“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Ölkəmizin nəzərdə tutduğu layihələr dünyanın təhlükəsizlik sisteminin daha etibarlı şəkildə təmin olunması istiqamətində yeni imkanlar açır. Prezident İlham Əliyevin yürütdüyü enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artırıb və ölkəmizi dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.
Deputat bildirib ki, hazırda enerji böhranı ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparır:
“Ötən ilin yayında tərəflər arasında imzalanmış Anlaşma Memorandumu bu baxımdan önəmlidir. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında Rumıniya Prezidenti Klaus Yohannisin, Avropa İttifaqının enerji komissarının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksəksəviyyəli nümayəndələrinin iştirakı ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin mühüm əməkdaşlıq platformaları yaratdığını təsdiqləyir”.
Millət vəkilinin sözlərinə görə, iclasda Prezident İlham Əliyevin dərinməzmunlu çıxışı enerji siyasətinin uğurla həyata keçirildiyini göstərir:
Fatma Yıldırımın sözlərinə görə, dövlətimizin başçısının yeni enerji siyasətinin digər mühüm komponenti isə odur ki, Prezident Avropaya daha bir enerji körpüsünü də salır:
“Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpa olunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Azərbaycanın bərpa olunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 giqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 giqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 giqavat külək və 1 giqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların böyük hissəsi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 giqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır”.
Fatma Yıldırım onu da qeyd edib ki, qarşıdakı dövrlərdə də Azərbaycanın Avropa ölkələrinə elektrik enerjisi və təbii qaz ixracını artırmaq üçün böyük potensialı var:
“Prezident İlham Əliyev toplantıda çıxışı zamanı bu barədə fikirlərini açıqladı. Dövlətimizin bu yöndə uğurlu siyasəti perspektivdə mühüm nəticələrin əldə olunacağını deməyə əsas verir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və imzaladığı bütün müqavilələri yerinə yetirir. Bütün bu amillər ölkəmizin dünyada nüfuzunu daha da artırır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin