
Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə can sağlığı versin!
Qurbanəli müəllim Kamran Kazımov haqqında danışmağınızı istərdik. O necə bir övlad idi, uşaqlıq və gənclik illəri necə keçib?
-Əvvəlcə sizə və həyata keçirdiyiniz “Vətən layihəsi”nə təşəkkürümü bildirirəm. Çox böyük və dəyərli iş görürsünüz. Şəhidlərimizin xatirəsini yaşatmaq, onları tanıtmaq və gələcək nəsillərə çatdırmaq çox vacibdir. Bura şəhidimizin evidir və hər kəsin üzünə açıqdır. Mən Qurbanəli Kazımovam, şəhidimiz, “Qarabağ” ordenli baş leytenant Kamran Kazımovun atasıyam. Kamran Kazımov 7 dekabr 1990-cı ildə Rusiya Federasiyasının Voloqda vilayətində anadan olub. Hərbçi olduğum üçün həmin illərdə Rusiyada xidmət edirdim və ailəmiz də orada yaşayırdı. Sovet İttifaqı dağıldıqdan sonra müstəqil dövlətlər yarandı və biz könüllü şəkildə Azərbaycana qayıtdıq. Daha sonra mən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətimi davam etdirdim və 2013-cü ilə qədər hərbi xidmətdə oldum. Kamran Bakının Xətai rayonunda yerləşən 63 nömrəli tam orta məktəbdə təhsil alıb və 2008-ci ildə məktəbi bitirib. Ali məktəbə qəbul imtahanında iştirak etmişdi və kifayət qədər bal toplamışdı. Lakin istədiyi ixtisasa qəbul ola bilmədiyi üçün təhsilini davam etdirmədi. Sonrakı il yenidən hazırlaşdı, amma bu dəfə qərarı fərqli oldu. Mənə dedi: "Ata, hərbi xidmətə gedim, əsgərliyimi başa vurum, sonra baxarıq." 2010-cu il aprelin 1-də hərbi xidmətə yollandı və xidmətini Daxili Qoşunlarda keçdi. Hərbi xidmət zamanı çavuş hazırlığı kursunu uğurla bitirdi. Xidmətinin başa çatmasına təxminən dörd ay qalmış mənə yaxınlaşıb dedi: "Ata, mən xidmətdə qalmaq və hərbi fəaliyyətimi davam etdirmək istəyirəm." Mən ona hərbi xidmətin çətinliklərindən danışdım. Dedim: "Artıq ilyarımdır xidmət edirsən, görürsən ki, hərb peşəsi asan deyil." Kamran isə cavabında dedi: "Çətin olsa da, bu şərəfli peşədir. Mən bütün bunları görmüşəm və xidmətimi davam etdirmək istəyirəm." Onun qərarı qəti idi. Mən də seçimə hörmətlə yanaşdım. Beləliklə, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyətini davam etdirdi. Əsasən xüsusi təyinatlı bölmələrdə xidmət göstərirdi. 2014-cü ildə xidmətini davam etdirə-etdirə Daxili Qoşunların Ali Hərbi Məktəbinə daxil oldu. Təhsilini uğurla başa vurduqdan sonra ona ilk zabit rütbəsi verildi və xidmətini artıq zabit kimi davam etdirməyə başladı.
Kamran bəy uşaqlıqdan hərbçi olmaq istəyirdi?
-Elmira Kazımova (ana): Hərb sevgisi onda həmişə var idi. Amma Kamran yalnız hərbçi deyildi. Çox fərqli istedadları vardı. Uşaqlıqdan musiqiyə böyük maraq göstərirdi. Sintezator üzrə təhsil almışdı və həmin məktəbi qırmızı diplomla bitirmişdi. Çox gözəl ifa edirdi. Məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edirdi. Bununla yanaşı karate ilə məşğul olurdu və qara kəmər sahibi idi. Müxtəlif yarışlarda uğurlar qazanmışdı. Üzgüçülüyə də gedirdi. Ümumiyyətlə, hansı sahəyə maraq göstərirdisə, ciddi yanaşırdı. Çox mehriban, qayğıkeş və ailəcanlı uşaq idi. Uşaqlıqdan insanlara qarşı mərhəmətli idi. Bəzən gəlib bizdən pul istəyirdi. Soruşurduq ki, nə edəcəksən? Deyirdi: "Bir nəfər yolda qalıb, avtobus pulu yoxdur." Deyirdik ki, bəlkə səni aldadırlar. Amma o yenə deyirdi: "Yazığım gəldi." İnsanlara kömək etməyi sevirdi.
Qurbanəli Kazımov: Həm də çox zarafatcıl idi. Uşaqlıqdan texnikaya xüsusi marağı vardı. Oyuncaq alırdıq, qısa müddət sonra onu söküb içini araşdırırdı. Maraqlanırdı ki, bu necə işləyir, necə hərəkət edir. Bir xüsusiyyəti də vardı – çox ailəcanlı idi. İşdən çıxan kimi birbaşa evə gələrdi. Hərbçi yoldaşları deyirdilər ki, bəzən onu çay içməyə çağırırlar. Amma Kamran cavab verirdi: "Mənim çayım evdə, uşaqlarımın yanındadır."
2020-ci ilə, Vətən müharibəsindən əvvəlki dövrə qayıdaq. Kamran bəyin həmin günlərdə sözlərində, tövsiyələrindən nəsə hiss edirdinizmi?
-Qurbanəli Kazımov (ata): 2020-ci ildə pandemiya dövrü idi. Daxili Qoşunların əməkdaşları da karantin qaydalarının tətbiqində xidmətə cəlb olunurdular. Kamran da xidmətini davam etdirirdi. Bir gün gəlib dedi: “Ata, təlimə gedəcəyik.” Mən də hərbçi olduğuma görə bunu adi qarşıladım. Hərbçinin işi təlim keçməkdir. Həmin dövr iyul hadisələrinin baş verdiyi vaxtlar idi. General Polad Həşimovun şəhid olması xəbəri bütün xalq kimi bizə də çox ağır təsir etmişdi. Kamran da bu hadisəni çox ağır qarşılamışdı. Deyirdi: “Necə ola bilər ki, belə bir hadisə baş versin?” Bu hadisə onu çox sarsıtmışdı. Ümumiyyətlə, tez-tez belə sözlər işlədirdi: “Müharibə olsa, torpaqlarımızı işğaldan azad edərik, generalımızın qisasını alarıq.” Onlar xüsusi təyinatlı qüvvələrdə xidmət etdiklərinə görə müharibədən aylar əvvəl birgə təlimlərə cəlb olunmuşdular. Arada evə gəlirdi, amma müharibə ilə bağlı xüsusi bir söhbət açmırdı. Deyirdi: “Təlim bitəcək, qayıdıb gələcəyik.” Sonuncu dəfə sentyabrın 19-da evə gəlmişdi. Bir gün ailəsi ilə birlikdə qaldı və sentyabrın 20-də yenidən təlim yerinə qayıtdı. Onsuz da bilirdik ki, nə vaxtsa müharibə olacaq. Torpaqlarımız işğal altında idi və bununla barışmaq mümkün deyildi. Amma konkret olaraq həmin günlərin müharibəyə aparacağını bilmirdik. Sentyabrın 26-sı axşamı Kamran zəng etdi və dedi: “Mənə zəng etməyin. İmkan olduqca özüm zəng edəcəyəm.” Soruşdum: “Nə olub?” Dedi: “Telefon işlətməyə icazə vermirlər.” Səhəri gün televizordan müharibənin başladığını eşitdik. Onda anladım ki, artıq Kamran da döyüşlərə gedib. Mən özüm keçmiş hərbçi olduğum üçün anlayırdım ki, zəng etmək olmaz. Müharibə şəraitində müəyyən təhlükəsizlik məsələləri olur. Sentyabrın 30-da səhər özü zəng etdi: “Ata, narahat olmayın, hər şey yaxşıdır. Biz qayıtmışıq.” Soruşdum: “Haradan?” Dedi ki, əvvəl Murovdağ və Kəlbəcər istiqamətində döyüşlərdə iştirak ediblər. Bir neçə saat sonra yenidən zəng etdi: “İstiqamət dəyişib. Başqa əraziyə gedirik.” Bu dəfə Cəbrayıl–Füzuli istiqamətinə göndərilmişdilər. Yenə də tapşırdı: “Mənə zəng etməyin. İmkan olduqca özüm danışacağam.” Hamımızla – anasıyla, qardaşıyla, həyat yoldaşıyla, uşaqları ilə danışdı.
Elmira Kazımova (ana): Həmin gün mənə dedi: “Murovdağ çox sərin idi, amma burada istidən dayanmaq olmur.” İndi düşünürəm ki, yəqin bizi sakitləşdirmək üçün deyirdi. Mən də ona dedim: “Əsgər yoldaşlarını sənə tapşırıram, onlardan muğayat ol.” Bilirsiniz, ona elə inanırdım ki, elə bilirdim özünü qoruyacaq.
Qurbanəli Kazımov(ata): Son danışığımız oktyabrın 3-də oldu. Telefonu götürəndə hiss etdim ki, səsi bir qədər əsir. Arxa fonda silah səsləri, partlayışlar eşidilirdi. Soruşdum: “Nə olub? Yaralanmısan?” Dedi: “Yox, narahat olma, hər şey qaydasındadır.” Amma hiss olunurdu ki, vəziyyət ağırdır. Sonra mənə dedi: “Papa, müharibədir. Hər şey ola bilər. Uşaqlar sənə əmanət.” Mən də ona dedim: “Narahat olma. Uşaqlar bizim əmanətimizdir. Özündən və yoldaşlarından muğayat ol.” Həmin gün uşaqları ilə də danışdı, anası ilə də uzun söhbət etdi. Bu bizim son danışığımız oldu.
Son danışıqdan sonra hansı hadisələr baş verdi?
Qurbanəli Kazımov (ata): Oktyabrın 3-də danışdıqdan sonra artıq ciddi narahatlıq hiss etməyə başlamışdım. Həmin gecə güclü yağış yağdı, külək əsirdi. Səhər evdə oturmuşdum. Nəvəm gəlib mənə dedi: "Qağa, yəqin indi papamgilə orada soyuqdur, yağışın altındadırlar." Mən uşağı sakitləşdirmək üçün dedim: "Atalara soyuq olmur, narahat olma." Amma düzünü desəm, həmin sözlərdən sonra içimdə qəribə bir hiss yarandı. Çox narahat olmağa başladım. Həmin gün dəfələrlə hərbi hissə ilə, Daxili Qoşunların idarəsi ilə əlaqə saxladım. Soruşurdum ki, vəziyyət necədir? Cavab verirdilər: "Narahat olmayın, hər şey qaydasındadır." Ancaq daxilən rahat deyildim. Oktyabrın 5-i keçdi. Həmin gecə demək olar ki, yata bilmədik. Səhər yenidən zəng etdim. Bu dəfə mənə dedilər: "Bir qədər sonra özümüz sizinlə əlaqə saxlayacağıq." Mən artıq hiss etmişdim ki, nəsə var. Bir qədər sonra bazarda olarkən mənə zəng gəldi. Telefonda dedilər: "Siz hərbçi olmusunuz, nə demək istədiyimizi başa düşürsünüz..." Həmin an anladım. Kamran oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdu. Bu, həyatımın ən ağır anı idi. Onlar üzbəüz döyüşə girmişdilər. Kamran xüsusi təyinatlı qrupun tərkibində döyüşürdü. Yanında pulemyotçu Vüqar Cəfərov və qranatomyotçu Orxan Əlmuradov da var idi. Onlar da həmin döyüşlərdə şəhid oldular. Kamran düşmən gülləsinə tuş gəlmişdi. Məlum oldu ki, bir güllə yarası alıb. Güllə zirehli gödəkçənin qorunmayan hissəsindən keçərək ürək nahiyəsinə dəyib.
Elmira Kazımova (ana): Sonradan yoldaşları danışırdılar ki, Kamran uşaqlara deyib: "Siz gedin kömək çağırın. Biz onları bir qədər saxlayarıq." Yanında iki nəfər qalıb. Sonra dostlarından biri yaralanıb. Onu çıxarmağa çalışanda Kamran özü vurulub. Əvvəl elə bilib ki, qolundan yaralanıb. Deyib: "Qolumdan vurdular." Amma sonradan məlum olub ki, güllə daxilə işləyib.
Qurbanəli Kazımov: Evə qayıtdım. Soruşdular: "Nə olub?" Mən də olduğu kimi dedim: "Kamran şəhid olub." Başqa söz tapa bilmədim. İnsan övlad itkisini sözlə ifadə edə bilmir. Bu, heç vaxt sağalmayan yaradır.
Elmira Kazımova: Mən uzun müddət qəbul edə bilmirdim. Deyirdim: "Yox, ola bilməz. Kamran şəhid ola bilməz." Onu gətirəndə üzünə baxmaq istədim. Çox xahiş etdilər ki, baxmayım. Sonra icazə verdilər. Hamını otaqdan çıxardılar. İçəridə mən və qardaşı qaldıq. Üzünə baxdım. Elə bil yatırdı. Sanki gülümsəyirdi. Sadəcə rəngi bir qədər ağarmışdı. Üzündən öpdüm. Sonra apardılar... Həmin anı heç vaxt unuda bilmirəm.
Kamran bəy necə ata, necə ailə başçısı idi?
Elmira Kazımova (ana): Kamran çox ailəcanlı insan idi. Uşaqlarını həddindən artıq sevirdi. İşdən çıxan kimi birbaşa evə gələrdi. Heç vaxt vaxtını kənarda keçirməyi sevməzdi. Hərbi yoldaşları danışırdılar ki, bəzən ona deyirmişlər: “Gəl gedək bir yerdə oturaq, çay içək.” Amma Kamran həmişə deyirmiş: “Mənim çayım evdə, uşaqlarımın yanındadır.” Evi, ailəsi onun üçün hər şeydən üstün idi. 21 yaşında ailə qurdu. Çox gənc yaşda ailə həyatı qurmasına baxmayaraq, məsuliyyətli və qayğıkeş idi. Övladlarına çox bağlı idi, onların gələcəyi ilə bağlı böyük arzuları vardı. Deyirdi: “Qızım polis olacaq.” Sonra oğlunu göstərib deyirdi: “Oğlum da polis olacaq.” Bəzən gələcək planlarından danışırdı: “Bu evin üstündə bir mərtəbə də tikəcəyəm.” “Range Rover alacağam.” “General olacağam.” Hərbi məktəbdə oxuduğu dövrdə generallarla çəkdirdiyi şəkilləri zarafatla göstərib deyirdi: “Bax gör, bu yaşımda generalla şəkil çəkdirmişəm.” Əslində bunlar zarafatla deyilirdi, amma hər sözünün arxasında bir məqsədi və arzusu vardı.
Qurbanəli Kazımov (ata): Həqiqətən də məqsədli insan idi. Hər zaman qarşısına hədəf qoyurdu. Bir tərəfdən hərbçi idi, digər tərəfdən isə olduqca mehriban və zarafatcıl xarakteri vardı. Məsələn, uşaqlıqdan texnikaya böyük maraq göstərirdi. Aldığımız oyuncaqları qısa müddətdən sonra söküb içərisinə baxardı. Maraqlanardı ki, hansı mexanizm necə işləyir. Telefonlar, televizorlar, müxtəlif texniki avadanlıqlar – hamısını öyrənməyə çalışırdı.
Elmira Kazımova: Həm də çox təmizkar idi. Səhər işə gedəndə də, axşam evə gələndə də səliqəsinə xüsusi diqqət edirdi. Müharibə vaxtı bəzən fikirləşirdim: “Görəsən orada necə qalır? Görəsən imkan tapıb istirahət edə bilir?” Ana ürəyi fərqli olur. Bir də çox sevdiyi şeylər vardı. Məsələn, narı çox sevirdi. Son dəfə evə gələndə bağdan nar dərmişdik. Birini evdə yedi, bir neçəsini də özü ilə apardı. İndi sentyabr gələndə, nar mövsümü başlayanda istər-istəməz həmin gün yadıma düşür.
Uşaqlıq və ya gənclik illərindən yadda qalan xüsusi xatirələr varmı?
Elmira Kazımova: Çox zarafatcıl idi. Xırda zarafatları çox sevirdi. Bir dəfə də telefonumun zəng melodiyasını dəyişmişdi. Avtobusda gedirdim, birdən yüksək səslə anaya həsr olunmuş mahnı səslənməyə başladı. Mən nə baş verdiyini başa düşmürdüm, o isə sonradan gülə-gülə etiraf etdi. Belə xatirələr indi bizi həm güldürür, həm də kövrəldir.
Qurbanəli Kazımov: O, çox qayğıkeş övlad idi. Mən maşın sürməsinə görə həmişə narahat olurdum. İşdən qayıdanda zəng edib soruşurdum: “Çatmısan evə?” Bir dəfə zarafatla demişdi: “Elə bil evə kamera qoymusunuz, gələn kimi zəng edirsiniz.” Mən də deyirdim: “Narahat oluram, ona görə zəng edirəm.” İndi həmin söhbətlər xatirə kimi qalıb. Bütün xatirələr bizim üçün əzizdir. İnsan zaman keçdikcə anlayır ki, bir övladla bağlı ən kiçik detal belə yaddaşında böyük yer tutur.
Kamran Kazımovun xidmətinə görə hansı təltifləri olub?
Qurbanəli Kazımov (ata): Kamran sağlığında da xidmətinə görə təltif olunmuşdu. Hərbi fəaliyyətinin 10 ili tamam olduğu üçün “Qüsursuz xidmətə görə” III dərəcəli medalla təltif edilmişdi. Şəhidliyindən sonra isə “Qarabağ” ordeni ilə təltif olundu. Həmçinin “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edildi. Bunlar bizim üçün çox böyük qürurdur.
Kamran Kazımovun xatirəsi necə yaşadılır?
Qurbanəli Kazımov: Adına küçə verilib. Xətai rayonu ərazisində yerləşən küçələrdən biri artıq Kamran Kazımovun adını daşıyır. Küçənin giriş hissəsində şəklini də yerləşdirmişik. Çünki insanlar yalnız adı görəndə bilməyə bilərlər ki, bu ad hansı şəxsə məxsusdur. İstədik ki, insanlar görəndə bilsinlər – bu ad Vətən uğrunda canından keçmiş bir şəhidə məxsusdur. Çünki onların adları tarixə yazılıb.
Qurbanəli Kazımov: Övlad itkisi ağır dərddir. Bu elə yaradır ki, heç vaxt sağalmır. İllər keçir, insan yaşamağı öyrənir, amma alışmır. Bəzən axşam saatlarında, onun işdən evə qayıtdığı vaxtlarda qəribə hiss keçirirəm. Elə bilirəm ki, indi qapı açılacaq və içəri girəcək. Biz əvvəl yaşadığımız evə də gedirik, amma orada çox qala bilmirəm. Çünki hər tərəfdə xatirələri var. Xatirələr insanı həm yaşadır, həm də ağırlaşdırır.
Elmira Kazımova (ana): Hələ də bəzən elə bilirəm kimsə mənə “Mama” deyə səslənir. Səsini eşidirəm kimi gəlir. Dönüb baxıram, amma heç kim olmur. Bəzən gecələr yuxuda görmək üçün dua edirəm. Elə olur ki, yuxuma gəlir, amma üzünü görə bilmirəm. Bu hissləri sözlə ifadə etmək çətindir. Ana üçün övlad itkisi çox ağırdır.
Qurbanəli Kazımov: Bizim üçün övlad itkisi çox ağırdır. Amma eyni zamanda qürur hissi də yaşayırıq. Çünki bu torpaqların azad olunmasında bizim övladlarımızın da payı var. Bu bizim üçün təsəllidir. Onların qanı yerdə qalmadı. Onların əziyyəti hədər getmədi. Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş ölkədir. Bu, çox böyük tarixi hadisədir. Onların adları tarixə qızıl hərflərlə yazılıb. Biz inanırıq ki, xalq öz qəhrəmanlarını unutmayacaq. Şəhidlərin xatirəsini yaşadan insanlar olduqca, onların ruhu da şad olacaq. Sizə də təşəkkür edirik. Bu yolda fəaliyyət göstərən, şəhidlərimizi tanıdan hər kəsə minnətdarıq.
Fəridə Ağazadə
Jurnalist







Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








