Yanvarın 11-də Milli Məclisin (MM) sədri Sahibə Qafarova Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Fayez bin Abdullah Əl-Şehrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.
Qonaqları salamlayan Milli Məclisin sədri ölkəmizin Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini qeyd edib. Bu gün ölkələrimiz arasındakı əlaqələr yüksək səviyyədədir, bu əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Sözsüz ki, ikitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu var.
Parlamentin sədri vurğulayıb ki, iki ölkə arasında münasibətlərin inkişafı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri ilə başlayıb və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyini vurğulayan spiker Səudiyyə Ərəbistanının beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi və tutduğu ədalətli mövqeyini yüksək qiymətləndirib. Bildirilib ki, Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanla diplomatik əlaqələr qurmayıb və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstək və qardaşlığın əlamətidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin