“Azərbaycanda təxminən 450 minə yaxın sənədsiz ev var. Bunların 400 mini Bakıda və Abşeron yarımadasında yerləşir”.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov “Xəzər” TV-də yayımlanan “Xəbər Ertəsi” proqramında bildirib.
Onun sözlərinə görə, sənədsiz evlərin hamısının rəsmi qeydiyyata alınması mümkün deyil:
“Çünki burada təhlükəsizlik məsələləri var. Yüksək gərginlikli elektrik xətlərinin, yüksək təzyiqli qaz xətlərinin, dəmir yollarının, Xəzər dənizinin, Kür çayının mühafizə zolaqlarında, eləcə də sürüşmə ərazilərində özbaşına evlər tikilib. Həm insan sağlamlığı, həm də bütövlükdə təhlükəsizlik baxımından həmin evlərin sənədləşdirilməsi arzuolunan deyil. Həmçinin heç bir infrastrukturu olmayan və təhlükəli ərazilərdə yerləşən evlərə sənəd verilməsinin vətəndaşlar üçün də faydası olmaz”.
E.Məmmədov hesab edir ki, vəziyyətdən çıxış yolu təhlükəli zonalarda yerləşən evlərin tamamilə ləğv edilməsidir:
“Amma həmin evlərin yerləşdiyi ərazilərin problemi olmayan hissələrinə müəyyən tənzimləmələrlə güzəştlərin tətbiqi nəzərdə tutulur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin