür, dərslərində həmişə əlaçı olmayıb. Amma müəllimləri onun tərbiyəsini, sakitliyini, mərhəmətini və nizam-intizamını hər şeydən üstün tuturdular. Onun şux yerişindən, davranışından, insanlarla rəftarından bu gün də ağız dolusu danışırlar. Emil doğulduğu gündən bizi bir dəfə də olsun incitmədən yaşadı...
Validə xanım, Emilin peşəkar idman karyerası necə başladı?
– Emil hərbi xidmətdən qayıtdıqdan sonra peşəkar idman karyerasına başladı. 2018-ci ildən etibarən artıq beynəlxalq və ölkədaxili yarışlarda müntəzəm iştirak edirdi. O, Türk dünyasının milli döyüş sənəti olan Alpaqut döyüş növünə böyük maraq göstərirdi. Bu sahənin sirlərini dərindən öyrənərək həm Alpaqut, həm də karate üzrə bir-birinin ardınca böyük uğurlar qazandı. Emil öz zəhməti ilə "Alparslan" İdman Klubunu təsis etdi. Bundan sonra yalnız idmançı kimi deyil, həm də müəllim kimi fəaliyyət göstərərək onlarla gəncə bu döyüş sənətinin sirlərini öyrətdi. Qısa müddətdə 12 dəfə Azərbaycan çempionu, 1 dəfə Avropa çempionu və 1 dəfə dünya çempionu adını qazandı. Bundan əlavə, Asiya və Zaqafqaziya çempionatlarının da qalibi oldu. Bu gün onun yetişdirdiyi tələbələr də Avropa və dünya çempionlarıdır. Hər dəfə yarışlardan qayıdanda ilk ziyarət etdikləri məkan Şəhidlər xiyabanı və Emilin məzarı olur. Daha sonra isə yanıma gəlib görüşürlər. Hamısı eyni sözü deyir: "Emil müəllim bizə təkcə idmanı yox, insan olmağı öyrədib". Hazırda onun ilk yaratdığı idman zalı Emilin əziz xatirəsinin yaşadıldığı müqəddəs bir məkana çevrilib. Hər gün insanlar ora gəlir, onun əziz xatirəsini ehtiramla yad edirlər.
Emilin ən sevdiyi yemək hansı idi?
– Emil yemək seçən uşaq olmayıb. Qarşısına nə qoyurdumsa, əvvəl "Bismillah" deyər, yeməyini bitirəndən sonra isə mütləq "Əlhəmdülillah" söyləyərdi. Ən çox sevdiyi yemək mərci şorbası idi. Mən onu türk üsulu ilə hazırlayırdım. O da böyük iştahla yeyirdi. Şirniyyatlardan isə paxlavanı çox sevirdi. Heç vaxt mənə "Ana, mənə yemək ver" deməzdi. Lazım olan işi özü görərdi. Özünə qarşı çox tələbkar idi. Yığdığı pulları da özünə xərcləməzdi. Həmişə gətirib bizə verərdi ki, evimiz üçün lazım olan işlərə sərf edək. İndi dönüb geriyə baxanda ürəyimdə yalnız bir "kaş" qalır... Kaş onun qayğısını daha çox çəkəydim... Kaş xidmətində daha çox dayanaydım... Bu "kaş"lar bir ana ürəyinin heç vaxt bitməyən ağrısıdır.
Analar övladlarının ağrısını hər kəsdən əvvəl hiss edirlər. Sizdə də belə bir hiss olmuşdumu?
– Emili cəbhəyə yola salandan sonra atası ilə böyük qardaşı öz aralarında danışıblar ki, bu müharibədir, Emil də şəhid də ola bilər...Onlar bunu hiss etmişdilər. Mən isə hər gün izaholunmaz bir narahatlıq keçirirdim. Elə bil kimsə ürəyimi sıxırdı. Evə də sığmırdım, küçəyə də... Emil həmişə tapşırırdı: "Ana, mən sizə zəng etməsəm, siz mənə zəng vurmayın". Bir neçə gün idi ki, onun səsini eşitmirdik. Birdən böyük oğluma dedim ki, Emilin bizə zəng etdiyi nömrəyə zəng etsin. Zəng çatmadı... Həmin gecə gözümə bir dəqiqə də olsun yuxu getmədi. İçimdəki narahatlığı sözlə ifadə etmək mümkün deyildi. Səhər işə getdim. Mən polis idarəsində aşpaz işləyirdim. Sonradan bildim ki, artıq idarə rəisi Emilin şəhid olduğunu bilirmiş. Sadəcə bunu mənə deməyə ürəyi gəlmirmiş. Evdə isə həyat yoldaşıma şəhid xəbərini veriblər. O da deyib: "Anasına deməyin. Dözməz..." Amma Allah insana ən ağır dərdin də səbrini verirmiş... Rəis mənim ayaq üstə qala bilməyim üçün dedi ki, Emil yaralanıb. Mən isə ürəyimdə hər şeyi hiss etmişdim. Dedim: "Rəis, deyin ki, oğlunuz şəhid olub...". Sonrasını xatırlamaq mənim üçün çox ağırdır... "Mən oğlumu adına layiq yola saldım..." Emili evə gətirəndə özümə söz verdim: "Mən səni adına, şəxsiyyətinə layiq şəkildə son mənzilə yola salacağam". Elə də etdim. Onun nəşi idman zalına gətiriləndə yalnız mən və sevdiyi qız onunla son dəfə vidalaşdıq. Qıza dedim: "Gel, Emillə vidalaş. Bu dünyada qismət olmadı... Bəlkə o biri dünyada qovuşmaq nəsib olar..." Emili müharibəyə yola salanda demişdim ki, sağ-salamat qayıtsa, qurban kəsəcəyəm. O, şəhid olaraq qayıtdı. Mən yenə də qurban kəsdim. Çünki heç olmasa, balamın nəşi salamat qayıtmışdı...
Validə xanım, Emil yuxularınıza gəlirmi?
– Bəli... Çox gəlir. Təkcə mənim yox, qonşularımızın da yuxularına gəlir. Yuxularında deyir ki: "Anam narahat olmasın deyə onun yuxusuna getmirəm..." Müharibə bitəndən sonra bütün döyüş yoldaşları ilk olaraq evimizə gəldilər. Onlar danışırdılar ki, döyüşdə Emil hər dəfə özünü təhlükənin qarşısına verirdi. Deyirmiş: "Siz evlisiniz, övladlarınız var. Mən subayam, qoy mən gedim". Hətta qazilərdən biri sonradan dünyaya gələn oğluna Emil adını verdi. Bunları eşidəndə ürəyimdə bir sual yaranır: "Ay Emil... Sən deyirdin ki, sənin gözləyənin yoxdur. Axı səni gözləyən bir ana, bir ata vardı..." Amma Emil başqalarının övladlarının atasız qalmasını istəmirdi. O, ömrü boyu necə yaşamışdısa, son nəfəsinə qədər də elə yaşadı - başqalarını özündən üstün tutaraq...
"Emil bu dünyaya insan kimi gəldi, mələk kimi yaşadı, qəhrəman kimi şəhid oldu..."
Validə ananın hər cümləsində bir övlad həsrəti, hər xatirəsində isə böyük qürur hiss olunur. Emil təkcə beynəlxalq arenalarda Azərbaycan bayrağını yüksəldən çempion deyildi. O, həm də gözəl övlad, qayğıkeş müəllim, mərhəmətli insan və Vətəni canından üstün tutan igid idi. Onun ömür yolu bir daha sübut edir ki, bəzi insanlar yaşadıqları illərlə deyil, qoyduqları izlərlə əbədiyyət qazanırlar. Emil də belə ömür yaşayanlardan idi. O, çempion kimi zirvəyə yüksəldi, şəhid kimi isə xalqın qəlbində əbədi yaşamağa başladı.
Fəridə Ağazadə
Jurnalist









Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








