Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Həmdəm Ağayev, Atəm Əliyev və Adil İbrahimlinin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Bu barədə 𝗔𝗡𝗺𝗲𝗱𝗶𝗮.𝗮𝘇 Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir.
Bildirilir ki, nazirliyin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlərdə Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Mərasim iştirakçılarına şəhidlərimizin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim edilib.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin