
// Pekin energetikanın yeni sahəsini yaradır
Çin geoloqları Daxili Monqolustan əyalətindəki Bayan-Obo yatağında 1 milyon ton toriumun tapıldığını təsdiqləyiblər.
“South China Morning Post” yazır ki, bu ehtiyat 60.000 il ərzində ölkəni enerji ilə təmin etməyə kifayətdir. Torium – elementlərin dövri cədvəlində 90-cı yerdə olan yüngül radioaktiv xüsusiyyətlərə malik ağır metaldır. Norveç mifologiyasındakı ildırım allahının adını daşıyan bu element “torium-232” izotopu şəklində təbiətdə urandan 3-4 dəfə çox yayılıb.
O, nüvə energetikasında urana əsas alternativ sayılır: daha təhlükəsiz olmaqla, 200 dəfə artıq enerji tutumludur. Torium reaktorunu su ilə soyutmaq lazım gəlmir. İstifadəsindən sonra radioaktiv tullantılar qalmır.
Toriumu şüalandırmaq yolu ilə urana çevirmək də mümkündür. MAGATE-nin də yanaşması belədir ki, torium bəşəriyyətin energetika probleminin həlli yollarından biri ola bilər.
İndiyə qədər torium energetikasının əsas problemi onun hasilatının urandan baha başa gəlməsi hesab olunurdu.
Çin 2029-cu ildə Qobi səhrasında dünyada ilk dəfə olaraq toriumla işləyən reaktor stansiyası qurmağı planlaşdırır. Eyni zamanda, toriumla işləyən yük gəmilərinin yaradılması üzərində də iş gedir.
Tariyel Həsənov
AzVision.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin