Sabah “Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasında “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.
ANmedia.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.
Qeyd olunub ki, paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada matçın başlanması ərəfəsində iş rejimi gücləndiriləcək.
Görüşə çoxsaylı azarkeş marağını nəzərə alaraq, gücləndirilmiş iş qrafikində çalışacaq stansiyada sərnişinlərin arenaya rahat yollanması və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə növbətçilik cədvəli tərtib olunacaq və stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.
Sərnişinlərin oyun qurtardıqdan sonra da mənzilbaşına təhlükəsiz, rahat çatması üçün ehtiyat qatarlar nəzərdə tutulacaq, bununla qatarların hərəkəti intensivləşdiriləcək. Qatarların hərəkət qrafiki isə gün ərzində yay iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyac yaranarsa, hazır vəziyyətdə olan ehtiyat qatarlar xəttə buraxılacaq.
Bakı metrosunun “28 May” və “Nərimanov” stansiyalarında da müvafiq nəzarət mexanizmləri tətbiq ediləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin