Xəbər verildiyi kimi, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə Gürcüstana səfər edib. Bu ilin martında iki ölkənin Ədliyyə nazirlikləri arasında imzalanmış və müasir çağırışlara uyğun qarşılıqlı fəaliyyəti nəzərdə tutan yeni Əməkdaşlıq Memorandumunun implementasiyası çərçivəsində Batumi şəhərində Gürcüstan-Azərbaycan Birinci Hüquq Forumu təşkil olunub.
Ədliyyə Nazirliyindən 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇-a verilən məlumata görə, ölkəmiz 34 dövlətlə ədliyyə sahəsində ikitərəfli sənədlər imzalayaraq hüquqi əməkdaşlıq həyata keçirir. Hazırkı Forum hüquqi sahədə yaxşı təcrübələrdən qarşılıqlı bəhrələnilməsinə imkan verən yeni, daha səmərəli format olub.
İngilis dilində keçən forumda ədliyyə, prokurorluq orqanlarının nümayəndələri, hakimlər, vəkillər və digər hüquqşünaslar iştirak ediblər. Eyni zamanda, daha geniş auditoriyanı əhatə etmək üçün ölkəmiz tərəfindən digər iştirakçılar hibrid formatda tədbirə onlayn qoşulublar.
Forumun açılışında ədliyyə nazirləri Rati Breqadze və Fikrət Məmmədov, Acarıstan Muxtar Respublikası hökumətinin başçısı Tornike Rijvadze çıxış ediblər Bildirilib ki, Azərbaycan-Gürcüstan əlaqələri uğurla inkişaf edir və bu münasibətlərin möhkəmlənməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin xüsusi rolu vardır. Natiqlər hüquqi əlaqələrin dərinləşdirilməsi və iki ölkənin Ədliyyə nazirlikləri arasında müxtəlif istiqamətlər üzrə müsbət təcrübə mübadiləsinin aparılması baxımından forumun mühüm əhəmiyyətini vurğulayıb, açılışdan sonra mediaya müsahibə veriblər.
Tədbirdə vətəndaş məmnunluğuna maksimum nail olmaq üçün göstərilən hüquqi xidmətlərin rəqəmsallaşdırılması, insanların rahatlığı üçün ədliyyə xidmətlərinin məsafədən, elektron və mobil tətbiqlər vasitəsilə göstərilməsi, insan hüquqlarının daha etibarlı qorunmasına yönələn penitensiar və probasiya xidmətlərinin, məhkəmə sisteminin təkmilləşdirilməsi, vəkillik və mediasiya institutunun fəaliyyəti, beynəlxalq hüquqi əməkdaşlıqda yeni tendensiyalarla bağlı təqdimatlarla çıxışlar edilərək yeniliklər və müsbət təcrübələrlə bölüşülüb.
Qeyd olunan əhəmiyyətli mövzulara həsr olunan panel sessiyalarla keçirilən tədbirdə iştirakçılar, o cümlədən videoformatda qoşulmuş ədliyyə işçiləri tərəfindən fəallıq göstərilərək faydalı diskussiyalar aparılıb, interaktiv dialoq çərçivəsində onların sualları ətraflı məlumatlarla və şərhlərlə cavablandırılıb. Ölkəmizin ədliyyə və məhkəmə sahəsindəki yenilikləri, o cümlədən tətbiq olunan innovasiyalar böyük maraqla qarşılanıb.
Hüquq Forumunun bu cür uğurlu və maraqlı keçməsi və tərəflər üçün faydası nəzərə alınaraq belə bir tədbirin iştirakçıların dairəsinin daha da genişləndirilərək ənənəvi davam etdirilməsini və ədliyyə orqanları arasında əməkdaşlığın geniş təşviqini nəzərdə tutan birgə bəyannamə qəbul olunub.
Səfər çərçivəsində Azərbaycan ədliyyə nazirinin Acarıstan MR hökumətinin başçısı T.Rijvadze ilə görüşü olub. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib, Batumidə keçirilən mühüm forumun ikitərəfli münasibətlərə əlavə töhfə verəcəyi bildirilib, turizm, birgə infrastruktur layihələrin təşviqi sahəsində yaxşı əlaqələrin olduğu vurğulanıb.
Eyni zamanda, Batumi şəhərində yerləşən Konstitusiya Məhkəməsinə səfər edilərək fəaliyyəti və hakimlər üçün yaradılmış iş şəraiti ilə tanış olunub, rəhbərliyi ilə görüşülərək məhkəmə qurumlarımız arasında əməkdaşlığa, bu sahədə aparılan islahatlara dair müzakirələr aparılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti əhaliyə çoxsaylı müxtəlif xidmətlər göstərən Batumi Ədliyyə Evinin fəaliyyəti, yeni texnoloji innovasiyaların tətbiqi, Səyyar Ədliyyə Evinin konsepsiyası, habelə Rustavi şəhərində cəzaçəkmə müəssisəsinə baş çəkilərək, məhkumların saxlanma şəraiti, islahına xidmət edən əməyə cəlb olunması işi ilə tanış olub.
Tədbirlərdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iştirak edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin