Səhiyyə Nazirliyində Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Federasiyasının sədri, professor Gürkan Uncunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qonaqlarla Nazirlikdə görüşdən məmnunluğunu bildirən Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də ölkələrimiz arasında əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb:
“Səhiyyə nazirlikləri arasında rəsmi münasibətlərin qurulması müasir Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərinə təsadüf edir.
Əməkdaşlığın hüquqi bazası 1994-cü ildə 9 fevralda nazirliklər arasında imzalanmış “Səhiyyə və tibb elmi sahəsində ikitərəfli əməkdaşlıq Protokolu” ilə formalaşıb. Əməkdaşlıq əlaqələri sonradan daha üst səviyyəyə qaldırılaraq “Səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində davam etdirilib”.
Öz çıxışında nazir vurğulayıb ki, Azərbaycanda uşaqların sağlamlığı prioritet məsələdir:
“Ölkəmizdə uşaq sağlamlığının qorunması sahəsində ardıcıl və davamlı tədbirlər görülür. 2006-cı ildən başlayaraq indiyədək ana və uşaqlarının sağlamlığı səhiyyənin prioritet məsələlərindən birinə çevrilib. Həmin vaxtdan indiyədək bir-birinin ardınca bu sahədə bir neçə dövlət proqramı və qanunvericilik aktları qəbul edilib”.
Azərbaycan səhiyyə naziri, həmçinin ötən ilin oktyabr ayında İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresini xatırladıb:
“Konqres çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirləri ilə bəzi mühüm məsələləri müzakirə etdik. Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndə heyəti bir neçə mühüm təkliflər irəli sürüb. Bunlardan biri də “TDT ölkələrinin Vahid tibb təhsili standartlarının yaradılması” və bu təkliflər Təşkilata üzv ölkələrin səhiyyə nazirləri tərəfindən müsbət qiymətləndirilib”.
Çıxışının sonunda Teymur Musayev Səhiyyə Nazirliyinin Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Federasiyası ilə əməkdaşlığının yeni müstəviyə qaldırılmasında maraqlı olduğunu qeyd edib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən professor Gürkan Uncu Bakıda təşkil olunan “Azərbaycan-Türkiyə Qadın Sağlamlığı Dərnəkləri Konqresi”nin gələcək əməkdaşlığa böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda tərəflər əməkdaşlığı inkişaf etdirmək barədə müzakirələr aparıblar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin