Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən respublika ərazisində toxum satışı ilə məşğul olan 100 müəssisədə keçirilən monitorinqlər zamanı bibər və pomidor toxumlarından 73 nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında virusoloji analizə cəlb edilib.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 BAKU.WS-ə istinadən xəbər verir.
Bildirilir ki, sınaqların nəticələrinə əsasən 17 müəssisədən götürülmüş toxum nümunələrində virus və bakteriya mənşəli bitki xəstəlikləri (pomidor meyvələrinin qonur qırışıqlıq virusu, pomidorun bürünclülük virusu, kartof yumrularının həlqəvi çürüklülük bakteriyası, pomidor yarpaqlarının sarı qıvrılma virusu) aşkar edilib.
Onlardan 5 pomidor nümunəsi və 3 bibər nümunəsi xarici şirkətlərin istehsalı olan məhsullardan götürülmüş nümunələr olub.
Araşdırma zamanı məlum olub ki, qeyd edilən toxumlar ölkə ərazisinə AQTA-nın icazə sənədləri əsasında rəsmi qaydada daxil olmayıb.
Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və həmin məhsulların məhv olunması istiqamətində zəruri işlər həyata keçirilir.
Qeyd edək ki, insan sağlamlığına təsir etməyən, lakin fitosanitar riski yüksək qiymətləndirilən və bitkiçilik məhsullarının əmtəəlik keyfiyyətini aşağı salmasına görə təhlükəli sayılan bu viruslar məhsulun iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
AQTA bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ölkəyə gətirdikləri toxumların bitki mənşəli viruslardan və zərərvericilərdən azad olunmasına ciddi nəzarət etmələrini tövsiyə edir.
Həmçinin bu cür halların qarşısının alınması üçün əl yüklərində toxumların gətirilməməsinə diqqət yetirilməsini, eləcə də, ölkə ərazisinə rəsmi qaydada idxal olunmuş, laborator analizlərdən keçmiş toxumların istifadəsini tələb edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin