
Aydın Tağıyevin müəllif olduğu "Vətən" layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb.
Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış :
Hüseyn Tağıyev 1991-ci il avqustun 8-də Bakı şəhərində anadan olub. Əslən İrəvan şəhərindən idi.1998-ci ildə Natiq Tagıyev adına 212 saylı tam orta mətəbin 1-ci sinifinə daxil olub. 2019-cu ildə Ayşən Tağıyeva ilə ailə həyatı qurdu. 28.03.2020-ci il doğumlu Nazlı adında qızları yadigar qaldı.
Hüseyn Tağıyev 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2015—2018-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.
2018-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu müqaviləsinin müddəti bitsə də, 2020-ci ildə yenidən müqavilə bağlayaraq Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən “N” saylı hərbi hissəsinin Kəşfiyyat Bölüyünün sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Hüseyn Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hüseyn Tağıyev oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Əvvəlcə Qaradağ rayonu ərazisində Ümumşəhər qəbiristanlığında, sonra isə II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Tağıyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyn Tağıyev ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Hüseyn Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Aişə xanım, Hüseynlə həyat yolunuz harada başlayıb?
Hüseynlə tanışlığımız Milli Qəhrəmanımız Çingiz Mustafayevin məzarı başında başladı. Hüseyn oranı tez-tez ziyarət edirmiş. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Lakin həmişə deyirdi ki, “Necə olar, o böyük şəhidlik zirvəsi mənə nəsib olmadı?” Elə həmin günlərdən biri idi. Gördüm ki, Hüseyn çox gərgin, çox üzgün bir şəkildə Milli Qəhrəmanımız Çingiz Mustafayevin məzarı başında oturub. Biz Rusiyada böyümüşük deyə, hər dəfə Vətənə gələndə anam-atamla hər gün gəzirdik, şəhidlərimizi ziyarət edirdik. Hüseyni mütəmadi olaraq Çingiz Mustafayevin məzarı başında görəndə istər-istəməz məndə maraq yarandı ki, bəlkə yaxın qohumudur. Buna görə də ona yaxınlaşıb soruşdum. Bir qədər danışdıq. Ondan sonra həmin yer bizim günorta saat 12:00-da görüş yerimiz oldu. Biz heç vaxt telefonla danışmamışıq. Çünki ikimiz də saat 12-də orada olacağımızı bilirdik. Hüseyn özü haqqında mənə danışırdı. Dörd il Daxili Qoşunlarda işləyib. Hərbi geyim forması haqqında həmişə sevinclə, xoşbəxtliklə danışırdı. Ona sual verdim ki, “Sən bu hərbi geyimi sevə-sevə necə oldu ki, hərbidən ayrıldın?” Dedi ki, “Mən o döyüşlərdə öz şəhidliyimi görürdüm, amma şəhid olmadığım üçün qırıldım.” Ondan sonra bizim yolumuz ciddi bir evliliyə doğru addımladı.
Aişə xanım, Hüseyn evlilik təklifini necə etdi?
Hətta Hüseyn evlilik təklifini də mənə Çingiz Mustafayevin məzarı başında edib. Bir dəfə ona söylədim ki, “Başqa yerlərdə də evlilik təklifi edə bilərdin. Nəyə görə məhz burada evlilik təklifi etdin?” Dedi ki, “Biz bu şəhidlərimizə borcluyuq. Nə etsək, bizim üçün azdır. Onun yerində mən də şəhid ola bilərdim. Mənim isə arzum şəhidlikdir”. Onu da qeyd etdi ki, məhz Çingiz Mustafayevin çəkilişləri sayəsində bütün dünya Xocalıda bizim başımıza gətirilən faciədən xəbərdar oldu. O, bütün dünyaya bu kadrları göstərmək üçün canından keçdi. Bilirdi ki, o, bu yolda öləcək, amma əsla geri dönmədi. Hüseyn hər dəfə bunları danışanda gözləri dolurdu. Sanki qışqıraraq bağırmaq istəyirdi ki, “Biz torpaqlarımızı azad etməliyik!” Torpaqlarımızın düşmən tapdağında olması onu dərindən narahat edir və üzürdü. Sanki dərin bir qisas hissi ilə yaşayırdı. Mənə evlilik təklifi edəndə dedi ki, “Mənim uğurlu rəqəmim 7-dir”. Nişanımız, toyumuz da ayın 7-si oldu. Hətta bizə ev də 7-ci mərtəbədə verildi. Hüseyn 7 rəqəminə necə bağlı idisə, elə 7-də də dəfn olundu.
Arzularından bəhs edirdimi?
Həmişə deyirdi ki, üç qızım olsun. Mən də zarafatla ona deyirdim ki, “Deyəsən, cənnətə girmək istəyirsən. Cənnətin yolunu tapmısan.” Elə bu anda mənə dedi ki, “Mən onsuz da cənnətə düşəcəyəm. Mən o qədər güvənirəm ki, cənnətə düşəcəyəm deyə. Şəhid olacağam”. Sual edirdim ki, “Müharibə yoxdur axı. Niyə şəhidlikdən danışırsan?” Deyirdi ki, “Yox, görəcəksən, mən şəhid olacağam”. Bir gün işdən qayıdandan sonra evdə dedi ki, “Mən hərbiyə qayıdıram.” Nə qədər israr etsəm də, sözündən dönmədi və hərbiyə qayıtdı. Deyirdi ki, “Nə olursa-olsun, o torpaqları düşməndən azad edəcəyik”. Sanki Hüseyn əvvəldən hiss edirdi ki, nəsə baş verəcək. Ona görə də özü də bu yolda döyüşmək və şəhid olmaq istəyirdi. Hələ uşaq balaca ikən Hüseyn maaşını almışdı. Mənə dedi ki, “Gedək uşağa çoxlu geyim alaq”. Nə qədər dedimsə də ki, “Uşaq hələ balacadır, bəs qədər geyimi var. Onsuz da sonra alacağıq”, xeyri olmadı. Həmin gün uşağın 2 yaşına kimi bütün paltarlarını aldı. Hələ uşaq təzə dünyaya gəlmişdi, yəni 40 günlük olardı. Biz həqiqətən gülürdük ki, uşaq hələ təzə doğulub, ona diş məcunu da daxil olmaqla hər şeyi alıb. Əslində isə o, özünü hazırlayırdı ki, o gedəcək və birdən nəsə olsa, mən arxada əziyyət çəkməyim. Hüseyn hər zaman çox dərin düşünən insan olub. Əvvəl uşağın adını Deniz qoymaq istəyirdi. Hamiləliyin 8-ci ayında dedi ki, “Nazlım gəlir.” Hətta Nazlı dünyaya gəldikdən iki gün sonra biz oradan çıxanda hamımız birlikdə Şəhidlər Xiyabanına getdik. Hamı ona dedi ki, “Üç günlük uşağı niyə ora aparırsan?” Dedi ki, “Yox, hətta bir günlük də olsa, o Şəhidlər Xiyabanına gedəcək. O uşağın bu dünyada sağ-salamat yaşamasının səbəbi bizim şəhidlərimizdir”. Daha sonra oradan çıxıb dostlarının məzarlarını ziyarət etdi və dedi ki, “Baxın, bu Nazlıdır. Bu mənim qızımdır. Bu qızı hamı tanıyacaq.” Sonra deyirdi ki, “Vaxt gələcək, Nazlı da məni tanıdacaq”. Heç ağlıma gəlməzdi ki, Hüseyn şəhid olmağını nəzərdə tutur. Hər gününü son gün kimi yaşayırdı. Ehtiyacı olan kimsə görən kimi cibində nə qədər pul olmasından asılı olmayaraq, kömək etməkdən əsla geri qalmırdı. Həmişə bir sözü vardı: “Allah bizi heç darda qoymayacaq”. Hüseynin hansı xüsusiyyətləri sizin yaddaşınızdan heç silinmir? Hüseynin elə xüsusiyyətləri vardı ki, heç vaxt ağlımdan çıxmır. Hətta gözümü yumanda belə gözlərimdən getmir. Hərbi formanı geyinib aynanın qarşısına keçirdi və deyirdi ki, “Torpaqlarımızı düşməndən bu oğlan alacaq”. Heç vaxt bilməzdim ki, dediyi sözlərin hamısı həyata keçəcək. Onun gülüşü, duruşu, hərbi formaya olan sevgisi, Vətən eşqi heç vaxt ağlımdan çıxmır və çıxmayacaq.
Aişə xanım, sizdə Hüseynin şəhid olacağı ilə bağlı fikirlər, hisslər olurdumu?
Bir gün yuxu gördüm. Gördüm ki, açıq pəncərəli üç otaqlı bir ev var. Ağ geyimli, gözlərinin altından qara sürmə çəkilmiş bir kişi gəldi və əlini aparıb işığı söndürdü. Həmin vaxt başladım qışqırmağa. Başladım ona yalvarmağa ki, “Mən qaranlıqdan qorxuram, söndürmə”. Sonra mənə digər işığı göstərib dedi ki, “Ona bax, şükür et. Elə etmə ki, o işığı da söndürüm”. Bu, təxminən oktyabrın 4-ü olardı. Elə oktyabrın 6-sı xəbər gəldi ki, Hüseyn şəhid olub.
Hüseyn övladını necə görmək istəyirdi?
Biz övladımızı qucağımıza alıb xəstəxanadan çıxanda mənə dedi ki, “Dön arxaya bax”. Dedim, “Nə olub?” Dedi ki, “Bir gün bizim qızımız da belə bir xəstəxanada baş həkim olacaq”. Bu gün Hüseynin hərbi formaya olan sevgisini indi özüm, öz üzərimdə davam etdirirəm. Çünki həmişə deyirdi ki, “Qoy torpaqlarımızı alaq, mən sizi hər yerə aparacağam”. Həmişə deyirdi ki, “Mən o torpaqlarda doğulmamışam. Amma videolarda baxırdım ki, çox gözəl yerlərdir. Allah haqqı, qızımız gəlib bu torpaqları görəcək”. Hüseynin Vətənə olan sonsuz sevgisinin, şəhidlik arzusunun kökü haradan gəlirdi? Hüseynin atası Qərbi Azərbaycandan olduğu üçün həmişə onun çox pisinə gəlirdi ki, bizim olan torpaqlarda biz yoxuq. Oradan qovulmuşuq. Bu məqam ona hədsiz çox pis təsir edirdi. İlk dəfə Füzuli azad olanda mənə zəng etdi ki, “Bir saatdan sonra yaxşı xəbər eşidəcəksiniz”. Ancaq özünün döyüşün ən qızğın yerlərində olduğunu demirdi. Sanki məni arxayın edirdi. Məyərsə özü də döyüşün ən qızğın yerində olub. Hüseyn 4 il qardaş Türkiyədə də hərbi təlim almışdı və XTQ-də xidmət edirdi. Əlbəttə, Hüseynin seçdiyi yol çox qürurlu olduğu qədər həm də şərəflidir. Amma bizim üçün eyni zamanda çox ağrılıdır.
Hüseyn əsgərlərini çox düşünürdü dediniz. Bu barədə bir qədər danışardız ?
Döyüşə girməmişdən əvvəl zəng etdi ki, “Mənə 50 manatlıq kontur göndər”. Soruşdum ki, “Sən 50 manatlıq konturu nə edirsən?” Dedi ki, “Əsgərləri ailələri ilə danışdıracağam”. Artıq döyüşə girməzdən əvvəl özünün rəhbərliyi altında olan əsgərləri ana-ataları, doğmaları ilə danışdırıb. Həmin vaxt hiss edirdim ki, həm də soyuqlamışdı. Çünki bilirdi ki, döyüşün sonunda şəhadət var. Onun tabeliyində olan əsgərlər də şəhid ola bilərlər. Bu düşüncə onu çox incidirdi. Bəlkə də Hüseynin 10 canı olsaydı, onların hamısının yerinə verərdi.
Hüseynin cibində hər zaman bayrağımız olurdu. Bu barədə hansı xatirələriniz var?
Həmişə deyirdi ki, “Mənim yerim hərbidir”. Özü ilə həmişə iki bayraq gəzdirirdi. Şəhid olmazdan öncə uşaq üçün geyim alanda onların içində uşağa aid iki cüt corabı kassada özü ilə götürüb. Sentyabrın 25-i gəldi və sanki ürəyinə şəhid olmaq damıbmış kimi uşağın corabını da özü ilə götürdü. Hətta həmin gün gecə saat 21:00-da foto çəkilən yeri açdırdı və Hüseyn, qızımız və mən şəkil çəkdirdik. Dedim, “Bu saatda niyə şəkil çəkdirirsən?” Dedi ki, “Qoy qızım atasına baxsın, fəxr etsin”. Söylədim ki, “Onsuz da qızım sənə baxıb fəxr edəcək.” Dedi, “Yox, qoy üçümüzün şəkli olsun”. Evə qalxan kimi şəkillərə baxmağa başladı. Şəklə baxa-baxa deyirdi ki, “Qızım, atanı bağışla”. Deyirdim ki, “Hüseyn, niyə elə deyirsən?”Uşaq yatmışdı. Getdi uşağı oyatdı və bağrına basıb öpdü. Dedi, “Atan sənə qurban olsun. Atanı bağışla. Mən bu hissləri sənə yaşatmaq istəməzdim”. Elə həmin an soruşdum ki, “Nə hissləri deyirsən, Hüseyn?” Özünü toplayıb dedi ki, “Balacadır da, qoyub gedirəm”. Biz onunla Qusara gedəcəkdik. Hətta orada ev tutmuşduq. Əşyalarımızın yarısı da orada idi. Qusarda atamın dostuna demişdi ki, “Dayı, əgər mənə nəsə olsa, əşyaları bizim evə göndərərsiniz”. Öz telefonunu da qoymuşdu ki, “Bunu birbaşa qızıma verərsiniz. Ona toxunanda atasını hiss edəcək”. Demək ki, özündən nəsə saxlamaq istəyibmiş...
Heç yuxularınıza gəlirmi?
Əvvəllər tez-tez yuxuma gələrdi. Çünki çox ağlayırdım. Sonra bir böyüyə danışdım. O dedi ki, “Siz ağlamaqdan çox ona dua edin. Onu narahat edirsiniz. Ola bilər ki, o da narahat olur”. Sonralar isə daha çox mən darıxanda, bir sıxıntım olanda həmişə yuxuma gəlir. Hazırda işlədiyim yer Şəhidlər Xiyabanına yaxındır. Elə işdən çıxan kimi Hüseyni ziyarət edib evə gəlirəm. Ancaq o vaxt ruhum bir qədər dincəlir. Hətta Nazlı da hara getsə, həmişə atasından varmış kimi danışır. Sanki o var və Nazlı onu görürmüş kimi danışır. Hətta çox vaxt deyir ki, “Ana, bax, ata məni qucağına aldı. Ana, bax, ata gəldi, qucaqladı”. Hətta bir dəfə dedi ki, “Ata məni qucağına çağırdı və mən hoppandım”. Sanki onu yaşayır, sağdır və yanındadır. Mən ona oyuncaqlar almaq istəyəndə deyir ki, “Ancaq mənə avtomatlar alın”. Deyir ki, “Düşmənlər məni atasız qoydu. Gör, mən də böyüyüm, onları məhv edəcəyəm”. Nə qədər oyuncaq kuklası var, amma heç biri ilə oynamır. Ancaq onu deyir ki, “Mən atam kimi olacağam”. Deyirəm ki, “Axı atan səni həkim görmək istəyirdi”. Deyir ki, “Həkim olacağam, amma silahım da olacaq”. Özünü onunla sakitləşdirir.
Döyüş yoldaşları Hüseyn haqqında nələri deyirlər?
Tez-tez Nazlını, bizi ziyarət edirlər. Hətta Nazlını gəzməyə aparırlar. Hüseyn hər zaman əsgərlərini, döyüş yoldaşlarını düşünüb. Döyüşdə mühasirəyə düşüblər. İlk dəfə orada döyüş yoldaşlarına deyib ki, “Mənim bir qızım var. Əgər kimsə buradan sağ çıxsa, onu unutmasın, ona baş çəksin”. Həqiqətən, ilk dəfə bir şeyi xahiş etmişdi. Çünki şəhid olmaq onun ən ülvi arzusu idi. O, öz arzusuna çatdı. Biz nə qədər darıxsaq da, üzülsək də, bircə onu bilirəm ki, Hüseyn bu şəhidliyi əzəldən özünə arzulayıb. Hazırda Hüseynin adına Ramana qəsəbəsində bulaq var. Sonra əvvəl kirayə qaldığımız evin həyətində də abidəsi var.
Müəllif qeydi:
Şəhid Hüseyn Tağıyevin həyat hekayəsini dinlədikcə bir daha anlayırsan ki, bəzi insanlar Vətən sevgisini sadəcə sözlə deyil, bütün ömrü ilə yaşayırlar. Onun hərbi formaya sevgisi, bayrağı daim özü ilə gəzdirməsi, şəhidlik arzusunu illər öncədən dilə gətirməsi və son ana qədər əsgərlərini düşünməsi bu böyük sevginin necə dərin olduğunu göstərir. Hüseynin arxada qoyduğu ən böyük əmanət isə qızı Nazlıdır; atasının yolunu, adını və xatirəsini gələcəyə daşıyacaq bir övlad. Aişə xanımın danışdığı hər bir xatirədə həm böyük bir sevgi, həm sonsuz həsrət, həm də şəhidinə olan qürur duyulur. Hüseyn Tağıyevin adı isə artıq yalnız bir ailənin deyil, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın şərəfli tarixinin bir parçasıdır.
Fəridə Ağazadə
Jurnalist











Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








