Fevralın 18-də Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirir. Sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq.
ANmedia.az DİM-dən verilən məlumata istinadən bildirir ki, imtahan vermək üçün 3469 abituriyent qeydiyyatdan keçib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 20 binada təşkil edilir.
Sınaq imtahanı saat 11:00-da başlanacaq. İmtahan binasına buraxılış saat 10:45 də başa çatacaq.
İmtahanın müddəti üç saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ndə nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”nda qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir.
DİM imtahan iştirakçılarının nəzərinə çatdırır ki, “cavab kartı”ndakı məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, “cavab kartı”nı qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə, yaxud tünd rəngdə yazan sadə karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Abituriyentlərə tövsiyə olunur ki, “cavab kartı”nda cavabları tam əmin olduqdan sonra qeyd etsinlər və ya “cavab kartı”nda imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralasınlar.
İmtahanın idarə edilməsi üçün 40 imtahan rəhbəri, 310 nəzarətçi, 20 ümumi imtahan rəhbəri, 55 buraxılış rejimi əməkdaşı ayrılıb.
Mərkəz abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilir.
Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin