Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 30-dan iyulun 1-i axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır.
ANmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduqları nəzərə alınaraq xatırladılıb ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı “112”yə zəng edin!
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin