Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında I Beynəlxalq TÜRKSOY Teatr Festivalının bağlanışı və mükafatlandırma mərasimi keçirilib.
Azərbaycan Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən festival Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileylərinə həsr olunub.
Festivalın bağlanış mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev yüksək qonaqpərvərlik və təşkilatçılığa görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Baş katib Azərbaycanı, xüsusilə paytaxt Bakını Türk dünyasının böyük mədəniyyət mərkəzlərindən biri kimi səciyyələndirb, hazırda “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Şuşanı qardaş isə mənəviyyat şəhəri hesab etdiyini deyib. Türk dünyasının çətin dönəmlərdə daim Azərbaycanın arxasında olduğunu deyən Sultan Raev ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə güc və qüdrətini dünyaya nümayiş etdirdiyini vurğulayıb.
İlk festivalın uğurla reallaşdığını bildirən baş katib növbəti teatr şöləninin gələn il Türkmənistanın Aşqabad şəhərində keçiriləcəyini diqqətə çatdırıb.
Sonra türk respublikalarının aparıcı teatr kollektivlərini bir araya toplayan festivalın qalib tamaşaları elan olunub.
Türk dünyasının teatr mütəxəssislərindən ibarət münsiflər heyətinin rəyinə əsasən, “Ən yaxşı musiqi tərtibatına görə” İstanbul Dövlət Teatrı “Bir nəfəs Dədə Qorqud” tamaşası ilə qalib olub.
Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrının (Qırğızıstan) “Günəşə toxunan uşaq” və Səmərqənd Musiqili Dram Teatrının (Özbəkistan) “Leyli və Məcnun” tamaşaları “Ən yaxşı tamaşa” nominasiyası üzrə mükafata layiq görülüblər.
Tamaşanın ən yaxşı plastik həllinə görə Türküstan Musiqili Dram Teatrı (Qazaxıstan) “Qorqud əfsanəsi” səhnə əsəri mükafat alıb.
Müsabiqənin “Ən yaxşı aktrisa” iki sənətçiyə – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından Məsmə Aslanqızına (“Qarabağnamə”) və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrından Gülnabat Abdullayevaya qismət olub.
Festivalın müsabiqədən kənar tamaşa nümayişlərinə görə isə Azərbaycan Dövlət Akademik Musiqili və Dövlət Pantomima teatrları fəxri diplomlarla təltif olunublar.
ANmedia.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin