Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Dəniz komando təməl kursu”na könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər cari ilin fevral ayının 20-dən mart ayının 25-dək müvafiq sənədlərlə birlikdə HDQ-nin qərargahında fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Oxu.Az-a istinadən xəbər verir.
“Dəniz komando təməl kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə HDQ-nin poliklinikasına göndərilir. Hərbi həkim komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş və boyu 170 sm-dən yuxarı olan şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, üzmə bacarığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.
Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla 3 il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin