Fevralın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı Türkiyədə böyük insan itkiləri və güclü dağıntılara səbəb olan zəlzələdən zərər çəkmiş əhalinin xilas olunması, humanitar yardım göstərilməsi istiqamətində aparılan əməliyyatların və işləri üzrə son vəziyyəti müzakirə edilib.
Baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı bir daha başsağlığı diləklərini çatdıran Ceyhun Bayramov zəlzələ nəticəsində xəsarət almış şəxslərə şəfa diləyib.
Nazir Azərbaycanın hər zaman olduğu kimi bu çətin günlərdə də qardaş Türkiyənin yanında olduğunu, baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində öz dəstəyini davam etdirəcəyini bildirib.
O, qardaş Türkiyənin bu ağır sınaqdan da üzüağ çıxacağına dair inamını əminliklə ifadə edib.
Telefon danışığı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu həmçinin zəlzələ bölgəsində son vəziyyət, xilasetmə əməliyyatlarının gedişatı barədə ətraflı məlumat verib.
Telefon danışığı zamanı, həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin