
Azərbaycan elminin qlobal elmi məkanda layiqli mövqe qazanması Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bu sahədə apardığı ardıcıl, uzaqgörən və strateji dövlət siyasətinin real və ölçülə bilən nəticəsi kimi qiymətləndirilməlidir. Məhz bu düşünülmüş siyasətin məntiqi davamı olaraq bu gün ölkəmizin gənc və perspektivli alimləri dünyanın nüfuzlu universitetləri və aparıcı elmi-tədqiqat mərkəzləri ilə sıx əməkdaşlıq mühitində fəaliyyət göstərir, beynəlxalq elmi layihələrin fəal iştirakçılarına çevrilir və Azərbaycan elmini qlobal elmi platformalarda yüksək səviyyədə təmsil edirlər. Eyni zamanda, bir sıra Azərbaycan alimlərinin dünyanın aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələrində dəvətli professor statusu ilə çalışması ölkəmizin elmi və təhsil potensialının beynəlxalq aləmdə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu fəaliyyətlər yalnız fərdi elmi nailiyyətlərlə məhdudlaşmır, bütövlükdə Azərbaycan elminin qlobal elmi sistemə inteqrasiyasını sürətləndirir, milli elmi məktəblərin beynəlxalq nüfuzunu möhkəmləndirir və onların davamlı inkişafına zəmin yaradır. Bu ümumi kontekst çərçivəsində Azərbaycan elminin beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən ardıcıl fəaliyyətlərin bariz nümunələrindən biri professor Rəşad Abaszadənin hazırda Özbəkistan Respublikasına etdiyi rəsmi ezamiyyətdir. Səfər çərçivəsində alim Daşkənd Dövlət Texniki Universitetində bir sıra elmi görüşlərdə iştirak edir, universitetin akademik mühiti ilə sıx və səmərəli əməkdaşlıq aparır. Xüsusilə qeyd edilməlidir ki, professor Rəşad Abaszadə 2025-ci ildən etibarən Daşkənd Dövlət Texniki Universitetinin dəvətli professoru statusunu daşıyır. Bu fakt Azərbaycan alimlərinə beynəlxalq akademik dairələrdə göstərilən yüksək etimadın və regional elmi inteqrasiyanın mühüm göstəricisi kimi dəyərləndirilir. Səfərin ən yaddaqalan və rəmzi məqamlarından biri isə Turan Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri qismində professor Rəşad Abaszadə tərəfindən dahi Azərbaycan alimi, akademik Arif Paşayevin zəngin və çoxşaxəli elmi irsinə həsr olunmuş fundamental nəşrin universitet rəhbərliyinə təqdim edilməsi olmuşdur. Sözügedən kitab Daşkənd Dövlət Texniki Universitetinin rektoru, akademik Sadriddin Turabdjanova rəsmi şəkildə təqdim edilmişdir. 2025-ci ildə əsası qoyulan Turan Beynəlxalq Araşdırmalar İnstitutu bu gün dünyanın 17 ölkəsini təmsil edən 108 professoru öz ətrafında birləşdirən, yüksək elmi potensiala malik beynəlxalq intellektual platforma kimi formalaşmışdır. İnstitut müxtəlif elmi istiqamətlər üzrə aparılan fundamental və tətbiqi tədqiqatların koordinasiyasını həyata keçirərək, qlobal elmi əməkdaşlığın genişlənməsinə və intellektual dəyərlərin mübadiləsinə mühüm töhfə verir.
Bu nəşr öz elmi və simvolik məzmunu ilə Azərbaycan elm tarixində xüsusi yer tutur. Belə ki, kitab beynəlxalq elmi bazalarda indekslənən, Azərbaycan aliminin yubileyinə həsr olunmuş ilk və yeganə fundamental nəşr kimi tarixə düşmüşdür. Eyni zamanda, bu əsər Azərbaycan elminin dünya elmi məkanında tanıdılması baxımından strateji əhəmiyyət kəsb edən mühüm elmi hadisə kimi qiymətləndirilir.
Xüsusi vurğulanmalıdır ki, 2026-cı il professor Rəşad Abaszadənin elmi fəaliyyəti baxımından son dərəcə məhsuldar olmuşdur. Bu ilin əvvəlindən etibarər dünyanın ən nüfuzlu beynəlxalq nəşriyyatlarında Dr. Abaszadənin üç monoqrafiyası işıq üzü görmüşdür. Bu monoqrafiyalar müasir materialşünaslıq, nanoelmlər və qabaqcıl texnoloji tətbiqlər sahəsində aparılan fundamental və tətbiqi tədqiqatların nəticələrini əks etdirir və beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək maraqla qarşılanır. Xüsusi olaraq qeyd edilməlidir ki, N.Nazarbayev Universiteti, Beynəlxalq Ekoenerji Akademiyası və Daşkənd Dövlət Texniki Universitetində dəvətli professor kimi fəaliyyət göstərən Dr. Rəşad Abaszadənin 2026-cı ildə nəşr olunmuş monoqrafiyaları gənc alimlərin elmi nailiyyətləri baxımından mühüm və tarixi hadisə kimi qiymətləndirilir. Belə ki, sözügedən monoqrafiyalar Springer beynəlxalq elmi bazasında və IEEE Xplore platformasında indekslənən gənc alimlərin siyahısında ilk presedent kimi qeydə alınmışdır.
Bu fakt bir tərəfdən Azərbaycan gənc alimlərinin qlobal elmi məkan daxilində artan mövqeyini nümayiş etdirir, digər tərəfdən isə milli elmi potensialın dünyanın aparıcı akademik platformalarında tanınmasının bariz göstəricisi kimi çıxış edir.
Ümumilikdə, professor Rəşad Abaszadənin Özbəkistana səfəri Azərbaycan–Özbəkistan elmi əlaqələrinin daha da dərinləşməsinə, ortaq elmi təşəbbüslərin və birgə layihələrin formalaşmasına, eləcə də Azərbaycan elminin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir. Bu səfər Azərbaycan alimlərinin qlobal elmi proseslərdə fəal və prinsipial iştirakının bariz nümunəsi olmaqla yanaşı, dövlətin elmə göstərdiyi strateji dəstəyin real və konkret təzahürü kimi də çıxış edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








