Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 03 aprel tarixli Fərmanına uyğun olaraq məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin və şəffaflığın artırılması üzrə ardıcıl tədbirlər görülüb.
ANmedia.az xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurası məlumat yayıb.
Bildirilib ki, həmçinin, hakimlərin iş yükünün azaldılması, işlərə daha keyfiyyətlə və çevik baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb. Bununla əlaqədar açıq müsabiqə elan olunaraq namizədlərin sənədlərinin qəbulu fasiləsiz xarakter alıb. Seçim prosesi zamanı hər cür şəffaf və əlverişli şəraitin yaradılması, sualların müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırılması, nəticələrin dərhal elan edilməsi təmin olunub.
Ötən dövrdə yeni nəsil hakim korpusunun formalaşdırılması məqsədilə 1500-dək hakimliyə namizədlə şəffaf prosedurlarla seçim keçirilib. Bu mərhələli prosesi, o cümlədən Ədliyyə Akademiyasında tədris və məhkəmələrdə təcrübəni uğurla başa vurmuş 123 nəfər ölkə Prezidentinin Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib.
243 hakimliyə namizəd isə seçim prosesinin müxtəlif mərhələsindədir.
Onlardan 175 nəfəri test imtahanında müvəffəqiyyət qazanaraq müsabiqənin növbəti mərhələsinə – yazılı imtahana keçmişlər. Avqust ayının 04-də Dövlət İmtahan Mərkəzində həmin namizədlərlə yazılı imtahan keçirilib.
İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi həmin binada, qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.
4 saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlis izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Anonimləşdirilmiş cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirilməklə yaxın zamanda nəticələr elan olunacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin