Ədliyyə Nazirliyi Probasiya xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Bakı şəhər Probasiya idarəsində “Məhkumların sosial adaptasiya və reabilitasiyası” mövzusunda xidmətin qeydiyyatında olan qadın məhkumlarla görüş keçirilib.
Tədbirdə Ədliyyə Nazirliyinin və Sosial Xidmətlər Agentliyinin məhsul əməkdaşları, sosial işçilər və psixoloqlar, eləcə də şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş qadın məhkumlar iştirak ediblər.
Çıxışlarda Agentliyin fəaliyyət istiqamətləri, çətin həyat şəraiti ilə qarşılaşmış şəxslərə göstərilən sosial-reabilitasiya yönümlü xidmətlər barədə ətraflı məlumat verilib. Məhkumların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası ilə bağlı həyata keçirilən tədbirlərə toxunulub.
Sonra Agentliyinin sosial işçiləri və psixoloqları tərəfindən hər bir məhkumun ilkin qiymətləndirilməsi aparılaraq, onların risk səviyyəsi nəzərə alınaraq sosial reabilitasiya tədbirlərinə başlanması qərara alınıb, onların hər biri ilə bağlı fərdi inkişaf planının hazırlanması və sosial-reabilitasiya işinin aparılması nəzərdə tutulur.
Bu tədbirlərin keçirilməsində məqsəd məhkumların sosial-psixoloji adaptasiyası və sosial problemlərinə həllinə dəstək verməkdən, eləcə də probasiya sahəsində çalışan icra məmurlarında sosial yönümlü yanaşmanın inkişaf etdirilməsindən ibarətdir.
İlkin olaraq bu tədbirə şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş qadın məhkumlar cəlb olunub, gələcəkdə sosial adaptasiya təbirlərinə cəlb ediləcək məhkumların dairəsinin, həmçinin bu tədbirlərin davamlılığını təmin etməklə məşğulluq və sosial yönümlü digər xidmətlərin dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Qeyd olunmalıdır ki, Penitensiar və Probasiya xidmətlərində cəza çəkən məhkumlar üçün bu yönümlü tədbirlər Ədliyyə Nazirliyi tərəfindən BMT-nin Uşaq Fondu (UNICEF) və digər ixtisaslaşmış yerli təşkilatlarla davamlı olaraq aparılır.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin