
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibə ölkənin ötən il ərzində keçdiyi yolun və qarşıdakı dövr üçün prioritetlərin aydın ifadəsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı müsahibəsində Azərbaycanın artıq sülh şəraitində yeni mərhələyə qədəm qoyduğunu, bu amilin siyasi, iqtisadi və sosial sahələrdə inkişaf üçün geniş imkanlar yaratdığını vurğuladı. Məhz bu ümumi kontekst daxilində Prezidentin elm, təhsil və gənclərlə bağlı səsləndirdiyi fikirlər strateji məna kəsb edir.
Cənab Prezident, inkişaf etmiş ölkələrin əsas üstünlüyünün təbii sərvətlər deyil, zəka, təhsil və elm olduğuna bu müsahibəsində də geniş yer ayırdı. Onun sözlərinə görə, neft və qaz müvəqqəti üstünlük yarada bilər, lakin uzunmüddətli və dayanıqlı inkişaf yalnız bilik və intellektual potensial üzərində qurulmaqla pespektiv strategiyanı şərtləndirir. Prezident bu fikirlə faktiki olaraq Azərbaycanın gələcək inkişaf modelinin əsasını müəyyənləşdirir və insan kapitalını prioritetliyini önə çəkir.
Həmin strateji baxışın praktik ifadələrindən biri elm və təhsilin vahid idarəetmə modeli altında birləşdirilməsidir. Ölkə başçısının vurğuladığı kimi, Elm və Təhsil Nazirliyinin yaradılması təsadüfi qərar deyildi. Dünya təcrübəsinə əsaslanan bu yanaşma elmin ali təhsil müəssisələri ilə daha sıx inteqrasiyasını, elmi tədqiqatların real inkişaf məqsədlərinə xidmət etməsini nəzərdə tutur. Dövlət başçısı açıq şəkildə bildirdi ki, elm yalnız məşğulluq vasitəsinə çevrilməməli, real nəticələr, beynəlxalq elmi mühitə uyğunluq və müasir çağırışlara cavab verməlidir. Bu baxımdan struktur və kadr islahatlarının qaçılmaz olduğu xüsusi qeyd olundu.
Prezidentin müsahibəsində diqqət çəkən əsas məqamlardan biri də keyfiyyət meyarlarının ön plana çəkilməsi idi. Elmi fəaliyyətin dəyərləndirilməsində beynəlxalq elmi jurnallarda dərc olunan məqalələr, elmi potensialın müasir tələblərə uyğunluğu əsas kriteriyalar kimi göstərildi. Bu yanaşma elmin formal deyil, nəticəyönümlü inkişafına hesablanmış siyasətin göstəricisidir.
Son 20 ildə Azərbaycanda ali təhsil sahəsində atılan addımlar da Prezident tərəfindən xüsusi vurğulandı. Bu dövrdə 10 yeni ali təhsil müəssisəsinin yaradılması, onların bir qisminin nüfuzlu xarici tərəfdaşlarla birgə fəaliyyət göstərməsi dövlətin təhsilin keyfiyyətinə verdiyi önəmin göstəricisidir. Eyni zamanda, müəllimlərin sosial təminatının gücləndirilməsi, təhsil infrastrukturunun yenilənməsi və test sistemi kimi mexanizmlər cəmiyyətin ümumi bilik səviyyəsinin yüksəldilməsinə xidmət edir. Prezidentin fikrincə, yalnız savadlı və bilikli cəmiyyət uzunmüddətli inkişafı təmin edə bilər.
Müsahibədə gənclərlə bağlı səsləndirilən fikirlər də xüsusi yer tutur. Cənab İlham Əliyev Azərbaycanın geniş istedadlı gənclər potensialına malik olduğunu qeyd edərək, dövlət proqramları vasitəsilə bu potensialın üzə çıxarılmasının vacibliyini vurğuladı. “Yüksəliş” proqramı kimi təşəbbüslər gənclərin həm dövlət, həm də özəl sektorda irəli çəkilməsinə, idarəetmədə yeni, müasir düşüncəli kadrların formalaşmasına xidmət etdiyi bildirildi. Prezidentin şəxsi təcrübəsinə əsaslanan müşahidələri onu da göstərir ki, müasir biliklərə malik gənc kadrların rəhbər vəzifələrə gətirilməsi idarəetmədə keyfiyyət dəyişikliyi yaradır.
Dövlət başçısı eyni zamanda vurğuladı ki, ayrı-ayrı istedadlı şəxslərin yetişməsi üçün cəmiyyətin ümumi intellektual səviyyəsi yüksək olmalıdır. Bu baxımdan elm, təhsil və kadr islahatları bir-biri ilə sıx bağlı proseslər kimi təqdim olunur. Son 20 ildə ölkə üzrə 3600-dən çox məktəbin tikilməsi də bu siyasətin sosial və iqtisadi inkişafla vəhdət təşkil etdiyini göstərir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər Azərbaycanın gələcək inkişafının əsas dayaqlarını aydın şəkildə ortaya qoyur. Elmə, təhsilə və gənclərə yönəlmiş bu strateji xətt dövlətin yalnız bu gününü deyil, onilliklər və yüzilliklər sonrasını hədəfləyən uzaqgörən siyasətin təzahürüdür. Prezidentin ifadə etdiyi kimi, aparılan islahatlar davam edəcək və bu yol Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək əsas amillərdən biri olacaq.
Elgün Rüstəmlilər
Sumqayıt Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri
LIVE
AZ
TR
RU
EN
FOTO
VIDEO








