Ölkənin aparıcı gənclər təşkilatlarının rəhbər və nümayəndələri Zəngilan rayonunun Ağalı “ağıllı” kəndinə səfər ediblər.
Dekabrın 14-də baş tutan səfərdə nümayəndə heyəti Ağalı kənd orta məktəbi və bağçanı, Ağalı kənd Ailə-Sağlamlıq Mərkəzini, “Gill Med” tekstil müəssisəsini, Ağalı Xidmətlər Mərkəzini və Arximed nəzəriyyəsi ilə elektrik enerjisi istehsal edən Süni gölü ziyarət edib.
Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə baş tutan səfərdə 40-dan çox gənclər təşkilatının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, səfərin əsas məqsədi vətənpərvərlik hisslərinin gənclərə aşılanması, “Böyük Qayıdış” prosesində gənclər təşkilatlarının ideoloji cəhətdən gənclərlə birlikdə fəaliyyət aparması, həmçinin işğaldan azad olunmuş ərazilərimizə gənclər təşkilatlarının rəhbərlərinin səfər etməsi ilə həmin ərazilərdə yaşayan gənclərimizin dövlətin onlar üçün yaratdığı fürsət və imkanlar barədə məlumatlandırılması və orada mümkün layihələrin keçirilməsi imkanlarının müzakirəsindən ibarət olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin