İyunun 15-də Heydər Əliyev Fondunun dəstəyi ilə II Bakı Beynəlxalq Piano Festivalı başlayıb.
ANmedia.az xəbər verir ki, iyunun 29-dək davam edəcək festivalın məqsədi dünyanın hər yerindən ən yaxşı musiqiçiləri təşviq etmək və müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirməklə mədəni körpü yaratmaqdır.
Festivalın Heydər Əliyev Mərkəzində keçirilən rəsmi açılış mərasimində Mərkəzin nümayəndəsi Rəna Məmmədova, Azərbaycanın Əməkdar artisti, Bakı Beynəlxalq Piano Festivalının təsisçisi Şahin Növrəsli, məşhur pianoçu Elen Mersye çıxış edib. Qeyd edilib ki, festival Bakının müxtəlif konsert salonlarında, açıq və qapalı məkanlarda keçiriləcək. Azərbaycan Dövlət Simfonik və Azərbaycan Dövlət Kamera orkestrlərinin müşayiəti ilə dünya ulduzları ilə yanaşı, musiqi bayramında istedadlı gənc nəslin nümayəndələri olan yerli pianoçular və digər musiqiçilər də iştirak edəcəklər.
Festival çərçivəsində ictimaiyyət üçün bir sıra interaktiv master-klasslar da təşkil olunacaq. Bununla da II Bakı Beynəlxalq Piano Festivalı vasitəsilə bu musiqi bayramının bütün dünyada daha çox tanınmasına, həmçinin Azərbaycan mədəniyyətinin təşviq olunmasına nail olunacaq.
Rəsmi hissədən sonra konsert təqdim edilib. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, həmin orkestrin müşayiəti ilə Elen Mersye və Şahin Növrəslinin ifasında məşhur Amerika bəstəkarı Gerşvinin “Mavi rapsodiya”sı səsləndirilib.
Builki festivalda Azərbaycanla yanaşı 10 ölkə təmsil olunur: Almaniya, Avstriya, Braziliya, Fransa, İspaniya, Latviya, Macarıstan, Norveç və Türkiyə. Həmin ölkələrdən gələn istedadlı musiqiçilərin Azərbaycan tamaşaçısı və ölkəmizin qonaqlarına maraqlı konsert proqramları təqdim edəcəyi nəzərdə tutulub.
Festival günlərində canlı musiqi sədaları onsuz da bənzərsiz olan Bakının yay axşamlarına özünəməxsus bir ovqat bəxş edəcək.
Xatırladaq ki, I Bakı Beynəlxalq Piano Festivalı 2022-ci ilin mayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib. Açıq və qapalı məkanlarda baş tutan konsertlər paytaxtımızın vacib hadisələrindən birinə çevrilib və auditoriyanın böyük marağına səbəb olmuşdu. Ötən il festivalda ölkəmizlə yanaşı Almaniya, Argentina, Çexiya, Fransa, İspaniya, Qırğızıstan, Norveç, Polşa və Türkiyədən olan pianoçular iştirak etmişdilər. Həmin ölkələrdən gələn musiqiçilər tamaşaçılar qarşısında müxtəlif musiqi janrlarına aid proqramlarla çıxış etmişdilər. Festivalda klassik, caz, flamenko,müasir musiqi, muğam ifa edilib.
Azərbaycan hər zaman piano aləmində böyük nailiyyətlər əldə edib və Bakı Beynəlxalq Piano Festivalı da bu ənənənin uğurlu davamıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin