Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun (DATS) işgüzar proqramının ikinci günü başa çatıb.
TƏBİB-dən ANmedia.az-a verilən məlumata görə, proqram çərçivəsində paralel zallarda aparılan müzakirələrdə xaricdən gələn azərbaycanlı təbiblər ''Nevrologiyada aktual problemlərə yeni yanaşma'', ''Müasir cərrahi müalicələrə yeniliklərin inteqrasiyası'', ''Reabilitasiyada müasir nailiyyətlər'', ''Aktual problemlərə yeni baxış'', ''Qadın sağlamlığındakı imkanlar və perspektivlər'', ''Müasir neontalogiya və pediatriya'' və ''Tibbi xidmətin təşkilində yeni yanaşmalar'' mövzularında təqdimatlar nümayiş etdirib, auditoriyadan gələn sualları cavablandırıblar.
Daha sonra Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun bağlanış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunun yüksək səviyyədə keçməsindən məmnunluğunu dilə gətirib:
"14 ölkə, xaricdə yaşayan 120 azərbaycanlı təbib, 6 gün, 5 şəhər, 64 məruzə, 14 yerli və beynəlxalq tibbi cəmiyyətlə memorandum, 1 500-dən çox iştirakçı və akkreditasiya olunmuş 28 DTT krediti ilə Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumu çox yüksək nəticələrlə öz işini yekunlaşdırır. Bu günlər ərzində həm Azərbaycanda, həm də xaricdə çalışan həkimlərimizin simpoziuma çox böyük marağını müşahidə etdik. Həkimlərimizin təəssürratları, simpozium barədə söylənən müsbət fikirlər, eləcə də göstərilən böyük maraq bizi ruhlandırır ki, gələcəkdə də xaricdə yaşayan və çalışan həmkarlarımızı müxtəlif lahiyələr vasitəsilə ölkəmizə cəlb edək".
Vüqar Qurbanov xaricdə yaşayan azərbaycanlı həkimləri vətəndə fəaliyyət göstərməyə çağırıb:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunan səhiyyə sahəsində davamlı islahatlar həyata keçirilir. Qarşıya qoyulan hədəflər isə çoxdur. Bu istiqamətdə görüləcək işlərdə Azərbaycanda çalışan həkimlərimiz sırasında sizi də görməkdən məmnun olarıq. Dünyanın müxtəlif ölkələrində Azərbaycan səhiyyəsinə öz töhfələrinizi verməyə çalışırsınız, əminəm ki, vətəndən kənarda ölkəmizi layiqli şəkildə təmsil edirsiniz”.
Panel müzakirələrində moderator, ekspert və məruzəçi qismində iştirak edən Azərbaycanda və xarici ölkələrdə çalışan həkimlərə sertifikatlar təqdim olunub.
Bağlanış mərasimi bədii hissə ilə davam edib. Bədii hissədə tanınmış tarzən, əməkdar artist Şəhriyar İmanovun ifaları səsləndirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin