“Vergiyə cəlbetmə ilə bağlı bütövlükdə əmanətlərin faiz dərəcələrinin yüksəlməsi gözlənilmir. Amma ayrı-ayrı banklarda bu güzəştin tətbiq müddətinin başa çatması ilə əlaqədar əmanətlərin faiz dərəcələrini yüksəldəcəklər”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev jurnalistlərin əmanət gəlirlərinin vergiyə cəlb edilməsinin faiz dərəcələrini artırıb-artırmaması ilə bağlı sualına cavab olaraq deyib.
O bildirib ki, əmanət gəlirlərinin vergiyə cəlb edilməsi əvvəllər də mövcud idi:
“Sadəcə olaraq, yeddi il müddətinə Prezidentin müvafiq fərmanı ilə güzəşt tətbiq edilərək vergidən azad edilmişdi. Ona görə də hazırkı mərhələdə ayrı-ayrı banklar artıq güzəşt müddətinin başa çatması ilə əlaqədar olaraq faiz dərəcələrini artırmaqla və ya bəzi banklar öz reklam məhsullarını yerləşdirməklə vergi ödənilməsini öz hesablarına həyata keçirirlər.
Bütövlükdə faiz dərəcələrinin yüksəlməsi gözlənilmir. Amma ayrı-ayrı banklarda bu güzəştin tətbiq müddətinin başa çatması ilə əlaqədar əmanətlərin faiz dərəcələri yüksəldiləcək. Həmin vergi məbləği faiz dərəcəsinin aşağı-yuxarı 1% həcmində dəyişməsinə səbəb ola bilər. Orada müəyyən hissədə artım ola bilər. Yenə deyirəm, bütövlükdə deyil, ayrı-ayrı banklar tərəfindən bu artım ola bilər. Hətta bəzi banklar bununla bağlı elan paylaşıblar, düşünürəm, yaxın zamanda digər qrup banklar da bu istiqamətdə artımları elan edəcəklər”.
Xatırladaq ki, əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq üçün atılmış addımlardan biridir. Bundan başqa, 2016-cı il martın 4-dən 2021-ci il aprelin 5-nə qədər Azərbaycanda əmanətlər tam sığortalı olub.
Könül Cəfərli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin