Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş səhiyyənin transformasiyası təşəbbüsü çərçivəsində və rəqəmsal sağlamlıq vasitələrinin tətbiqinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən Vahid Səhiyyə İnformasiya sisteminin “Elektron epikriz” altsistemi hazırlanıb.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, 2023-cü ildən etibarən “Elektron epikriz” səhiyyə işçiləri üçün əlçatandır və göstərilən tibbi xidmətlərin effektiv informasiya dəstəyi və keyfiyyətinin artırılması üçün nəzərdə tutulub. Sistem vətəndaşların xəstəlik tarixlərindən çıxarışların vahid elektron reyestrinin yaradılması, aparılması və saxlanılmasını təmin etməklə məlumat sorğuları əsasında fərdi tibbi məlumatların axtarışını və verilməsini standartlaşdırmağa imkan verir. Bu, həmçinin tibb işçilərinin işini xeyli asanlaşdıracaq, rutin kağız işini avtomatlaşdıracaq və xəstəliklə bağlı retrospektiv məlumatların olmaması səbəbindən həkim səhvi ehtimalını minimuma endirəcək.
Elektron epikriz həkimin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir və tezliklə vətəndaşların “e-Səhiyyə” şəxsi kabinetində və mobil tətbiqində istifadəyə veriləcək. Çap edilmiş sənədin həqiqiliyini üzərindəki QR-kod vasitəsilə yoxlamaq mümkündür.
Ölkənin səhiyyə praktikasına “Elektron epikriz” altsisteminin tətbiqi tibbi yardımın göstərilməsinin informasiya təminatının təkmilləşdirilməsi istiqamətində mühüm addımdır. Rəqəmsal səhiyyənin vahid platformasına mərhələli keçid prosesində elektron epikriz tibbi məlumatların rəqəmsal ekosisteminin ayrılmaz hissəsinə çevriləcək. Həmin məlumatların əsasında rəqəmsal tibbi statistika, həkim qərarlarının qəbuluna dəstək sistemlərini qurmaq imkanı, o cümlədən süni intellekt texnologiyalarının istifadəsi və sənayedə idarəetmə qərarlarının həyata keçirilməsi üçün analitikanın qurulmasında mühüm rol oynayacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin