Bu ilin yanvar-iyun aylarında Azərbaycanda su mənbələrindən 4,9 milyard kubmetr su götürülüb, bundan əkin sahələrinə 3,6 milyard kubmetr suyun verilməsi təmin edilib.
ANmedia.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib. Beləliklə, götürülən suyun 1,3 milyard kubmetri və ya 26,5%-i itkiyə gedib.
“Su itkisinə qarşı görülən tədbirlər çərçivəsində hesabat dövründə suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 17,58 milyon kubmetr həcmində lildən təmizləmə işləri həyata keçirilib. Eyni zamanda çay məcralarında 4,173 milyon kubmetr həcmində məcratəmizləmə və tənzimləmə, o cümlədən bəndlərin yüksəldilməsi və möhkəmləndirilməsi üzrə 2,924 min kubmetr həcmində torpaq işləri görülüb, sahilbərkitmə tədbirləri üzrə 1 883 p/m uzunluğunda mühafizə bəndləri tikilib.
Altı ay ərzində həyata keçirilən meliorativ tədbirlər nəticəsində 1,3 min hektar yeni suvarılan torpaq sahəsi əkin dövriyyəsinə əlavə edilib, 800 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılıb”, - ASC-dən bildirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin