Sentyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 BAKU.WS-ə istinadən xəbər verir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar barədə məlumat verib.
Görüşdə Türkiyə ilə hərbi müttəfiqlik çərçivəsində digər sahələrdə olduğu kimi, hərbi-təhsil sahəsində də birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanaraq bu istiqamətdə Türkiyə Milli Müdafiə Universiteti ilə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Professor E.Afyoncu isə öz növbəsində genişmiqyaslı təxribat nəticəsində şəhid olanlarla bağlı başsağlığı verdikdən sonra hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına müsbət təsirini qeyd edib və bu sahə üzrə görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sonra E.Afyoncu min illik tarixi keçmişə malik olan və fərqli coğrafi ərazilərə yayılan türk tarixindən bəhs edən "Türklerin tarihi" adlı kitabını general-polkovnik Z.Həsənova təqdim edib.
Görüşdə hərbi-təhsil və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin