2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Günü münasibəti ilə Şirvan Milli Parkına fototur təşkil edilib.
ANmedia.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı baş tutan turda ölkədəki müxtəlif KİV-nin fotoqrafları, Azərbaycan Fotoqrafları Birliyinin İdarə Heyəti və üzvləri iştirak ediblər.
Bələdçi Hikmət Qənbərov tur iştirakçılarına məlumat verərək bildirib ki, Şirvan Milli Parkı paytaxtın Qaradağ rayonunun, eləcə də Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında yerləşir. Milli Parkda Su-bataqlıq ərazisi də var ki, buna misal olaraq 4 min hektar sahəsi olan Qızılqaz gölünü göstərmək olar. Hazırda burada şimal ölkələrindən qışlamağa gəlmiş qu quşları, qızıl qaz, digər müxtəlif növ qazlar və ördəklər var. Onların əksəriyyəti bala vermir və yazda şimal zonasına qayıdır. Bir qisminin isə bala verdiyi ehtimal edilir.
Yazda isə cənub ölkələrindən qaranquş və 50-60 növ digər quşlar gəlir. Bunların arasında bülbül, arıyeyən, ququ, şanapipik də var. Onlar isə burada qidalanmaqla yanaşı, bala da çıxarırlar. Ümumilikdə isə Şirvan Milli Parkına il ərzində 230 növ quş miqrasiya edir.
Sonra fotoqraflar Milli Parkın ərazisini gəzərək quşları və digər canlıları seyr ediblər, onların fotolarını fotoaparatların yaddaşlarına köçürüblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin