
Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!
Qısa arayış:
Anar Vahid oğlu İskəndərov 2001-ci il avqustun 29-da Rusiya Federasiyasının Moskva şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Anar İskəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başladılan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Anar İsgəndərov oktyabrın 5-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar İsgəndərov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Validə xanım, Anarı uşaqlıq illərindən xatırlayanda ilk olaraq hansı xüsusiyyətləri gözünüz önünə gəlir?
-Mən bəzən şəhid anaları ilə söhbət edirəm və hər dəfə bir qəribə oxşarlığın şahidi oluram. Sanki şəhidlərimizin hamısını Allah tək-tək seçib. Onların taleyində, Vətənə sevgisində, xarakterində, ailəsinə münasibətində elə oxşarlıqlar var ki... Anar da uşaqlıqdan fərqli uşaq idi. Məktəbdə də, ailədə də özünü sakit, ağıllı, mehriban və qayğıkeş övlad kimi göstərirdi. Böyük-kiçik yeri bilirdi. Heç vaxt kiminsə qəlbini qırmaq istəməzdi. Onun ən böyük xüsusiyyətlərindən biri mərhəmətli və qayğıkeş olması idi. Mən həmişə düşünürəm ki, Allah şəhid olacaq oğullarımızı sanki əvvəlcədən xüsusi bir ruhla yetişdirib. Anarın uşaqlığı çox sakit keçib. O, hisslərini hər kəslə bölüşən uşaq deyildi. Daha çox iç dünyasında yaşayan, düşündüklərini özü ilə daşıyan bir övlad idi.
Məktəb illərində müəllimləri və sinif yoldaşları Anarı necə xatırlayırlar?
-Anar məktəbdə müəllimlərinin və sinif yoldaşlarının hörmətini qazanmışdı. Bir dəfə müəllimi Günel xanım mənə bir hadisə danışdı. Dərsdə “Ana haqqında inşa” yazırmışlar. Anar yazıb ki: “Mənim anam çox qayğıkeş, işgüzar anadır. Mən onun əməyini itirə bilmərəm”. Günel müəllimə bu cümləni danışanda həmişə kövrəlir. Çünki Anar anasının əməyini, zəhmətini görən uşaq idi. Mən işdən gələndə çox yorğun olurdum. O, bunu hiss edirdi. Gələrdi, üstümü örtərdi, qayğıma qalardı. Deyirdi: “Ana, sən bizim üçün çox əziyyət çəkmisən. Özüm sənə baxacam, qulluq edəcəm. Daha rahat yaşamağın üçün əlimdən gələni əsirgəməyəcəm”. İndi o sözlər yadıma düşəndə... Ana üçün bundan ağır nə ola bilər? Övladının gələcəklə bağlı qurduğu xəyallarını xatırlayırsan, amma o gələcək artıq yoxdur...
Anar dostları, sinif yoldaşları ilə münasibəti necə idi?
-Çox sadiq idi. Təkcə ailəsinə yox, dostlarına da bağlı idi. Təsübkeş uşaq idi. Kimsə haqqında yaxşı danışanda sevinərdi, haqsızlıq görəndə isə bunu qəbul etməzdi. Amma bir xüsusiyyəti də vardı – çox qapalı idi. Hisslərini, duyğularını, arzularını hər zaman sözlə ifadə etməzdi. Onu daha çox üz cizgilərindən, baxışlarından, mimikalarından anlamaq olurdu. Mən ana kimi onun üzünə baxanda nə düşündüyünü hiss edirdim.
Anarın Vətənə və hərb sənətinə marağı nə vaxtdan başlamışdı?
-Məktəb vaxtlarından. Həmişə dəftərlərinin üz qabığında Azərbaycan Gerbinin şəklini çəkərdi. O zaman bəlkə də bunun gələcəkdə həyatının əsas istiqamətinə çevriləcəyini düşünmürdük. Sonralar Xocalı faciəsi ilə bağlı Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi kadrları izləyəndə Anarın üzündə tamam başqa ifadə görürdüm. Heç nə demirdi, amma baxışlarından, üz cizgilərindən içində yaranan hissləri duymaq olurdu. Sanki içində bir qisas, bir ədalət duyğusu formalaşırdı. O hələ məktəbli idi...
19 yaşında universitetdə təhsilini yarımçıq saxlayaraq hərbi xidmətə getməsi necə baş verdi?
Anar Bakı Avrasiya Universitetində cəmi bir il təhsil almışdı. Sonra təhsilini dondurdu və hərbi xidmətə getdi. Qrup yoldaşları onun haqqında danışanda deyirdilər ki, “Anar sanki seçilmiş tələbə idi”. Hətta deyirdilər ki, sanki başqa bir dünyanın insanıdır. Anar hərbi xidmətə çox ciddi yanaşırdı. Təlimlərdə olurdu. Mənə deyirdi: “Ana, özümü elə aparacam ki, valideynlərimin üzünə əsla söz gəlməsin. Bu hərbi xidməti üzüağ başa vurub gələcəm”. Bir ana üçün bundan gözəl söz ola bilərmi?
Anarın XTQ-yə keçməsi ailədə necə qarşılandı?
-Biz, təbii ki, çox narahat olduq. Çünki XTQ-nin nə qədər ağır və məsuliyyətli xidmət olduğunu bilirdik. Amma Anar ora keçdiyi üçün çox sevinirdi. O, XTQ-ni ürəkdən sevirdi. Atası da ona demişdi: “Bu çox ağır işdir. Niyə belə çətin məsuliyyəti üzərinə götürürsən?” Anar isə atasına çox sakit şəkildə cavab vermişdi: “Ata, mən onu bacaracam.” Bu cümlə onun xarakterini tam ifadə edir. Özünə inanırdı, amma bunu heç vaxt lovğalıqla göstərmirdi.
Qardaşınız da hərbçi olub. Bu, Anarın hərbi yoluna təsir etmişdimi?
Qardaşım da hərbçi olub. Hətta Anar hərbidə olanda qardaşım dedi ki, “Anarı daha yaxına gətirə bilərik”. Mən isə ona dedim: “Anar Polad Həşimovdan artıqdı?” Allah bu sözü mənim dilimə gətirib... Qardaşım sonradan mənə danışdı ki, “Sən bunu deyəndə yerimdə donub qaldım. Heç nə deyə bilmədim”. Çünki insan bəzən bir cümləni sadəcə deyir, amma illər sonra həmin cümlənin nə qədər ağır məna daşıdığını anlayır. Mən düşünürəm ki, şəhidlərimizi Allah özü seçib.
Anarın müharibəyə hazırlaşdığını siz hiss edirdinizmi?
Xeyr. Sentyabrın 23-də ona pay göndərmişdim. Elə bilirdim ki, xidmət yerindədir. Sonradan bildik ki, təlimlərdə imiş və müharibəyə hazırlaşırlar. Anarın ayağının dırnağında ciddi problem yaranmışdı. Dırnağı ətə girirdi. Bununla bağlı bir-iki gün hospitalda da olmuşdu. Amma sonra öz istəyi ilə yenidən döyüşə qoşuldu. O, Füzuli və Cəbrayıl istiqamətlərində döyüşüb.
Anarın şəhid olması xəbərini necə xatırlayırsınız?
Anar Cəbrayıl istiqamətində snayper gülləsinə tuş gələrək şəhid oldu.
Onunla birlikdə yaxın döyüş yoldaşı da eyni vaxtda şəhid olub. Çox təsirli bir məqamdır ki, döyüşdən əvvəl hər ikisinin atası – yəni Anarın atası ilə onun döyüş yoldaşının atası – eyni vaxtda oğullarına zəng edib. Hər iki tərəfdə də atalar kövrəlib. Komandirləri sonradan deyirdilər ki, onların hər ikisi çox sakit, təmkinli, özünü idarə edən əsgərlər olublar. Bəzən insan düşünür: necə olur ki, iki ailənin taleyi eyni anda bir-birinə bağlanır? İki ata eyni anda oğlunun səsini eşidir və bir müddət sonra hər iki oğul Vətən uğrunda şəhid olur...Əlbəttə ki, Allahın yazdığı talehdir...
Anarın komandirləri və əsgər yoldaşları onun haqqında nə deyirdilər?
Şəhid olandan sonra komandiri, əsgər yoldaşları gəlmişdilər. Hamısı eyni sözləri deyirdi: “Anar tamam başqa bir aləm idi”. Bu ifadə mənim üçün çox ağır və çox qiymətlidir. Çünki mən onun anasıyam. Mən Anarı evdə görmüşəm. Onun uşaqlığını, gülüşünü, sakitliyini, qayğısını yaşamışam. Amma onun hərbi yoldaşları Anarın tamam başqa tərəfini görüblər. Onlar onun əsgər kimi necə olduğunu, döyüşdə necə davrandığını bilirdilər.
Anar şəhid olduqdan sonra onu yuxularınızda görürdünüzmü?
-İlk vaxtlar tez-tez yuxuma gəlirdi. Mən onu həmişə hərbi geyimdə görürdüm. Şux, məğrur, ciddi duruşda dayanırdı. Sanki düzülüşdə dayanmış əsgər kimi... Maraqlısı odur ki, Anarı başqa insanların da yuxusunda eyni vəziyyətdə gördüklərini eşitmişəm. Onlar da deyirdilər ki, Anar hərbi geyimdə, ciddi və məğrur dayanmış vəziyyətdə yuxularına girib. Sonralar isə çox nadir hallarda yuxuma gəlir. Bəlkə də insanın ürəyi müəyyən bir müddətdən sonra yoxluğa alışır. Amma ana ürəyi heç vaxt alışmır.
Anarın son günlərindən, sizinlə son söhbətlərindən yadınızda ən çox nə qalıb?
-Hərbi xidmətə getməzdən əvvəl mənə deyirdi: “Ana, dözəcəm, dözməyinə amma sənin yeməklərindən ötrü çox darıxacam”. Bu söz çox sadə görünür. Amma indi mənim üçün dünyanın ən qiymətli xatirələrindən biridir. Çünki ana üçün övladının “sənin yeməklərin üçün darıxacam” deməsi də böyük sevgidir. İndi Anarın sözlərini, baxışlarını, evdəki addımlarını, mənə qayğı göstərməsini xatırlayıram. O, mənə həmişə deyirdi ki, “Ana, sən bizim üçün çox əziyyət çəkmisən, mən özüm sənə baxacam”. O, mənə baxa bilmədi... Amma Vətəninə baxdı. Vətənini qorudu. Və ən böyük əmanətini – öz canını Vətənə verdi. Mənim üçün Anar həmişə evə qayıdacaq bir oğul olaraq qalacaq. Sadəcə indi onun yolu torpaqdan deyil, xatirələrdən keçir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların məkanı cənnət olsun.
Müəllif qeydi:
Bəzən bir ana ilə söhbət edirsən, amma əslində bir ömrün, bir ailənin və bir Vətən tarixinin şahidi olursan. Validə xanımın sözlərində Anarın uşaqlığı, gülüşü, anasına qayğısı və Vətənə olan sevgisi sanki yenidən canlandı. Onun danışdıqları göstərdi ki, şəhidlik yalnız döyüş meydanında yazılan bir son deyil, illərlə formalaşan bir xarakterin, bir sevginin və bir Vətən duyğusunun zirvəsidir. Anar bu dünyadan bir əsgər kimi köçdü, amma anasının xatirələrində hələ də evə gələn, üstünü örtən, “ana, mən sənə baxacam” deyən qayğıkeş oğuldur. Bəlkə də şəhid analarının ən böyük imtahanı budur: övladlarının yoxluğuna dözmək, amma onların adını hər gün qürurla yaşatmaq. Bu söhbətdən ayrılarkən düşündüm ki, bəzi oğullar torpağa tapşırılır, amma onların izi torpağın altında deyil, bir millətin yaddaşında qalır.
Fəridə Ağazadə
Jurnalist
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








