Mayın 7-də Səbail rayonu ərazisində yerləşən məktəblərdə (51, 160, 163, 189-190, 236, 239 nömrəli) imtahan verəcək şagirdlərin və abituriyentlərin nəzərinə çatdırırıq ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata əsasən, “Bakı Marafonu 2023”lə əlaqədar sabah səhər saatlarından etibarən yürüşlə bağlı Səbail rayonu ərazisində bəzi küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hərəkət məhdudlaşdırılan küçə və prospektlərə nisbətən yaxın hesab oluna biləcək məktəblərdə imtahan verəcək şəxslərin imtahan binasına müəyyən olunmuş vaxtda çata bilmələri üçün müvafiq halı nəzərə almalarını tövsiyə edirik.
Qeyd edilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iştirakçıların imtahan binasına rahat və müəyyən olunan vaxtda çata bilmələri üçün onların yaşadıqları əraziyə yaxın məsafədə yerləşən məktəblər seçilib. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahan binasına buraxılış rejimi saat 10:45-də başa çatır.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2023-cü il mayın 7-də respublikanın 21 şəhər və rayonunda tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumtəhsil müəssisələrinin şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin