Türkiyənin Eskişehir şəhərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarına etiraz əlaməti olaraq aksiya keçirilib.
𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Eskişehir Azərbaycanlılar Dərnəyinin gənclər qolunun təşkilatçılığı ilə Ulus Anıtı meydanında baş tutan etiraz aksiyasında Azərbaycan və Türkiyənin dövlət bayraqları dalğalandırılıb, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Qarabağdakı ekoloji terrora son qoyulsun!”, “Bir millət, iki dövlət” şüarları nümayiş etdirilib.
Sonra Eskişehir Azərbaycanlılar Dərnəyinin gənclər qolunun sədri Zahir Hacızadə aksiya iştirakçılarının bəyanatını oxuyub.
Bəyanatda bildirilib ki, soydaşlarımız Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin və könüllülərin keçirdiyi etiraz aksiyasını dəstəkləyirlər. Ermənistanın Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq taladığı, ətraf mühiti çirkləndirdiyi, ekosid törətdiyi bir vaxtda Rusiya sülhməramlılarının Azərbaycanın dövlət qurumlarının nümayəndələrindən ibarət monitorinq qrupunun bu bölgəyə daxil olmasına və müşahidə aparmasına imkan verməməsi qəbuledilməz davranış kimi qiymətləndirilib.
Nəzərə çatdırılıb ki, Laçın yolunu azərbaycanlı etirazçılar deyil, Rusiya Federasiyasının sülhməramlıları bağlayıblar. Azərbaycanlı etirazçıların humanitar yardım və təcili yardım maşınlarının yolu keçməsi üçün hər cür şərait yaratdıqlarına diqqət cəlb edilib.
Bəyanat müəllifləri Azərbaycanın qanunlarına və suverenliyinə hörmət edilməsini, Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin ekoloji monitorinq məqsədilə ölkəmizin ərazisində fəaliyyət göstərməsinə heç bir maneə yaradılmamasını, Ermənistanın və erməni separatçılarının ekoloji terroruna son qoyulmasını, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidəki qanunsuz erməni silahlı birləşmələrinin dərhal çıxarılılmasını tələb ediblər.
“Bu torpaqlar bizim torpaqlarımızdır, buranın hər daşı bizim üçün qiymətlidir. İllərdir ermənilər bu torpaqlarda ekoloji tarazlığı pozub, meşələr yandırılıb, çayların məcrası dəyişdirilib, milli sərvətlərimiz talan edilib. Hər zaman ekoloji problemləri gündəmə gətirən böyük təşkilatlar, dövlətlər nədənsə Qarabağdakı ekosid əleyhinə heç vaxt çıxış etməyiblər. İndi buna son qoymağın vaxtıdır. Biz Qarabağda qeyri-qanuni mədən hasilatına və ekoloji terrora son qoymağa çağırırıq”, - sənəddə vurğulanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin