Ədliyyə naziri Fikrət Məmmədov nazirliyin yerli özünüidarəetmə sahəsində əməkdaşlıq etdiyi Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin yeni prezidenti Mark Kulsa müraciət ünvanlayıb.
ANmedia.az Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, müraciətdə Avropa Şurası və onun struktur qurumları, o cümlədən Yerli və Regional Hakimiyyətlər Konqresi ilə səmərəli əməkdaşlığa toxunularaq Avropa məkanında yerli demokratiyanın inkişafında Konqresin rolu qeyd edilib. Qurumun Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı qəbul etdiyi bəyannamədə ölkəmizə qarşı əsassız ittihamlarından və qərəzli münasibətindən dərin təəssüf və kəskin etiraz ifadə olunub.
Bildirilib ki, Konqresin bu addımı onun nüfuzuna və etibarına xələl gətirməklə regionda davam edən sülh səylərinə ciddi ziyan vurur. Qəbul olunan bəyannamədə qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı Azərbaycanın öz ərazilərində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin mahiyyəti və konteksti ciddi şəkildə təhrif edilmişdir və qurumun qərəzli mövqeyi regiona səfər edən BMT missiyasının və Avropa Şurası İnsan hüquqları üzrə komissarının qiymətləndirmələrinə uyğun gəlmir.
Eyni zamanda, birtərəfli şəkildə qəbul edilmiş sənəddə Azərbaycan hökumətinin yerli erməni sakinlərinin ehtiyaclarının tez bir zamanda ödənilməsi, dialoqun davam etdirilməsi və reinteqrasiya ilə bağlı gördüyü tədbirlər barədə heç nə deyilmir.
Ədliyyə naziri Azərbaycan tərəfinin Konqresdən obyektiv yanaşma gözlədiyini, belə bir mötəbər qurumun əsassız manipulyasiya xarakterli ittihamları təkrarlamaqdansa, öz səlahiyyətləri çərçivəsində bu məsələlərə lazımi diqqət yetirəcəyinə ümidvar olduğunu söyləyib. Qurumun yeni prezidentinin Konqresin siyasi məqsədlər üçün istifadə olunmasına imkan verməyəcəyinə inamını ifadə edib.
Müraciətin mətni diplomatik kanallar vasitəsilə göndərilib, həmçinin ölkəmizin Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən yeni rəhbərliyə təqdim olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin