Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndə heyətinin Baltikyanı ölkələrə səfəri çərçivəsində Riqa şəhərində Azərbaycan icmasının fəalları ilə görüş keçirilib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Komitədən verilən məlumata istinadən xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev 2018-2022-ci illər üzrə qurumun fəaliyyət istiqamətlərini əhatə edən geniş hesabatla çıxış edib. Hazırkı vacib mərhələdə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyinə, bu istiqamətdə diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsinin önəminə diqqəti cəlb edib.
Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisi Amil Səlimov 2018-2022-ci illər ərzində həyata keçirilən layihələr və görülən işlər barədə ətraflı məlumat verib.
Koordinasiya Şurasının Latviya üzrə koordinatorluğunun fəaliyyəti müsbət qiymətləndirib və yeni əlaqələndiricinin seçilməsi üçün səsvermə keçirilib. Səsvermə nəticəsində Latviyada təhsil alan gənc soydaşımız Kamran Amanzadə yekdilliklə bu vəzifəyə seçilib.
Tədbir sualların cavablandırılması ilə başa çatıb. Görüşdə Azərbaycanın Latviyadakı səfirliyinin ikinci katibi Mustafa Şabanov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Leyla Həmzəyeva və Elvin Əsgərov iştirak ediblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin