Ölkəmizdə səfərdə olan Yaxın Şərq və Cənubi Asiya regionu (NESA) üzrə Təhlükəsizlik məsələlərinin araşdırılması Mərkəzi nəzdində Cənubi Afrika Milli Müdafiə Birliyi (SANDU) Strateji Tətbiqetmə şöbəsinin rəisi Çarlz B.Marksın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib.
ANmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov qonaqları salamlayaraq, onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, onun nəzdindəki hərbi təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri, strukturu və qarşıda duran vəzifələri ilə bağlı ətraflı məlumat verilib.
Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin zəruriliyi xüsusi qeyd edilib, Milli Müdafiə Universiteti ilə NESA üzrə Təhlükəsizlik Məsələlərinin Araşdırılması Mərkəzi arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin