Cümə günü Rusiya Federasiyasının Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan baş naziri Nikol Paşinyanı Rusiyaya dəvət edib.
O xatırladıb ki, onlarla üçtərəfli formatda dəfələrlə görüşüb və onlar bundan əvvəl yeni danışıqların məqsədəuyğunluğunu müzakirə ediblər.
“Mən məmnuniyyətlə Azərbaycan Prezidentini və Ermənistanın baş nazirini dəvət edirəm, vaxtı təyin etməli və Rusiyada istənilən yerdə, istənilən vaxtda Soçidə, Sankt-Peterburqda, Moskvada görüşməliyik”, - deyə Putin bildirib.
O, vurğulayıb ki, “Rusiya Federasiyası hər zaman istənilən münaqişənin, o cümlədən Qarabağ və onun ətrafında olan məsələlərin həllinə səmimiyyətlə çalışıb”.
Putin əlavə edib ki, vəziyyətin təfərrüatlarına varmaq istəmir: “Mənə elə gəlir ki, həmkarlar artıq bu məsələ ilə bağlı kifayət qədər çox şey deyiblər, bunu daha dar çərçivədə müzakirə edək”.
“Ümid edirəm ki, bu sahədə yaranan problemli məsələlərin həllində indiyə qədər bacardığımız kimi, irəli gedəcəyik”, - deyə o, vurğulayıb.
Mənbə: TASS
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin