Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlak bazarında enerji içkisi adı altında istehlakçılara təqdim olunan alkoqolsuz içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqlərə başlanıb.
AQTA-dan anmedia.az-a verilən məlumata görə, bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən bütün növ enerji içkilərindən nümunələr götürülərək laborator analizləri həyata keçiriləcək. Həmçinin monitorinqlər zamanı enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair yanlış təəssürat yaratmaqla istehlakçı hüquqlarını kobud şəkildə pozan və digər bu kimi qanunazidd hallarla bağlı araşdırmalar həyata keçiriləcək. Aparılan monitorinqlər nəticəsində fəaliyyətində pozuntular aşkar olunmuş sahibkarlıq subyektləri barədə müvafiq tədbirlər görüləcək, həmçinin məhsullar əmtəə nişanı adları göstərməklə geniş ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, ötən il AQTA tərəfindən 30 nümunə üzərində aparılmış müayinələr nəticəsində 5 nümunənin enerji içkisi olduğu, onlardan yalnız 1-nin etiketlənməsinin qaydalara uyğun olduğu, digər 4-nün isə uyğun olmadığı aşkar olunub. Həm etiket məlumatlarının ekspertizası, həm də tərkib analizi nəticəsində qalan 25 nümunənin isə enerji içkisi olmadığı müəyyən edilib.
Məlumat üçün bildirək ki, 2020-ci il yanvarın 1-dən ölkəmizdə “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” qüvvəyə minib. AQTA tərəfindən hazırlanan yeni qaydalar bu məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir. Bununla bağlı Agentlik tərəfindən mütəmadi olaraq monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində ən sərt tədbirlər görüləcəkdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin