Türkiyədə zəlzələ baş verən ilk gündən etibarən bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları zərərçəkənlərə yardım kampaniyalarında fəal iştirak edirlər.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) 9 min manat (100 000 TL) nağd vəsaiti zərərçəkənlərə yardım fonduna köçürüb.
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu nəzdindəki Azərbaycan Evi Azərbaycandan, Türkiyədən və Avropa ölkələrindən toplanan iki yük maşını humanitar yardımı zəlzələ bölgəsinə çatdırıb.
Ankarada fəaliyyət göstərən Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi, “Azaflı” Hüquq və Konsaltinq şirkəti zəlzələ bölgəsinə 40 min manat (450 000 TL) dəyərində bir TIR humanitar yardım və altı çadır göndərib. Eyni zamanda 30 nəfərlik üç könüllü axtarış-xilasetmə qrupu yaradılıb. Bu qrup tərəfindən dağıntılar altından 20 nəfər sağ çıxarılıb, 50-dən çox şəxsin isə meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
İstanbulda azərbaycanlı Elşən Rəsulovun rəhbərlik etdiyi “ARS” və “Unixpadel” idman təsisatları və qurğuları şirkəti 153 500 manat (1 700 000 TL) dəyərində üç TIR içməli suyu və iki TIR humanitar yardımı zəlzələ bölgəsinə göndərib. Xilasetmə işlərində istifadə olunmaq üçün üç ekskavator, bir ədəd qreyder və iki yükqaldırıcını icarəyə götürüb. Şirkətin Adıyamandakı fabrikində 500 nəfər zərərçəkənin yerləşdirilməsi təmin olunub.
Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən 2 700 manat (30 000 TL) dəyərində uşaq bezləri, isti geyim, yataq, 40 cüt ayaqqabı, quru yeməklər, uşaq yeməkləri və uşaq paltarlarından ibarət mallar toplanaraq zəlzələ bölgəsinə yola salınıb.
Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi zərərçəkənlərə yardım fonduna 270 manat (3 000 TL) köçürüb, zəlzələ bölgəsinə 5 400 manat (60 000 TL) dəyərində humanitar yük göndərib.
İzmirdə fəaliyyət göstərən Çağdaş Azərbaycan Kültür Dərnəyi AFAD-ın hesabına 9 000 manat (100 000 TL) vəsait köçürüb.
İğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi Azərbaycan Kültür Evi zərərçəkənlərə yardım fonduna 900 manat (10 000 TL) vəsait köçürüb, zəlzələ bölgəsinə 27 min manat (300 000 TL) dəyərində 1 000 ədəd adyal göndərib.
Hatay Azərbaycan Evi Osmaniyə şəhərində zəlzələdən zərər çəkmiş beş azərbaycanlı ailəyə gündəlik zəruri ehtiyaclarının qarşılanması üçün humanitar yardım göndərib.
İstanbulda fəaliyyət göstərən İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyi zərərçəkənlərə yardım fonduna 1 700 manat (1000 ABŞ dolları) vəsait köçürüb, 5 100 manat (3 000 ABŞ dolları) dəyərində isti geyim, ərzaq, gigiyena və tibbi ləvazimatlar zəlzələ bölgəsinə göndərib.
Ankarada fəaliyyət göstərən Təbriz Araşdırmaları İnstitutu, eləcə də Güney Azərbaycan və Qaşqay türkləri 1 800 manat (20 000 TL) dəyərində olan ərzaq, isti geyim, dərman və tibbi ləvazimatları zəlzələnin episentri olan Kahramanmaraş vilayətinə yollayıb.
İğdır Vəqfi isə 2 700 manat (30 000 TL) maddi vəsaiti AFAD-ın İğdır şöbəsinin bank hesabına köçürüb, 1 000 ədəd palto və 1 000 ədəd çəkmədən ibarət humanitar yardımın zəlzələ bölgəsinə göndərilməsi üçün Ankara Böyükşəhər Bələdiyyəsinə təhvil verib.
Qeyd edək ki, bu rəqəmlər 6-10 fevral tarixlərində göstərilən yardımları əhatə edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin