Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə aprelin 4-dən Xəzər dənizində monitorinqlərə başlayan ekspedisiya qrupu bu günədək “Abşeron”, “Palçıq pilpiləsi”, “Neft Daşları”, “Çilov”, “Bahar”, “Mərkəzi Azəri” və “Çıraq” yataqlarında dənizin hidrobioloji vəziyyətini təhlil edib, ekoloji monitorinqlər həyata keçirib.
Bununla bağlı 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, ekspedisiya zamanı qeyd olunan məntəqələr üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos, hava nümunələri götürülüb, hidrometeoroloji ölçmələr və müxtəlif komponentlər üzrə tədqiqatlar aparılıb.
Qrup rəhbərinin sözlərinə görə, monitorinqlər aprelin 14-dək davam edəcək, tədqiqat işləri növbəti günlərdə Lənkəran, Kür dili və Cənub-Şərqi Qoltuq kəsimlərində aparılacaq, həmçinin biomüxtəliflik üzrə tədqiqat işləri həyata keçiriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin