Şəkidə Azərbaycan Milli Mətbuatının yaranmasının 148-ci ili münasibətilə “Mətbuat Cəmiyyətin Güzgüsüdür” mövzusunda tədbir keçirilib.
ANmedia.az xəbər verir ki, tədbir Şəki Şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirin layihə rəhbəri və aparıcısı Elvin Nüsrətoğlu mətbuat işçilərini təbrik edib və bu sahəyə ilk gəldiyi illərdən bəhs edib.
“Kanal S”, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin dəstəyi ilə keçirilən tədbirə paytaxtda və regionlarda fəaliyyət göstərən media nümayəndələri dəvət olunub .
Layihə çərçivəsində jurnalistlərlə 148 il bundan öncə əsası “Əkinçi” qəzeti ilə qoyulan medianın bu günündən, gündəm olan mövzulardan, oxucu və tamaşaçıların tələb-təkliflərindən söhbət açılıb.
Xüsusilə media və mədəniyyət çalarları üzərində hazırlanan tədbirdə media nümayəndələri ilə yanaşı tanınmış incəsənət xadimləri də iştirak ediblər.
Tədbirdə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin anaları, qazilərimiz də iştirak ediblər. Şəhid anaları çətin dövrdə dövlətin, eləcə də mətbuat nümayəndələrinin onları diqqətdən kənar qoymadığı barədə məlumatlar veriblər.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsi media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib və onlara hədiyyələr verib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin