Aydın Tağıyevin müəllifi olduğu “Vətən” layihəsi çərçivəsində altıncı kitab üçün yazıya alınıb. Layihənin məqsədi canları bahasına tarix yazan şəhidlərimizin həyat və döyüş yolunu işıqlandırmaq, onların xatirəsinə həsr olunan müsahibələrdən ibarət kitabların ərsəyə gəlməsidir. Şəhidlərimizin ruhu şad olsun, Allah qazilərimizə cansağlığı versin!Qısa arayış:
Əkbər Məsimov 1994-cü il oktyabrın 5-də Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Əkbər Məsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əkbər Məsimov sentyabrın 27-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 7 iyun 2021-ci ildə Əkbər Məsimovun nəşi tapılıb və həmin gün Ağdaş rayonunun Qaradeyin kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əkbər Məsimov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əkbər Məsimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İstəyirəm, söhbətimizə Əkbərin uşaqlığından başlayaq. O necə bir uşaq idi?
Şəhidimizin anası Arzu xanım:
Əkbər o qədər sakit bala olub ki... Elə uşaqlığından da zəhmətkeş olub. Kasıb ailədə böyüyüb. Çox çətinliklər görmüşük. Birini tapanda o birini tapmırdıq. Belə bir ailədə böyüyüb. Balaca olmağına baxmayaraq, həmişə böyük kimi fikirləşib, özünü böyük kimi aparıb. Çətinliyimiz olanda, evdə adi çörək olmayanda belə bizi düşünürdü. O vaxtlar çörək bir az qıt olardı, hamı qara çörək yeyərdi. Çörəyimiz olmayanda deyirdi: “Elə elə ki, heç kim bilməsin bizim evdə çörək yoxdur”. Əkbər gedib balaca canı ilə meşədə işləyirdi. Odun, çırpı gətirirdi. Hələ birinci sinifdə oxuyurdu.
Çox zəhmətkeş uşaq olub. Ona görə deyirəm, hamı bir yana, Əkbər bir yana. O, uşaqlıqdan əziyyət çəkən uşaq olub. Çox əziyyət çəkib. Bu evi, işi – hamısını özü edib. Bir dəfə bacım gəlmişdi. Qaba baxdı ki, çörəyimiz yoxdur. Əkbər dedi: “Xalam olsa da, xalama da demə, ha...”. Yəni uşaqlığından hər bir dərdi içində çəkən, səssiz-səmirsiz bir övlad idi. Heç kimlə işi olmazdı. Heç nəyi bildirməz, dərdini biruzə verməzdi.
Bəs öz dərdlərini, arzularını, problemlərini sizinlə bölüşərdi?
Arzu xanım: Yox, heç bölüşməzdi. Amma həmişə deyirdi: “Mama, hər şey yaxşı olacaq. Fikir eləmə. Mən inşallah elə yaşayacağam, elə qurub-yaradacağam ki, sən əziyyət çəkməyəsən”.
Məktəb illəri necə keçib? Müəllimləri onun haqqında nə danışırlar?
Arzu xanım: Birinci sinif müəlliməsi Rəqibə müəllimə – xalam qızıdır – həmişə Əkbərdən danışır. Müsahibələrində də deyir ki, Əkbər çox yaxşı, sakit uşaq olub. Heç dəcəl olmayıb. Məni də incitməyib.
Sinif yoldaşları necə, sizi ziyarət edirlər?
Arzu xanım: Bəli. Bayramlarda, 27 Sentyabr – Anım Günündə, Əkbərin şəhidlik ildönümündə, oktyabrın 5-də – ad günündə gəlirlər. Əlaqəmiz var. Onlar da həmişə deyirlər ki, Əkbər çox sədaqətli, ədalətli, həssas uşaq olub. Deyirlər ki, onda heç bir pislik görməyiblər. Qonşu uşaqları da danışırlar. Deyirlər ki, “Əkbər qaqa gələndə nəsə gətirirdi”. Mağazadan nəsə alıb uşaqlara verirmiş. Mən heç bilməmişəm bunları. Heç nəyi bizə bildirməzdi. Hətta onun kəşfiyyatçı olduğunu belə bilməmişik. İşlədiyi dövrdə orada nələr etdiyini də bilməmişik.
Yəni Əkbər şəhid olandan sonra onu yenidən tanımısınız...
Bəli. Çox şeyi şəhid olandan sonra öyrənmişik. Telefonundakı danışıqlardan, komandirinin söhbətlərindən... Çox şey sonradan bizə məlum oldu.
Əkbərdə hərbiyə, xüsusi təyinatlı olmağa maraq haradan yaranmışdı?
Elə özünün hərbiyə marağı var idi. Məktəbdən sonra ali məktəbə sənəd vermişdi, girə bilmədi. Ondan sonra Naxçıvana düşdü. Gedib orada əsgərliyini çəkdi, gəldi. Gələndən sonra dedi: “Mən hərbiyə yazılıram”. Hərbiyə də yazıldı. Sonra hərbidə işləyirdi. Nə qədər təltifnamələri var, hamısı qalır.
Bəs komandirləri onun haqqında nə danışırlar?
Bəli, ildönümlərində gəlirlər. Komandiri bir hadisə danışmışdı. Deyirdi ki, Əkbər döyüşə girməmişdən qabaq smartfonunu ona verib: “Komandir, mən bilirəm ki, şəhid olacağam. Mənim bu telefonumu ailəmə çatdırarsan”. Nömrəni də yazıb, telefonu komandirə verib. Komandir deyib: “Sən nə bilirsən şəhid olacaqsan? Biz hamımız sənin yanındayıq. Hamımız bir yerdə gedəcəyik”. Amma Əkbər yenə deyib: “Mən bu sözü deyirəm. Mənim bu telefonumu ailəmə çatdırarsan”. Komandiri də sonradan yaralanmışdı. Başından yaralanmışdı, altı ay hospitalda yatmışdı.
Bəs döyüş yoldaşları? Onlar Əkbər haqqında nə danışırlar?
Arzu xanım: Bəli, gəlirlər. Hamısı deyir ki, yaxşı dost olub, bir yerdə çörək kəsiblər, çox vətənpərvər olub. Çoxu ilə əlaqəm var. Yaxşı dostdurlar. Məni də unutmurlar. Hər bayramda zəng edirlər.
Əkbər şəhidlik haqqında sizinlə danışmışdımı?
Mənimlə yox, bacısı ilə danışıb. Məktəb vaxtı bir dəfə şəhidlərin abidəsinin yanında bacısına deyib: “Bacı, al bu bayrağı, ora as. Hansısa bir dəfə gələndə o bayrağın sırasından mən baxacağam.” Bacısı da deyib ki, “Elə demə, ona deməkdir...” Əkbər isə cavab verib: “Bir gün mən də o sırada, o yerdə olacağam.” Mənim yanımda “şəhid olacağam” filan demirdi. Amma bacısına deyib. “Əkbər heç nəyi bilmədən, sanki son gününə hazırlaşırmış...”
Ana olaraq övladınızın başına gələcək hadisəni əvvəlcədən hiss etmişdinizmi?
Yox. İtkin düşəndə deyirdim ki, bəlkə əsir götürüblər. Şəhid olduğunu bilmirdik. Hər yerə əl atdıq, hər yerə müraciət etdik. Heç kim demədi ki, Əkbər şəhid olub. Heç kim görməmişdi. Biz də elə bilirdik ki, əsir düşüb.
Müharibədən əvvəl sizinlə əlaqə saxlayırdı?
Ayın 20-si gəlmişdi. Hər şeyi alıb gətirmişdi. Maaş kartını da verdi: “Al, ana, bu mənim maaş kartımdır.” Kart həmişə özündə olardı. Amma həmin gün mənə verdi. Nə üçün verdiyini bilmədim. Bir də dedi ki: “Dağa qalxacağıq...”. Döyüşə girməzdən həmin gün uşaqlara konfet paylanıb. Hamının konfetini əlindən alıb, qoyub cibinə. Deyib: “Döyüş bitsin, verərəm mən”. Sonra ermənilər aşağıdan vurublar. Orada deyirlər ki, tozdan heç nə görmək olmurdu. Hər şey qarışıb...
– Əfsanə xanım -şəhidimizin bacısı, özünüzü təqdim edərdiniz...
Əfsanə xanım: Əkbər bizim sonbeşik qardaşımızdır. Ailədə böyük övlad mənəm, bacıyam. Məndən sonra qardaşım – ailənin sonbeşiyi Əkbərdir. Mənim üçün Əkbər qəhrəmandır. Qəhrəmanımızdır, fəxrimizdir, başımızın tacıdır. Mən qardaşımla fəxr edirəm. Sonbeşik olsa da, həmişə ailənin yükünü öz çiyinlərində daşıyıb. Yaşı kiçik olsa da, çox böyük işlər görürdü. Ona görə də mən qardaşımla həmişə fəxr edirəm. Ailədə çox canlı idi. Böyüklə böyük, kiçiklə kiçik olmağı bacarırdı. Hər kəsin yerini bilən, hamıya yaxşı münasibət göstərən, hamıya qayğı göstərən, ən əsası isə anamızı çox sevən bir övlad idi. Demək olar ki, anamızla nəfəs alırdı. Ailədə həmişə anamızı qoruyurdu, qayğı göstərirdi. Özü olmayanda belə hamıya deyirdi: “Anamdan muğayat olun.” Şəhidlikdən sonra da yuxularımda gəlir, anamı tapşırır. Ən çox dediyi söz də budur: “Anamdan muğayat olun”.
“Həmişə mənə ‘ikinci anam’ deyirdi...”
Əkbərlə bağlı unutmadığınız, yadınıza düşəndə onu gözünüzün qarşısına gətirən xüsusi bir xatirəniz varmı?
Demək olar ki, qardaşımla olan hər anım yadımdadır. Onu heç vaxt yadımdan çıxara bilmirəm. Ən çox da şirniyyat bişirəndə... Şirniyyatı çox sevirdi. Şirniyyat bişirəndə həmişə gözümün qabağına gəlir. Zarafatları, xoş sözləri... Mənə həmişə “ikinci anam” deyirdi. Mən anamla yanaşı ona da qayğı göstərirdim. Deyirdi:
“Sən mənim ikinci anamsan”. Sonbeşik olduğuna görə gözümüzdə həmişə uşaq idi. Mən ona qardaşım demirdim, “balam” deyirdim: “Balam, hər şeydən muğayat ol. Çörək yeyirsənmi? Çay içirsənmi?” Hava soyuq olanda deyirdim: “Özündən muğayat ol”. İstəyirdim xəstələnməsin. O da elə xoş niyyətli sözləri ilə heç vaxt insanı incitməzdi. Çox yaxşı münasibətli, mehriban və vətənpərvər oğul idi. Ailəsini çox sevirdi, ailəsinə bağlı idi. Amma Vətən, bayraq, Vətən sevgisi onun üçün ailədən də öndə gəlirdi.
– Əkbərin hərbiyə marağı necə yaranmışdı?
Hərbi xidmətdən gələndən sonra bu fikrini bizə bildirdi. Anam həmişə qarşı çıxırdı. Deyirdi ki, “Yox, bu, çətin peşədir”. Amma Əkbər həmişə anama deyirdi: “Mama, çətin peşə olsa da, çox şərəfli peşədir. Sən onu unutma”. Bayrağı həddindən artıq çox sevirdi. Hər dəfə bayraq görəndə, əgər yerə düşmüş olardısa, götürüb düzəldərdi. Əyri tərəfi olardısa, düzəldərdi. Deyirdi: “Bu bayraq üçün, bu üçrəngli bayraq üçün nə qədər oğullar gedib...” Bizim ağlımıza belə gəlməzdi ki, bir gün özü o bayrağın altında şəhid olacaq. “Bir gün o bayrağı mənim də üstümə sancarsan...”
Əkbərin şəhidliklə bağlı sizinlə söhbəti olmuşdu?
Əfsanə xanım: Bizim məktəbimizdə 1993-cü ildən olan yeddi şəhidimiz var idi. Məktəbin həyətində həmişə anım tədbirləri keçirilirdi. Ora bayraqlar taxardıq. Mən də sinif müəlliməsi kimi uşaqlara Vətən sevgisini aşılayır, şəhidlərimizi unutmamağı öyrədirdim. Əkbər də həmin vaxt deyirdi: “Bacı, bir gün o bayraqdan, o daşdan... mən də baxacağam”. Mən o qədər də fikir vermirdim. Deyirdim ki, “Bu nə sözlərdir?” Amma o deyirdi: “Bir gün mənim də... Bir gün o daşdan, bir gün anıtda mən də şəhid ola bilərəm. Bir gün o bayrağı mənim də üstümə sancarsan”. Bunu hələ məktəb vaxtlarında deyirdi. İndi beş-altı ildir ki, həmin yerə bayraq, gül-çiçək aparanda onun sözləri yadıma düşür. Gözümün qabağına gəlir. “Hara gedirdisə, qayıdanda bizi qucaqlayıb öpürdü...”
Əkbərin hansı xüsusiyyəti heç vaxt yadınızdan çıxmayacaq?
Sadəliyi, mehribanlığı... Ailəyə çox bağlı uşaq idi.
Hara gedirdisə, bir saat da keçsə, bir gün də keçsə, qayıdanda həmişə bizi qucaqlayıb öpürdü. Yanımızdan keçəndə belə bunu edirdi. “Deyə bilmədiyi dərdlərini mənimlə bölüşürdü...”
Ən çox nə zaman sizinlə dərdlərini, arzularını bölüşürdü?
Əfsanə xanım: Demək olar ki, istədiyi zaman danışırdı. Amma yavaş-yavaş, sakit danışırdı. Bəzən gedib anamla söhbət edərdim, deyərdi: “Bacımla özüm danışıram, öz aramızdadır”. Çətinliyə düşəndə istəmirdi ki, anam bilsin. Elə şeylər var idi ki, anama deyə bilmirdi. Amma mənimlə bölüşürdü. Həmişə bacı-qardaş kimi danışırdıq. Deyə bilmədiyi, bölüşə bilmədiyi çətinliklərini mənə danışırdı və birlikdə həll edirdik. “Elə bilirdim ki, nəsə bir şey olacaq...”
Əkbər son vaxtlar yuxularınıza gəlirdi?
Demək olar ki, həmişə... Sentyabrın 20-si, 21-i günü axırıncı dəfə gəlmişdi. Elə bil həmişə ürəyimə damırdı. İçimdə qəribə bir hiss var idi ki, nəsə olacaq. 27-si günü günorta vaxtı şəhid olmuşdu. Ondan bir gün əvvəl elə bil yuxuma gəlib girmişdi. Həmişə suyun üstündə üzən kimi, elə bil mələk kimi gəlirdi. Sanki qanadları var idi. Həmişə dağlarda, dağın başında görünürdü. İtkinlik dövrü isə bizim üçün çox ağır oldu. Bir var ki, insan bilir, tapılacaq. Bir də var ki, doqquz ay gözün yolda qalır. Allah heç bir şəhid anasına, şəhid bacısına belə bir şey yaşatmasın.
Əkbər tapılmazdan əvvəl də yuxularınıza gəlirdi?
Bəli. Həmişə dağın başında, suyun üstündə görünürdü. Baxışları çox qəribə idi. Elə 19-u günü də... Vidalaşanda görüşdük. Qayıtdım, qapını örtdüm, maşına mindi. Amma yenidən geri qayıtdım. Elə bil qorxu içimə dolmuşdu. Bilirdim ki, nəsə bir şey olacaq. Qaça-qaça getdim, bir daha öpdüm. Onun baxışları heç vaxt gözümün qabağından getmir. Deyirdim: “Aman, kaş nəsə bir şey edəydim ki, getməyəydi. Maneçilik törədəydim, nəsə edərdim, kaş getməyəydi...” Sonra düşündüm ki, onun üçün bu, bir zirvə idi. O, arzusuna çatdı. Bizim üçün ən yüksək zirvələrdən birinə çatdı. Çünki onun belə bir arzusu var idi.
Yəni Əkbər şəhidlik arzusunu içində daşıyırdı?
Bəli. Şəhid olmaq arzusunu həmişə içində daşıyırdı. Şəhidlik böyük məqamdır. Onlar Vətən üçün ən böyük dəyəri verirlər. Deyirlər ki, şəhidlər nə zaman ölür? Onu unutduğun zaman. Şəhid ailələrinin də ən böyük arzusu budur ki, şəhidlərini unutmasınlar. Onların xatirələri yaşasın. Bizim üçün ən böyük təsəlli odur ki, şəhid ailələri ziyarət olunsun, şəhidlər yad edilsin, onların adı yaşadılsın. Sizə də çox sağ olun deyirəm. Gəlib bizi ziyarət etdiniz. Bugünkü gün həm anam üçün, həm mənim üçün çox xoş oldu.
Fəridə Ağazadə
Jurnalist








Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








